Göyçay rayonunda müxtəlif vəzifələr tutan Şirinov qardaşlarının rüşvət və korrupsiya əməlləri, ətraflarında dəstə saxlayaraq müxtəlif qanunazidd əməllər törətməsi ilə bağlı şikayətlər var.
Şikayətlərdən məlum olur ki, qardaşlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət vəsaitini korrupsiya yolu ilə mənimsəməklə bərabər, ətraflarında cəmləşdirdikləri idmançılar və digər şəxslər vasitəsilə rayonda istədiklərinə nail olmağa çalışırlar.
İndi isə Şirinov qardaşları ilə yaxından tanış olaq. Onlar kimdir və özlərini Göyçay rayonunda külli-ixtiyar sahibləri kimi aparmağa çalışan Şirinovların əsl vəzifələri və səlahiyyətləri nədir?
Qardaşlardan ikisi rayonda dövlətin idman və gənclər siyasətinə cavabdehdir.
Elşən Telman oğlu Şirinov Göyçay rayon Gənclər və İdman idarəsinin rəisidir. Onun köməkliyi ilə irəli çəkilən Namət Şirinov isə Göyçay rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsinə təyin olunub. N.Şirinov Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, idman ustası, əməkdar məşqçidir.
Qardaşların yaxın qohumu Şirinov Rəşid isə Göyçay rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisidir.
Göyçay rayonunda gənclər və idman sahəsindən məsul olan qardaşların vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyini isə əlahəzrət faktlar da təsdiqləyir. Belə ki, rayonun idman sahəsində çoxlu nöqsanların olması hələ bir neçə ay bundan öncə üzə çıxmışdı. Gənclər və idman naziri Fərid Qayıbov yerlərdəki vəziyyətlə tanış olmaq üçün Göyçay rayonuna səfər edərkən tikilməkdə olan, eləcə də mövcud idman və gənclər infrastrukturunun fəaliyyəti ilə maraqlanıb. Qayıbovun qarşılaşdığı mənzərə isə ürəkaçan olmayıb. Səfər zamanı nazirin iştirakı ilə sözügedən sahədə, müvafiq idman qurğularında monitorinqlər aparılıb. Monitorinq zamanı rəsmi sənədlərdə qeyd edilənlərlə faktiki vəziyyət arasında uyğunsuzluq aşkarlanıb. İdman müəssisələrinə aid avadanlıqların, ləvazimatların yerində olmadığı, satıldığı müəyyən edilib.
Bu qanunsuzluqlara görə rayon rəhbərliyi cəzalandırılsa da, Şirinov qardaşları bundan da düzgün nəticə çıxartmayıblar. Hələ də korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi, öz çirkin məqsədləri üçün idmançılardan istifadə edərək vətəndaşların, bizneslə məşğul olan şəxslərin hədələnərək haqlarının mənimsənilməsi hallarına dair şikayətlər eşidilir.
İdman sahəsinə ayrılan vəsaitlər hesabına qardaşların özlərinə yaxşı gün-güzəran yaratdıqları sahib olduqları əmlaklardan da bəlli olur. Yalnız bir fakt - dəyəri 150 min manat olan, bahalı nömrə (99 ED 666) ilə təmin edilən “Land Cruiser” avtomobili qardaşların dövlət vəsaiti hesabına necə “yaşadıqlarını” göstərir.
Qeyd edək ki, rayonda bir neçə ay öncə prokurorluq tərəfindən keçirilən əməliyyat zamanı bu dəstənin bir neçə üzvü zərərsizləşdirilsə də, dəstənin digər üzvləri hələ də öz fəaliyyətindədir. Onlar dövlətin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərindən nəticə çıxartmır, əməllərinin ifşa olunacağından qorxmurlar.
Onu da əlavə edək ki, qardaşların qohumu və himayəçisi olan Göyçay rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi R.Şirinov bir müddət öncə korrupsiya əməllərinə görə həbs edilən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun yaxın qohumudur.
Sfera.az