Şabranda 11 il öncə baş verən qətlin üstü açılıb.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, 2011-ci ildə öldürülən 1970-ci il təvəllüdlü Bəsti Əliyevanın qatili üzə çıxıb. B.Əliyevanın oğlu, 1990-cı il təvəllüdlü Elvin Dadaşov anasını qəsdən öldürdüyünü etiraf edib. O, Şabran Rayon Polis Şöbəsinə gələrək, 11 il öncə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını bildirib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılıb və oradan meyitin qalıqları aşkar edilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.