Axtarış...

“Onun sayəsində hərbçiyə qız verməyəcəklər” - Sahil Babayevlə SAVAŞ DAVAM EDİR

“Onun sayəsində hərbçiyə qız verməyəcəklər” - Sahil Babayevlə SAVAŞ DAVAM EDİR


Azərbaycanda hərbi qulluqçulara yaşa görə əmək pensiyası təyin edilməsi qaydasına dəyişiklik edilib.

"Əmək pensiyaları haqqında" Qanunda qeyd edilib ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunacaq. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:

- hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;
- hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;
- ali zabit heyətinə aid şəxslər.

Nəzərə alsaq ki, son zamanlar hərbçilərin pensiyası ilə bağlı mübahisələr yaranıb, bu dəyişiklik vəziyyəti necə dəyişəcək? Dia.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bununla bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda və istefada olan hərbi qulluqçulara “bayram hədiyyəsi” verib:

“Xoş olmayan ovqat yaranmaması üçün bayram öncəsi etmədilər. Bunu hərbi qulluqçalar üçün diqqət və qayğı kimi qələmə vermək də əsla düzgün deyil. Çünki bu qayda onsuz da var idi. Sadəcə olaraq, köhnə qaydanı ləğv etmişdilər, amma yenilik özünü doğrultmadığı üçün yenidən bir neçə ildən sonra onu geri qaytardılar. İndi guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbçilərə yaxşılıq edib? Məsələn, mən Azərbaycan Respublikasının dövlət qurumundan təxris olunaraq, bir başqa qurumda xidməti davam etdirirəm. Amma Dövlət Sosial Müdafiə Fondu mənim pensiyamda hər hansısa bir dəyişiklik etmirdi. Bu isə çox böyük bir ədalətsizlik idi. Çünki kifayət qədər pul yığılmasına rəğmən, onu ala bilmirdik. Yəni sərəncama əsasən, uzun müddətdən sonra bir qurumdan çıxıb, digər quruma gedirəmsə, qazandığım pul maaş və pensiyamın bir qədər güclənməsinə təsir göstərəcək. Əslində dünyanın bütün ölkələrində bu qayda var. Sadəcə bizdə sol qulağı sağ əllə qaşımağa bənzər bir vəziyyət yaranıb. Ümumiyyətlə, dəyişikliyin hərbi qulluqçuların vəziyyətini yaxşılaşdıracağı ilə bağlı fikirlərlə razı deyiləm. Biz Milli Məclisə, Ombdusmana, Baş nazirə müraciət etmişdik. Belə çıxır ki, yüz minlərlə insanın müraciəti sadəcə olaraq, boş söz oldu. Hətta Sahil Babayev deyir ki, bizim üçün prioritet veteranların işlə təmin olunmasıdır. Başa düşmürəm, bu, axı nə yanaşmadır?”

Polkovnik yaranmış vəziyyətdən çox təəssüfləndiyini deyib:

“Çünki bir neçə ildən sonra hərbi xidmətə meyilli olan heç kimi tapmayacaqlar. Bu, bilirsiniz nəyə bənzəyir? Bu gün niyə rus əsgərləri Ermənistanın sərhədini qoruyur və Ermənistanın bir çox məsələsini həll edir? Ona görə ki, orada hərbi sahəyə maraq göstərən yerli kadrlar yoxdur. Bir neçə ildən sonra biz də bunun əziyyətini çəkəcəyik. Belə getsə, heç kim hərbi qulluqçuya qız verməyəcək, heç bir qadın hərbi qulluqçu ilə ailə qurmayacaq. Mən də hazırda baş verənləri sakitcə seyr edirəm”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz