Artıq xəbər verdiyimiz kimi, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunub. Bu, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Qeyd edək ki, son vaxtlar əhali sayı kiçik olan rayonların ləğv olunması, yaxud ölkə üzrə inzibati bölgünün daha böyük vahidlərlə əvəzlənməsi istiqamətində çoxsaylı təkliflər səsləndirilir. Bir çoxları Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyinatını Azərbaycanda inzibati ərazi bölgüsü islahatının əlaməti kimi dəyərləndirirlər. Gəncədə iki rayonun ləğvi də bu prosesin tərkib hissəsi ola bilərmi? Məlumdur ki, Gəncə ölkənin ikinci böyük şəhəridir, birinci böyük şəhər olan Bakıda hansısa inzibati bölgü dəyişikliyi mümkündürmü?
Xatırladaq ki, bir müddət əvvəl Memarlar İttifaqının sədri Elbay Qasımzadə ölkə Prezidenti ilə görüşdə Bakıda mərkəzi rayonun yaradılması təşəbbüsünü qaldırıb. E. Qasımzadə qeyd edib ki, paytaxtın tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib: “Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz. Bu, təbiidir”.
Prezident İlham Əliyev təşəbbüsü dəstəkləyərək icra olunması üçün hökumətə tapşırıq verib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəsmilərinin verdiyi məlumata əsasən Bakı şəhərinin mərkəzi rayonunun qərbdən Nərimanov prospekti, cənubdan Neftçilər prospekti, sağda Xəqani Rüstəmov, şimalda isə Bakıxanov küçələrini əhatə edən ərazidə yaradılması və bu ərazinin daxilində xüsusi mühafizə zonası nəzərdə tutulur. Bildirilir ki, bu, Bakı şəhərinin yeni Baş Planının strateji hədəflərindən biridir. Mərkəzi rayonun xüsusi mühafizə zonası - İçərişəhər, onun əhatə dairəsini, yaxın ətrafda yerli və ölkə əhəmiyyətli tarixi memarlıq və mədəniyyət abidələrinin daha sıx yerləşdiyi ərazini əhatə edir.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin Bakıda mərkəzi rayon yaradılması barədə göstəriş verdiyini açıqlayıb: “Bu ”Mərkəzi rayon" yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək. Bu binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq üçün əlverişli şərait yaradılır. Bu yaxınlarda artıq qərar veriləcək. Paralel olaraq, Bakının mərkəzində abadlıq işləri aparılır, nəinki yeni binalar, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvələrində neftin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən tarixi binaların bərpası həyata keçirilir. Bu proses göz qabağındadır. Mövcud olan bu cür problemlər mərkəzi rayonun yaradılması ilə aradan qalxacaq".
2020-ci ilin yanvarında Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni təyin edilmiş sədri Anar Quliyevi qəbul edərkən mərkəzi rayon məsələsini bir daha qaldırıb. Bildirib ki, Bakının mərkəzi rayonunun yaradılması ilə bağlı Memarlar İttifaqının sədrinin bir qədər əvvəl səsləndirdiyi təklifi dəstəkləyir. Amma indiyədək bu barədə təkliflər verilməyib. Dövlət başçısı A.Quliyevə bu sahədə işləməyi tapşırıb: “Bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər”.
Ötən ilin avqustunda E.Qasımzadə mətbuata verdiyi məlumatda həmin təklifdən sonra Prezidentin tapşırığı ilə yeni rayonun sərhədlərinin müəyyənləşdirildiyini deyib: “O dörd rayonun hansı hissəsinin mərkəzi rayonun tərkibinə qatılacağı müzakirə edildi və təkliflərimizi Prezident Administrasiyasına çatdırdıq. Bu yaxınlarda bizə yeni rayonun statusu haqqında bir sənəd də göndərildi ki, ekspertlər olaraq baxaq və fikrimizi bildirək. Onu da edib sənədi qaytardıq. Hazırda bu işlə əsas məşğul olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Bakı Şəhər İcra Hakimiyyətidir. Prezident Administrasiyası isə işə rəhbərlik edir. Amma prosesdə əsas maraqlı tərəflər həmin iki qurumdur. Hər ikisi mənimlə daima əlaqədədir və mən bacardığım qədər prosesdə iştirak edirəm”.
Nəhayət, 2022-ci ilin yanvarında APA-ya müsahibəsində E.Qasımzadə Bakıda mərkəzi rayon yaradılması prosesinin qarşısının alındığını deyib: “Yadınızdadırsa, cənab Prezident bu ideyanı çox bəyəndi, bu mövzu ilə bağlı yekun çıxışında fikirlərini bölüşdü və tapşırıqlar verdi. Bir neçə gündən sonra mənə zəng vurdular ki, mərkəzi rayonun sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı sənəd verim, mən həmin sənədi verdim. Prezidentimiz bu məsələni iki dəfə xatırlayıb və tapşırıqlarını verib. Lakin pandemiya, müharibə ilə əlaqədar işlər dayandı. Bu gün deyirlər ki, birinci növbədə Qarabağdır, birinci növbədə oranı həll edək. Mənə elə gəlir ki, məsələ təkcə bu deyil, burada müəyyən maraqlar var. Təsəvvür edin ki, əgər yeni rayon yaradılarsa, dörd rayonun ən qiymətli, ən baha olan əraziləri onlardan alınacaq. Məncə, burada kifayət qədər güclü müqavimət var. Ancaq onu da bilirəm ki, bir gün Prezidentin yenə yadına düşsə, cəzalandıracaq. Mütləq cəzalandıracaq”.
Maraqlıdır ki, Memarlar İttifaqı Fransa şirkəti ilə birlikdə Gəncə şəhərinin Baş Planı üzərində işləyir. Böyük ehtimalla, Nizami və Kəpəz rayonlarının ləğvi də məhz Baş Planda təklif olunan dəyişikliklərdən biridir.
Doğrudanmı, Bakıda mərkəzi rayonun yaradılmasına əraziləri əllərindən çıxacaq rayonların rəhbərliyi mane olur? Onların belə imkanları varmı?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, E.Qasımzadənin dedikləri kifayət qədər ciddi məsələdir: “Ola bilsin, kiməsə qeyri-real gələr ki, dörd rayonun rəhbərliyi Prezidentin dəstəklədiyi təşəbbüsün icrasına imkan verməsinlər. Amma mən düşünürəm ki, bu, mümkündür. Çünki 4 rayonun icra başçısı yalnız elə o 4 nəfərdən ibarət deyil. Onların arxasında kifayət qədər böyük siyasi-inzibati güc dayanır. Azərbaycanda icra başçılarının təyinatı zamanı biz həmişə bunun şahidi olmuşuq. E.Qasımzadə kifayət qədər məlumatlı adamdır və onun məhz malik olduğu informasiyalara dayanaraq belə dediyini rahatlıqla söyləmək olar. Digər tərəfdən, biz hətta ölkə Prezidentinin sərəncam və fərmanlarının icrasının maraqlar toqquşmasına görə arxa plana keçirilməsinin dəfələrlə şahidi olmuşuq. Və Prezidentin bütün prosesləri birbaşa öz nəzarətində saxlaması mümkün deyil. Biz dəfələrlə Prezidentin çıxışlarında da ölkədə müəyyən islahatların qarşısını alan şəxslərə xəbərdarlıq etdiyini görmüşük. Bu baxımdan, Bakıda mərkəzi rayonun yaradılması prosesinin kimlərsə tərəfindən ləngidilməsi realdır”.
Ekspert hesab edir ki, Bakıda mərkəzi rayonun yaradılması hazırda kəskin həyati əhəmiyyət daşımır: “Hesab edirəm ki, indiki şəraitdə daha kəskin, daha ciddi problemlərə səbəb olacaq məsələlər var. Məsələn, nəinki regionlarda, elə Bakının özündə ünvan reyestri ilə bağlı böyük problemlər var. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində ciddi çətinliklər mövcuddur. Yol-nəqliyyat infrastrukturunda, xüsusilə Bakıda ciddi problemlər uzun illərdir həllini tapmır. Düşünürəm ki, Bakıda bu problem həll olunduqdan, şəhərsalma prosesi müəyyən mərhələyə çatdıqdan sonra mərkəzi rayonun yaradılması məsələsinə qayıda bilərik. Görün neçə illərdir Bakının yeni Baş Planı hazırlanır, hələ də ortaya bir nəticə qoyulmayıb. Sənəd hazırlanaraq müzakirələrdən keçirilib, Nazirlər Kabinetinə təqdim olunub, indi deyirlər, bu, biz deyən sənəd deyil.
Ümumiyyətlə, Azərbaycanın inzibati ərazi bölgüsü tamamilə dəyişməli, iri vahidlər yaradılmalı və onların idarəçiliyi bələdiyyələrə həvalə olunmalıdır. Dünyanın yüz dəfələrlə sınaqdan çıxan təcrübəsi var və biz də ondan yararlanmalıyıq".
İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, Gəncədə iki rayonun ləğvi heç də uğurlu addım deyil: “Bu baxımdan ki, yerli özünüidarə islahatları olsa, Gəncənin böyük şəhər statusu qazanması çətinləşir. Çünki təcrübədə böyük şəhər statuslu yerli özünüidarə o zaman yaranır ki, ərazi ortaq infrastruktura və ehtiyaclara malik müxtəlif inzibati vahidlərdən təşkil edilir. Hökumətin regionları inzibati ərazi vahidinə çevirməyə niyyəti yoxdursa, ən azından əhalisi 50 min nəfərdən az olan kiçik rayonları ləğv etməlidir. Məsələn, Naxçıvan Muxtar Respublikasında Şahbuz, Sədərək və Kəngərli rayonlarını ətraf rayonlara birləşdirmək olar - bu 3 rayonun birlikdə əhalisi cəmi 74 min nəfərdir. Cəmi 17 min nəfər əhalisi olan Xızını, 35 min nəfər əhalisi olan Daşkəsəni də rayon statusunda saxlamaq iqtisadi baxımdan səmərəli deyil. Bundan başqa, Bakıda Pirallahı rayonunun da ayrıca mövcud olmasına ehtiyac yoxdur”.
“Yeni Müsavat”