Xızı rayonunun icra başçısı Xəzər Aslanovun şəhid ailələri ilə mübahisə etməsini əks etdirən videoda bir məqam diqqət çəkir.
Videodan icra başçısının xidməti otağında sakinləri qəbul edən zaman qeyri-rəsmi geyimdə, cins şalvar, qısaqol yay maykasında olduğu görünür. Hansı ki, məmurların işdə rəsmi geyimdə olmaları tələb edilir.
Xatırlayırsıza, Prezident İlham Əliyev Neftçalanın həbs olunmuş icra başçısı İsmayıl Vəliyev barədə danışarkən onun geyiminə də toxunmuşdu.
Sitat: “Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara?”
İsmayıl Vəliyev həbs olunarkən yayılan videoda onun eynilə Xəzər Aslanov kimi cins paltarda olduğu görünürdü. Prezident də o məqama xüsusi diqqət yetirmiş və bunu biabırçı hal adlandırmışdı. Ondan sonra heç kimin ağlına gəlməzdi ki, hansısa icra başçısı nəinki otağında cins paltarda gəzər, hətta vətəndaşları, şəhid ailələrini də idman geyimində qarşılayar.
Bu nəyin göstəricisidir? Prezidentin sözünü heçə saymaq, yoxsa özünü həbsdəki qohumu İsmayıl Vəliyevə oxşatmaq?Azinform.az