Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
***
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.
Aqroparkın icraçı direktoru Elman Kərimov dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi olan aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir.
Məlumat verildi ki, aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir.
Qeyd olundu ki, “Ağcabədi taxıl Aqropark”ın təchizatı üçün 3 kilometr uzunluğunda su xətti, 150 min kubmetr həcmində su anbarı, 2 nasos stansiyası, 6 transformator mərkəzi, uzunluğu 4 kilometr olan 10 kilovoltluq birdövrəli elektrik verilişi hava xətti və 3 kilometr uzunluğunda qaz xətti çəkilib.
Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.
Diqqətə çatdırıldı ki, ötən il aqroparkda ümumilikdə 3094 hektar sahədən 20 min 721 ton məhsul - 2240 ton buğda, 1932 ton arpa, 7685 ton dən üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya, 1705 ton qarışıq senaj və 6642 ton digər məhsullar götürülüb. Cari ildə aqroparkda 466 hektar sahədə pambıq, 100 hektarda popkorn, 1177 hektarda qarğıdalı, 146,5 hektarda buğda, 1050,45 hektarda arpa, 10 hektarda isə yonca əkilməsi nəzərdə tutulur.
***
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.
İşğaldan azad edilən ərazilərə qonşuluqda yerləşən sistem əhəmiyyətli “Ağcabədi” yarımstansiyasında yeni İdarəetmə Mərkəzi tikilib. Müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə, avtomatika sistemləri ilə təchiz olunmuş rəqəmsal İdarəetmə Mərkəzində yerli mikro-SCADA dispetçer idarəetmə sistemi yaradılıb. 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular İdarəetmə Mərkəzinin daxilində yerləşdirilib. İdarəetmə Mərkəzi ilə 110 kilovoltluq açıq paylayıcı qurğu arasında xüsusi hermetik kabel kanalları tikilib.
Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
Qeyd olundu ki, yenidən qurulan yarımstansiya “Ağcabədi” şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, meliorasiya, sənaye, sosial infrastruktur, ictimai-iaşə və digər obyektləri elektrik enerjisi ilə təchiz edəcək.
***
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Vilayət Eyvazov bildirdi ki, ərazisi 6,2 hektar olan hərbi şəhərciyin inşasına 2019-cu ilin sentyabrında başlanılıb. Tikinti işləri ötən ilin noyabrında uğurla başa çatdırılıb.
Qeyd olundu ki, hərbi şəhərcikdə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi üçün qərargah, 3 əsgər kazarması, zabitlər üçün beşmərtəbəli və ikimərtəbəli 84 mənzilli 2 yataqxana, 2 yeməkxana, tibb, qarovul, texniki nəzarət-buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri mühəndis-kommunikasiya, o cümlədən elektrik və su təchizatı, havalandırma, yanğın-siqnalizasiya, rabitə-informasiya və videomüşahidə sistemləri ilə təchiz edilib.
Binalar zəruri mebel və inventarla təmin edilib, ehtiyat elektrik təchizatı mənbəyi olaraq generator və stabilizator qurğuları quraşdırılıb. Şəhərciyin daxilində və ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Prezident, Ali Baş Komandan hərbi şəhərcikdə qərargah, əsgər yataqxanaları, tibb məntəqəsi və yeməkxana ilə tanış oldu.
Diqqətə çatdırıldı ki, şəhərcikdə xidmətin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və hərbi texnikaya baxdı.
Qeyd edək ki, Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edir. Daxili Qoşunların xüsusi təyinatlıları Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak ediblər. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Daxili Qoşunlar Daxili İşlər Nazirliyinin ayrılmaz tərkib hissələrindən biri kimi cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini həyata keçirməyə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.
***
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Qeyd edildi ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.
Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir neçə marşrut üzrə yenidən qurulmasına start verilib. Bu, Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik, həmçinin Avşar kəndinin 5,6, Salmanbəyli kəndinin 2,9, Aşağı Avşar kəndinin 4,5 və Xocavənd kəndinin 0,6 kilometr uzunluğunda daxili yolları idi.
Layihə çərçivəsində yolda 4 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda görülmüş işlər barədə də məlumat verildi.
Bildirildi ki, respublika əhəmiyyətli bu yolun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə başa çatdırılıb. Ucar şəhərinin girişindən başlayan bu yol Ağcabədi şəhərinin cənubunda Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla iki hərəkət zolağından ibarət yolun ümumi eni 15 metrdir. Yolboyu 9 yeraltı keçid, 26 su keçidi, 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib. Həmçinin uzunluqları 20 metrdən 175 metrədək olan 7 avtomobil körpüsünün inşası da uğurla başa çatdırılıb.
Bu avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.
Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.