Məlum olduğu kimi, bu ilin 7 fevral tarixində Prezident İlham Əliyev "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Xatırladaq ki, fərman Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyırdı və fərmana görə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verildi.
DİA.AZ bildirir ki, bundan əlavə, agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə (Agentliyin yenidən təşkil və ləğv edilməsi), Nazirlər Kabinetinə (Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi, “Publik hüquqi şəxslər haqqında” qanuna yğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi) həvalə edildi.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinə fərmanda nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanundakı publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırıldı.
DİA.AZ xatırladır ki, 7 fevral tarixində BNA şefi Vüsal Kərimlinin itirdikləri təkcə bu olmadı. eyni zamanda agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verildi. Hansı ki zamanında bu sistemin qurulmasında keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun milyonları mənimsədiyi iddia olunurdu. Və bəxti açılmayan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Vüsal Kərimlinin rəhbərliyi dövründə də yalnız dayanacaqlardakı bahalı, amma həm də işlək vəziyyətdə olmayan bələdçilərindən savayı heç nə ilə diqqətə gəlmədi. Onları da ki bir daha xatırladaq, Ziya Məmmədov satın almışdı.
Beləliklə aydın olur ki, əslində dövlətin ali rəhbərliyinin etimadını itirmiş Vüsal Kərimli bu gün səlahiyyətsiz bir durumdadır. Bununla bağlı dia.az-a danışan məlumatlı mənbə bildirir ki, bu da son deyil və hələ proseslər Vüsal Kərimli üçün daha da acınacaqlı məcrada inkişaf edəcək.
Mənbənin dia.az-a söylədikləri: "Vüsal Kərimli ona olan etimadı itirib. Bu faktdır və onun barəsində ciddi yeyinti faktları da var. Və gözlənilir ki, Nazirlər Kabinetinin BNA ilə bağlı məlum fərmandan doğan prosedurları həyata keçirməsinin ardından Vüsal Kərimlinin özü də vəzifəsindən azad ediləcək. eyni zamanda bü müddət ərzində onun fəaliyyəti hüquqi araşdırmaya da cəlb oluna bilər".
Qeyd edək ki, BNA şefinə qarşı konkret ittihamların da xəbərini almaqdayıq ki, bu barədə növbəti materiallarımızda daha dolğun bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...