Bakı Hərbi Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə bir neçə gün əvvəl keçirilən növbəti məhkəmə iclasında maraqlı dialoq baş verib.
Vəkil Osman Kazımov Sahib Ələkbərova sual verib ki, icraatında olan cinayət işinin istintaqını əmr və tapşırıqla həyata keçirb, yoxsa qanunlar əsasında?
Sahib Ələkbərovsa bu suala əsəbi şəkildə belə cavab verib: “Siz Azərbaycanda yaşamırsız? Bu məsələlər bilmirsiz necədir? Biz kimik ki? Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik!”
Əlbəttə, vəkil də, biz də hansı ölkədə yaşadığımızı yaxşı bilirik. Onu da bilirik ki, normal məhkəmə-hüquq sistemi olan ölkədə təkcə bu etiraf kifayət edərdi ki, sabiq baş prokuror və onun müavini istintaqa cəlb olunsun. Ancaq bizdə bu cür ifadələr, etiraflar sadəcə, havadan asılı vəziyyətdə qalır...
Məhkəmədə təqsirlndirilən şəxs kimi iştirak edən sabiq MTN-çilər hər nə qədər paqonlu quldurlar hesab olunsalar da, pis-yaxşı peşəkardırlar, hüquqşünasdırlar, hüququ, qanunları və dedikləri sözün məsuliyyətini yaxşı dərk edirlər. Deməli, Zakir Qaralovun, Rüstəm Usubovun və digərlərinin adlarını çəkərkən konkret faktlara söykənirlər və dediklərini isbat edəcək dəlilləri var...
Ümumiyyətlə, MTN işi ətrafında baş verənləri adi məntiqlə dərk etmək demək olar mümkün deyil. Bunların cinayətləri o qədər aşkar və danılmaz olub ki, hətta Azərbaycanın axsaq məhkəmə-hüquq sistemi belə bu adamların saysız hesabsız cinayətlərini ifşa edib, ortaya dəlillər qoyub və bunları sübuta yetirib. Buna baxmayaraq, nəinki ayrı-ayrı iş adamlarına, sıravi vətəndaşlara qarşı, hətta dövlətin dayaqlarına yönələn ağır cinayətlər işləmiş bu şəxslərin böyük əksəriyyəti bu gün azadlıqdadır. 2-3 il yatıb çıxan kim, şərti cəza alan kim, əfv olunan kim... Hətta, ümumiyyətlə, istintaqa cəlb olunmayanlar belə var.
Bütün bunlar azmış kimi, MTN “qəhrəmanları” hələ utanmadan, çəkinmədən ətrafa, cəmiyyətə meydan oxuyur, hədə-qorxu da gəlirlər. Eldar Mahmudov və onun başının dəstəsinin bir çox üzvləri öz kefindədir, Mövlam Şıxəliyev məhkəmədə zərərçəkənlərə dişinin dibindən çıxanı deyir, üstəlik onları təhdid edir.
Akif Çovdarov isə dövlətlə mülk davası aparır. Bəli, ikicə il əvvəl həbsxanada olan, sonradan az qala ölüm ayağında olduğu deyilən və buna görə əfv olunan həmin məşhur Çovdarov dövlətdən 33 milyonluq mal-mülkünü geri tələb edir. Eyni tələbi yenicə azadlığa buraxılan digər MTN “qəhrəmanı” Səlim Məmmədov da irəli sürüb.
Xatırladaq ki, Çovdarovun 33 milyon manatlıq mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunmuşdu.
Çovdarov Ali Məhkəməyə müraciət edərək, barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyb. Onun barəsində əfvdən əvvəl gah dedilər ki, 2011-ci ildən xərçəngdir, gah dedilər ürəyi ağır xəstədir, gah dedilər mədəsi yoxdur və sair. Əfv olundu.
Amma azadlığa çıxan gün “xərçəng”, “mədəsiz” Çovdarov içki məclisi düzəldib “pozlar” verdi. İndi həmin bu “ağır xəstə” olan adam Ali Məhkəmədən bəraət və 33 milyonluq əmlakının qaytarılmasını tələb edir. Hələ Çovdarova qarşı ifadələri, məhkləmənin qərarını, sübut olunmuş cinayətləri və sairi bir kənara qoyaq. Sadəcə, Azərbaycanda 33 milyonu doğru-düzgün yolla necə qazanmaq olar görəsən, özü də bir dövlət qulluqçusu olaraq! Və 33 milyonu olan adam hansı üzlə bəraətdəın danışa bilər?
Ancaq göründüyü kimi, danışır da, o tərəfə də keçir və belə görünür ki, məhkəmə də onun bu tələbini qəbul etməyə hazırlaşır...
Yuxarıda qeyd etdiyimiz məhkəmə iclasına dair reportajda daha bir maraqlı, simvolik məqam var. İş üzrə zərərçəkən Orxan Abdullayevin atası Elman Abdullayev məhkəmədə şahid qismində tribunaya dəvət olunub. Hakimin “təqsirləndirilən şəxslərdən kimi tanıyırsız" sualına Elman Abdullayev ətrafına baxandan sonra şəhadət barmağını Yasin Məmmədova tuşlayıb və ”bu şərəfsizi tanıyıram" deyib...
İndi həmin kişinin sözü olmasın, hamı hamını yaxşı tanıyır. Hamı görür və bilir ki, bu MTN quldurlarına, müstəntiqlərə, idarə rəislərinə kimlər göstəriş verib, onlar kimlərin əmrlərilə hərəkət ediblər. Hətta özləri də açıq mətnlə bunu etiraf edir, konkret adlar çəkirlər. Bu işdə həmçinin zərərəçəkənlərdən rüşvət tələb edən və alan hakimlərin də kimliyi məlumdur. Ancaq nə həmin hakimlərə, nə Eldar Mahmudova, nə Zakir Qaralova, nə Rüstəm Usubova, nə də bu qəbildən olan digərlərinə “gözün üstə qaşın var” deyən yoxdur.
Görəsən, bundan artıq daha nələr olmalıdır, hansı ifadələr verilməli, faktlar ortaya qoyulmalıdır ki, bizim gücü yalnız kasıb-kusuba çatan məhkəmə-hüquq sistemimiz hərəkətə keçsin?
Yəqin Qaralov, Usubov, Mahmudov və digərləri özləri öz ayaqları ilə gəlib əməllərini etiraf etməli və tələb etməlidirlər ki, bizə qarşı qanunun nəzərdə tutduğu tədbiri görün...
“AzPolitika.info”