Xəbər verdiyimiz kimi ötən gün Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib. Federasiyanın vitse prezidentlərində və idarə heyətində də dəyişikliklər olub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Boks Federasiyasının vitse prezidenti Süleyman Mikayılov öz postundan uzaqlaşdırılıb.
Millitv.az xəbər verir ki, federasiyadan uzaqlaşdırılması ilə bağlı Manset.az-a açıqlama verən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bunu öz səhhəti ilə əlaqələndirib.
"Mən uzaqlaşmamışam, federasiyada qalıram. Mənim hazırda nə səhhətim, nə əsəbim buna tab gətirmir. Mən Dünya Boks Federasiyasının Direktorlar Şurasının üzvüyəm, SSRİ idman ustasıyam. Mən yenə də federasiyada qalıram, əlimdən gələn köməkliyi edəcəm. Kim deyirsə kasıb icra başçısıyam, ona görə uzaqlaşdırılıram, mən icra başçısıyam, 15 ildir bu vəzifəni daşıyıram, dövlətimizin pulu da var, federasiyalara pul da ayrılır.”
Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə Azərbaycan Boks Federasiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev prezident, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.