“Araf” ifadəsi Qurani-Kərim mənşəli ifadədir və bəzən günlük həyatda, siyasi diskussiya və debatlarda, yazı və çıxışlarda da səslənir. “Araf” cənnətlə cəhənnəmin arasında bir yerdir. Yəni nə cənnətdir, nə cəhənnəm.
Bu baxımdan, “filankəs Arafda qalıb” təşbehi bəzən siyasi müstəvilərdə, bəzən hüquqi və cəza müstəvilərində də işlədilir.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun durumu məhz bu ifadə ilə təsvir oluna bilər. Sabiq nazir illərdir nə həbs olunur, nə də nəzarətdən buraxılır. Onun hüquqi statusu da bəlli deyil. Bir sözlə, Mahmudov Arafdadır - cənnət və cəhənnəmin tən ortasında!
Onu günün birində həbs etsələr, bu vəziyyət dəyişir və Mahmudovun cəhənnəm günləri ondan sonra başlayacaq. Ya da ona birbaşa bağlı olan cinayət işləri tamamilə bitir, özü də, yaxın ətrafı da bəraət alır; yaxud da hər hansı yolla üzərlərindəki yuridik təqib dayanır...
Bax, bu zaman Mahmudov və onun dəstəsini əsl cənnət gözləyir. Pulları var, tam azadlıqları da olsa, pandemiyadan sonra açılan dünya turizminə qoşulub, “cənnətə” bilet ala biləcəklər.
Eldar Mahmudovu bunlardan hansı gözləyir? Onun Araf günləri sayılıdırmı, bitirmi? Yoxsa bu proses sonsuza qədər davam edəcək? “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovla bağlı vəziyyətin yaxın vaxtlarda dəyişəcəyini gözləmir: “Eldar Mahmudovu 2015-ci ilin oktyabrında vəzifədən çıxaranda həbs etsəydilər, bu gün o, azadlıqda idi. Belədə onun 10 illik nazirliyi dövründə yığıb topladığı milyardları çətin ki, geri qaytarmaq mümkün olardı. Həbsə alsaydılar, deyəcəkdi ki, ”içəri"də istədiyim kimi “yatıb” çıxacağam. Yəni 15-20 milyon xərcləyib yüngülvari “srok” oturub çıxacaqdı. Həbsdən çıxandan sonra ona kimsə deyə bilməzdi ki, filan məsələ belədir və ya elədir. Rahat şəkildə ölkədən çıxıb gedəcəkdi və milyardlarını xərcləyəcəkdi. İndi isə qeyri-müəyyənlikdədir. Ən yaxın ətrafında daxil olan, birbaşa pulqoparma əməliyyatlarını həyata keçirən kadrı Mövlam Şıxəliyevin və onun əlinin altında olan 3 şöbə rəisi - müstəntiqin cinayət işi gedir. Bakı Hərbi Məhkəməsində keçirilən prosesi izləyənlər görürlər ki, MTN-in İstintaq Baş İdarəsində hansı cinayətlər baş verib. Adamları dəlil-sübutsuz MTN-ə aparıb aylarla saxlayıblar, milyonlarla pullarını, əmlaklarını əllərindən alıblar. Mövlam Şıxəliyev, onun əlinin altında olan şöbə rəisləri bu cinayətləri özbaşına, Eldar Mahmudovun razılığı olmadan edə bilərdilər? Söhbət ondan gedir ki, Eldar Mahmudov MTN-də elə bir mexanizm qurmuşdu ki, onun razılığı olmadan kimsə hər hansı bir addım ata bilməzdi.
Tutub MTN-ə aparılan adamların yaxınlarından külli miqdarda pulları belə kameralar qarşısında alıblar. Məhkəmə zamanı bütün zərərçəkənlər, onların yaxınları ifadə verib deyirlər ki, tələb olunan pulu MTN yaxınlığındakı poliklinikanın yanında təqsirləndirilənə, onun göndərdiyi adama verdik. Həmin adam da, təqsirləndirilən də bir qayda olaraq MTN binasına gedib. MTN-in dörd bir yanı kameradır, hansılara ki, Eldar Mahmudovun da baxmaq imkanı olub. Bundan başqa, binanın həyətində də, içində də hər tərəf gizli-aşkar kameradır. Yəni çanta ilə pulu alan MTN binasına gedirsə, deməli, bundan Eldar Mahmudovun xəbəri olub. Bunu gizlətmək mümkün deyil. Və ya bu gün zərərçəkən statusunda olanlar açıq-aşkar məhkəmədə deyirlər ki, onların qanunsuz həbsindən sonra yaxınlarından külli miqdarda pul alınıb və saxta ekspert rəyləri əsasında, xəstəlik adı ilə azad olunublar. Eldar Mahmudov MTN-in İstintaq Baş İdarəsində illərlə davam edən cinayətlərdən məlumatsız ola bilməz. Ən azı Mövlam Şıxəliyevi çağırıb deməli idi ki, necə olur ki, həbsə aldırdıqların hamısı xəstəlik tapır? Mümkün deyil ki, Eldar Mahmudovun MTN-də 10 il ərzində baş verənlərdən xəbəri olmasın. Orada baş verən cinayətlərə görə 1 nömrəli cavabdeh məhz Eldar Mahmudovdur. Ehtimal etmirəm ki, onun həbsə alınmaması barəsində kifayət qədər ifadə, fakt və sübutların olmaması ilə əlaqədardır. Sırf siyasi iradə ortaya qoyulmalıdır ki, Eldar Mahmudovun taleyi ilə bağlı birmənalı şəkildə qərar verilsin. Belə bir iradə olmayınca, Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik davam edəcək".
Hüquqşünas deyib ki, Eldar Mahmudovun həbsi üçün kifayət qədər əsaslar mövcuddur: “2017-ci ilin noyabrında Eldar Mahmudovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb 2 dəfə dindirdilər. Xəbər yayıldı ki, onu Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə dindiriblər. Bundan əvvəl Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu, faktiki köməkçisi, ”qara kassası" olmuş, de-yure isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudov eyni iş üzrə istintaqa çağırılıb və təqsirləndirilən şəxs qismində cəlb etmişdi. Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunmuşdu. Eldar Mahmudovu 5 saat dindirəndən sonra azad etdilər. Sonradan bir də istintaqa çağırıb dindirdilər, yola saldılar. Yəni o zaman həbs qərarı üçün gərəkən göstəriş olmadı".
Xatırladaq ki, 2017-ci ilin iyulunda Bakı Hərbi Məhkəməsində hazırda da təqsirləndirilən şəxs statusunda olan Vüsal Ələkbərovun cinayət işi üzrə hökm çıxararkən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş, bu gün Bakı Hərbi Məhkəməsində mühakimə olunan general Mövlam Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarmışdı.
Hakim Siyavuş Hacıyevin çıxardığı həmin qərar o zaman icra olunması üçün Baş Prokurorluğa göndərilib. Belə görünür ki, qərarın Mövlam Şıxəliyevlə bağlı hissəsi icra edilməsinə “yuxarı”dan razılıq verilib. Mahmudovla bağlı isə belə razılıq olmayıb. Bu o deməkdir ki, Eldar Mahmudovla bağlı belə qərar olmayacaq? Bu sual isə hələlik açıqdır. Mümkündür ki, Mövlam Şıxəliyev və digərlərinin işi üzrə hökm çıxarılarkən bu məsələ yenidən gündəmə gələ bilər. Mahmudovun Araf günləri o zaman bitər.
“Yeni Müsavat”