Bildiyimiz kimi, son bir neçə il ərzində Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə bir neçə dəfə təyinat olub. Leyla Seyidbəyli həmin görəvdən alınıb 7 saylı Doğum Evinə baş həkim göndəriləndən sonra onun yerinə Bakı Sağlamlıq Mərkəzində ixtisara düşdüyünə görə işdən çıxarılmış Hikmət Həsənov gətirildi. Lakin rəhbərliyin gözündə özünü doğrultmadığı üçün Hikmət Həsənov bu vəzifədə çox qala bilmədi. Baş direktor vəzifəsinin müvəqqəti icrası baş direktorun müavini Rauf Əsədova həvalə edildi. Sonra bu vəzifəyə Ülvi Mirzəyev gətirildi. Onunku da çox çəkmədi. O da işdən azad ediləndən sonra həmin vəzifəni direktor müavini Nadir Mehdiyev icra etdi. Ən nəhayət, TƏBİB-in rəhbəri Ramin Bayramlı istefaya getməzdən öncə, Musa Abbasovu xəstəxanaya baş direktor, onun dostu Hüseyn Şahmalıyevi isə müavin təyin etdi...
Sadiq oxucularımız xatırlayarlar, “Dəryaz” qəzetinin ötən saylarında, eləcə də qəzetin internet əlavəsi olan “Deryaz.az” veb-saytında Mərkəzi Neftçilər Xəstəxanasında yer alan neqativ hallar barədə tənqidi məqalələr dərc olunmuşdur. Hələ sabiq baş direktor Hikmət Həsənovun rəhbərliyi dönəmində telefonla zəng edib onu tənqidə tuş gətirən məqalələrimizin qayəsini təşkil edən məlumatlara münasibətini bildirməsini xahiş etmişdik. O, həmin vaxt məzuniyyətdə, eyni zamanda xaricdə olduğunu bəhanə gətirərək fikir bildirməkdən yayınmışdı. Telefon bağlantısı kəsiləndən 10-15 dəqiqə keçmiş özü təsadüfən bizə belə bir mesaj göndərmişdi: “Salam, canım, əzizim, maman necədir? Nazirlikdən məni buraxsaydılar, səni götürüb gedərdik istirahətə”. Məsələ aydın idi, 75 yaşlı Həsənov məzuniyyətdə, xaricdə deyildi. Ölkəmizdə, işinin başında idi. Yenicə aldatdığı jurnalistin nömrəsini sevgilisininki ilə səhv salmışdı.
Həsənovu baş direktor vəzifəsində əvəzləyən Musa Abbasov da sən demə, sələfindən “beş çömçə yuxarı” imiş. O da özü ilə gətirdiyi Gülşən adlı xanıma müstəsna səlahiyyətlər vermişdir. Öbelə ki, əslində xidmətlər üzrə baş direktor müavini vəzifəsini daşıyan Gülşən xanım xəstəxananın laboratoriyasına da hüdudsuz nəzarəti ələ keçirmişdir. Əldə etdiyimiz məlumata görə Gülşən xanım pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinin şiddətli dönəmində travel şirkətləri ilə əlbir olaraq xaricə səyahətə gedən şəxslərə koronavirusdan neqativ test analizi nəticələri təşkil etmişdir. Təbii ki, özünün və baş direktoriun şəxsi maraqlarının ödənilməsi qarşılığında. Bildirilir ki, təkcə Novruz bayramı tətili ərəfəsində ölkədən çıxmaq istəyən 100-lərlə adama belə mənfi rəy verilib. Halbuki, bu xəstəxanada koronaviruslu xəstələrə göstərilən xidmətin səviyyəsi çox düşük olub. Pandemiyanın pik dönəmində burada elemantar hava sisteminin olmadığı, oksigen balonlarının çatışmadığı, yatraq dəstlərinin (döşək və mələfələrin) dəyişilmədiyi, xəstələrə verilən təkcə dərmanların deyil, xörəyin keyfiyyətindən də oğurlandığı deyilirdi.
“Yeni Klinika”da yarım, MNX-da isə tam ştat baş direktor vəzifəsini daşıyan Musa Abbasovun TƏBİB-in keçmiş sədri Ramin Bayramlının qohumu olduğu deyilir. Ramin Bayramlı görəvdən alınandan sonra Musa Abbasov onunla deyil, məhz ARDNŞ-nin sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini vəzifəsində işləyən Rövnəq Abdullayevin kadrı, yaxın adamı olması ilə öyünməyə üstünlük verdi. Hətta bir az daha inandırıcı çıxsın deyə məhrəm məclislərdə deyir ki, “Rövnəq Abdullayevə məxsus “Bonadya” klinikasını tikib hazırladım, təhvil verdim. Bunun müqabilində Rövnəqin tapşırığı ilə Anar Əliyev mənə “Ramstor”un yanında dəyəri 500 min olan ev bağışladı”.
56 yaşlı Musa Abbasov MNX-da iş başına gələndən xəstəxananı öz qanunları ilə işlədir. Kobud, qeyri-etik rəftarı ilə təcrübəli, savadlı həkimləri xəstəxanadan perik salıb, əsl peşəkar mütəxəssislər başqa tibb müəssisələrinə üz tutublar. Bu mənfi tendensiya MNX-nın nüfuzuna da pis təsir edib, ölüm halları çoxalıb, bura gələn qeyri – neftçi pasientlərin sayı azalıb. Gələnlərin də dərisi elə soyulur ki, gəldiklərinə peşiman olurlar. Xəstəxanaya qəbul zamanı böyük məbləğdə depozit pulu tələb edirlər. Xəstənin sağalacağına isə zəmanət verilmir. Yığılan pullar xəstəxananın vacib ehtiyaclarına deyil, baş direktorun şəxsi maraq güddüyü istiqamətlər üzrə silinir.
Neftçilərin əmək haqlarından aybaay tutulan icbari tibbi sığorta məbləğinin toplam kəmiyyəti 70 min manat təşkil etsə də, bunun qarşılığında MNX-da keyfiyyətli tibbi xidmət, dürüst müalicə görmürlər. Etibarlı mənbədən aldığımız məlumata görə, bunca gəlirlər qarşılığında xəstəxananın maliyyə vəziyyətinin niyə arzuolunan səviyyədə olmadığını soruşanda baş direktor əlkinin işarəsi ilə “yuxarını” göstərib, “birinci bizə göz açmağa imkan vermir” deyir. Yəqin ki, bunu deyərkən, Birinci vitse-prezidentin iltifatı ilə MNX-na müalicəyə, cərrahi əməliyyata göndərilən imkansız adamlara göstərilən güzəştli xidməti nəzərdə tutur.
Xəstəxanada “qara mühasibatlıq” aparılır. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda tam fərqlidir. Yəni, külli miqdarda vergidən yayınma var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //deryaz.az//