Axtarış...

Vilayətin TƏHSİL MUXTARİYYƏTİ... - İSTƏDİYİNİ EDİR...

"Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Gənc nazir Tenxiki Universitetə GÖZ ATACAQMI?.. - Belə davam edərsə...

DİA.AZ müraciətin davamını təqdim edir: "Bir məsələni də xüsusi qeyd etmək pis olmazdı. Vilayət Vəliyev 2019-cu ildə AzTU-ya təzə rektor təyin ediləndə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdan və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdan məsləhətlər alırdı. Vilayət Vəliyevin hər kiçik bir şeydən şou düzəltmək, dərhal bunun haqqında məlumatı universitet saytında yerləşdirmək, piar yaratmaq adəti Ədalət Muradovdan gəlmədir. İqtisad Universitetinin internet saytı da bu cür işləyir. Vilayət Vəliyev Ədalət Muradovun bir neçə “çox qiymətli iqtisadçı kadrını” da AzTU-da işə qəbul edib. Vilayət Vəliyev Ədalət Muradovun məsləhəti ilə Texniki Universiteti texniki ali təhsil müəssisəsi kimi məhv edərək, onu ikinci iqtisad universitetinə çevirir. Üç il əvvəl AzTU-da “Mühəndis biznesi və menecment” fakültəsi var idi. Heç bu da Texniki Universitetin profilinə bir o qədər uyğun deyildi, ancaq bununla az-çox razılaşmaq olardı. V.Vəliyev isə həmin fakültəni dəyişdirərək, “İqtisadiyyat və idarəetmə” fakültəsinə çevirib ki, bu da AzTU-nun profilinə tamamilə yad bir fakültədir, burada öz yaxın qohumlarını, yerlilərini toplayıb (başda yaxın qohumu, dekan Fərqanə Musayeva olmaqla). İndi isə V.Vəliyev bu üç ildə elə ustalaşıb ki, artıq o, Ədalət Muradovdan öyrənmir, Ədalət Muradov Vilayət Vəliyevdən öyrənir. Bəli. 14 iyun 2022-ci il tarixdə DIA.AZ saytında ““İqtisad Universitetində müəmmalı “islahat” - Kafedralar ləğv edilir, professorlar “ofsayd”a salınır” adlı məqalə dərc edildi. Burada biz Vilayət Vəliyevin bizə yaxşı tanış olan dəst-xəttini gördük. Gördük ki, Vilayət Vəliyevin AzTU-da həyata keçirdiyi, bizim yuxarıda söylədiyimiz kafedraların birləşdirilərək, hər fakültədə cəmi 2, 3 kafedra saxlanılması və professorların məsləhətçi-professor vəzifəsinə keçirilərək, tədrisdən və universitetdən kənarlaşdırılması əməliyyatını indi Ədalət Vəliyev həyata keçirir. Ancaq, ədalət naminə deməliyik ki, bu işdə birincilik “bizim rektorumuza” – Vilayət Vəliyevə məxsusdur və Ədalət Muradov isə bu işi ondan öyrənib.
Vilayət Vəliyev müəllimlərə qarşı mənəvi və psixoloji təzyiq tətbiq etməyi, onları daim gərginlik altında saxlamağı, gözüqorxaq etməyi isə Mustafa Babanlının məsləhətlərindən mənimsəyib. Bundan başqa, Mustafa Babanlı AzTU-da işlədiyi müddətdə universitet heyətini tanıdığından, kiminlə nə dərəcədə sərt rəftar etmək haqqında da V.Vəliyevə məsləhətlər verib, tanıdığı adamlar haqqında dosye verib. Bu da, əlbəttə ki, M.Babanlının şəxsi münasibətinin kimə necə olmasında asılıdır. M.Babanlının isə işlədiyi Metallurgiya fakültəsində və kafedrada çox adamlarla şəxsi münasibəti pis idi. Məsələn, belə bir fakt gətirək. M.Babanlı AzTU-da kafedra müdiri seçilərkən kafedra iclasında keçmiş kafedra müdiri Rəhim Şükürov deyib ki, M.Babanlı tələbələrdən pul yığıb, M.Babanlı isə bunu etiraf edərək, deyib ki, o, bunu Rəhim Şükürovun tapşırığı ilə edib və pulu ona verib. Bu mübahisə kafedra iclasında, hamının qarşısında baş verib. Bundan əlavə, indi AzTU-da Elm və İnnovasiyalar üzrə prorektor olan Sübhan Namazovla M.Babanlı arasında rəqabət və intriqa zəminində şəxsi düşmənçilik mövcuddur. Bu faktlar Metallurgiya fakültəsinin əməkdaşlarına yaxşı məlumdur. İndi Mustafa Babanlı həmin şəxsi münasibətlərini bütün Texniki Universitetə qarşı çevirib və universitetə düşmən kəsilib. Bir vaxtlar Mustafa Babanlı AzTU-da Beynəlxalq əlaqələr üzrə prorektor olanda, o vaxtkı rektor Havar Məmmədovun qarşısında o yan bu yana qaçır, ona təzim edir, gördüyü işlər haqqında əsgər kimi farağat dayanaraq, məruzə edir və əsgər kimi geriyə dönərək, sıra addımı ilə uzaqlaşardı. O, AzTU-da prorektor olmasaydı, yəqin ki, onu ADNSU-ya rektor da təyin etməzdilər. Amma, indi o da AzTU-dan bacardığı kimi intiqam alır. Üç il əvvəl ali təhsil sistemində yeni ixtisasların nomenklaturası hazırlanarkən, Mustafa Babanlı Təhsil Nazirliyi tərəfindən bu məsələni həll etməli olan nazirlik komissiyasının sədri təyin edilmişdi. Bu zaman o, başqa universitetlərin nümayəndələrinin fikirlərinə məhəl qoymayaraq, bu məsələni təkbaşına, öz metallurq düşüncəsi ilə həll etdi və AzTU-da mütəxəssis hazırlığı aparılan 30-a yaxın texniki ixtisası bir-biri ilə birləşdirdi və ləğv etdirdi. Budur onun da AzTU-ya vurduğu zərbə. BƏDBƏXT AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ, həm daxildən, həm də xaricdən görün necə zərbələrə məruz qalır! Mustafa Babanlı AzTU-nun acığına Azərbaycanın texniki ixtisaslar nomenklaturasını eybəcər və yarımçıq şəklə saldı, bundan isə daha çox AzTU deyil, Azərbaycan zərər çəkəcək. Yəni Azərbaycanın ali təhsilində hazırlanan texniki ixtisasların nomenklaturası Mustafa Babanlının şəxsi intriqaları zəminində həll olunur. Ümumiyyətlə, bizdə bir nəfəri hər hansı komissiyanın sədri təyin edəndə, sədr elə hesab edir ki, bütün qərarları o təkbaşına qəbul etməlidir, komissiya üzləri isə onun verdiyi qərara səs verməklə təsdiq etmək üçündürlər. Bu da bizə Sovet dövründən qalma, bolşevik praktikasıdır".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz