Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev Sfera.az-a müsahibə verib. Diaspor rəhbəri Ukraynadakı diaspor təşkilatının faəliyyəti və mövcud vəziyyətlə bağlı suallarımızı cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Rövşən bəy, Ukraynadakı Azərbaycan diasporunun fəaliyyət istiqamətləri hansılardır və görülən işləri uğurlu saymaq olarmı?
- Məlum məsələdir ki, Azərbaycan diasporunun genişlənməsi Sovet dövründən başlayıb. Xüsusilə ümummilli lider Heydər Əliyevin intellektual siyasətinin nəticəsində bu proses xaricə tələbələrin göndərilməsi ilə başladı. Mən özüm də bu xəttlə Ukraynaya gəlmişdim. 1991-ci ilin avqust ayından mən Sovet ittifaqında yaradılan birinci Türkdilli Xalqlar Cəmiyyətinə gəlmişəm və orada Azərbaycan təşkilatı sədrinin müavini olmuşam. 1994-cü ildən 1997-ci ilədək Türkdilli Xalqlar Cəmiyyətinin sədri olmuşam. 2002-ci ilədək isə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatı kimi fəaliyyət göstərmişəm. Bizim diasporun güclü şəkildə formalaşması məhz o zamandan başlayıb.
1997-ci ilin mart ayında Heydər Əliyevin Ukraynaya rəsmi səfəri zamanı bu ölkədə yaşayan azərbaycanlılarla görüşü oldu. Görüş zamanı Ümummilli lider bizim qarşımızda məsələ qoydu ki, regionlarda təşkilatlarınız varsa, böyük bir qüvvəyə çevrilmək, birgə fəaliyyət göstərmək lazımdır. O zaman Nazim İbrahimov yeni səfir təyin olunmuşdu. Nazim İbrahimov məni çağırıb təcrübəmin olduğunu bildirərək, ulu öndər tərəfindən güclü təşkilat yaratmaq məsələsinin icra edilməli olduğunu bildirdi. İki ayın içərisində 24 vilayətdən 18-də təşkilatlar yenidən fəaliyyətini başlatdı və 4 vilayətdə qəzetlər çap edildi. 1997-ci ilin sentyabrında bu qədər işin görülməsinə Nazim İbrahimov çox təəccüblənmişdi. Bir il yarımın içərisində bütün regionların nümayəndələri səfirlə görüşlər keçirdi. 1999-cu ilin yazında qurultay keçirdik və orada Ukrayna Azərbaycanlıları Konqresini yaratdıq. Bu konqresə hər vilayətdən intellektual insanlar, iş adamları daxil oldular. Konqres yeni fəaliyyət göstərərəkən əsas ağrımız Qrabağ idi və ictimai siyasi dairələrdə bununla bağlı fəallıq göstərirdik. 23 illik tarix göstərir ki, Ukrayna-Azərbaycan əlaqələrinin bu şəkildə inkişaf etməsi konqresin əməyinin nəticəsindədir.
- Sizcə, Azərbaycan diasporunun başlıca problemləri hansılardır?
-Biz sual verməməliyik ki, dövlətimiz bizə nə verir?. Bizim özümüzə daimi verdiyimiz sual dövlət üçün bizim nə etməyimizlə bağlıdır. Dünyada öz dövlətinə məxsus ən böyük təşkilat Ukrayna Azərbaycanlıları Konqresidir. 24 regionun vilayət və şəhərlərində bizim aktiv təşkilatlarımız var və müzakirələr aparılır. Bundan başqa bizim 20-ə yaxın vilayət, şəhər deputatımız var və başqa təşkilatlarda belə bir potensial yoxdur. Baxmayaraq ki, hər kəsin öz şəxsi işi, biznesi var, lakin onlar təmənnasız olaraq ictimai işlərdə dövlət naminə çıxış edir. Biz iki dəfə konqres olaraq Ukrayna Ali Radasında, vilayət radalarında qondarma soyqırım layihələrini darmadağın etmişik. Ukraynada ictimai görüntü yaratmaq üçün yox, lobbiçilik prinsipi ilə faəliyyət göstəririk. Bu ölkədə diasporla bağlı problemləri yerli orqanlarla həll edə bilirik. Ukraynada 500-600 mindən çox azərbaycanlı yaşayır və onların yarıdan çoxu vətəndaşlıq statusu almayıb.
Diasporun problemi Ukraynaya bağlı deyil. Çox təəssüf ki, diasporun problemləri Azərbaycan dövlətini və prezidentini aldadan məmurlar tərəfindən yaradılır. Diasporla İş üzrə Dövlət Komitəsindən bizim konqresə qarşı iki ildir ki, təhdidlər var, təşkilatımızı süni şəkildə parçalamağa cəhdlər mövcuddur. Biz buna əvvəl göz yumsaq da, daha dözə bilmədik və bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanladıq. Çox maraqlıdır ki, təxribat prezident İlham Əliyevin təltif etdiyi, tərəqqi medallı şəxslərə də var. Bu, komitə tərəfindən məqsədli şəkildə həyata keçirilir. Bu istiqamətdə Prezidentə müraciət ünvanladıqdan 8 gün sonra Ukraynanın jurnalistləri məqsədi bəlli olmayan bir portalda mənə qarşı qara piar aparılmağa başladı və iddia olundu ki, mənim hansısa təşkilatla əlaqəm yoxdur, kriminal mühitlə bağlılığım var. Əminəm ki, yayımlanan yazı müraciətimizlə bağlıdır və bu xəbərləri Bakıda nümayiş etdirmək istəyirlər. Ukraynada 10 minlərlə şəxs konqresin ətrafında birləşib. Konqresə qarşı "qara piar” qurmaq şəxsi ambisiyalardan irəli gəlir və bu da həmin şəxslərin özünə problem yaradacaq. Komitə Konqresin gördüyü işləri necə görməyə bilər? Biz Azərbaycan prezidentinə inanırıq və onun arxasındayıq.
- Maraqlıdır, Ukraynada azərbaycanlılar yüksək dövlət postlarında yer tuta bilirlərmi?
- Bizim Müdafiə Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində, Baş Prokurorluqda, Daxili İşlər Nazirliyində yüksək rütbəli konqres üzvlərimiz, nazir müavinlərimiz var. Nümunə olaraq Poltava radasında prezidentin fraksiyasının başçısı azərbaycanlı Fəxrəddin Muxtarovdur. Dnepropetrovsk radasında ən çox səs yığan şəxs deputat Qoşqar Muradovdur. Vinnıtsya şəhərində həm merin köməkçisi, həm də şəhərin deputatı Timur Abışovdur. Biz bununla fəxr edə bilərik. Mən 8 ildən çoxdur ki, Ukraynanın birinci prezidenti Leonid Kravçukun köməkçisiyəm. Bizim tədbirlərə keçmiş Ukrayna prezidentlərinin bir çoxu gəlir, 2016-cı ildə Ukrayna və Azərbaycan arasında baş tutan rəsmi görüşlərdə iştirak etmişəm. Ukraynanın hazırkı prezidenti Zelenskinin özü ilə də şəxsi tanışlığım var. Bundan başqa, Ukrayna universitetlərində professorlarımız, akademiklərimiz, dünyada tanınan həkimlərimiz var. Əks qüvvələrin təxribatları isə konqresin faəliyyətinə mane ola bilməz. Konqres elə bir mexanizmə çevrilib ki, bir nəfəri öldürməklə belə sistem pozula bilməz. Biz hər bir vilayətdə təşkilatların potensialını gücləndirmişik və birlik mövcuddur. Əgər hansısa region bizim konqresin ümumi xəttinə zidd hərəkət edərsə, demokratik şəkildə 24 vilayət və şəhərlərin rəhbərləri bu məsələni müzakirəyə qoya bilərlər.
- Yerli əhalinin, eləcə də Ukraynada yaşayan azərbaycanlıların Rusiya-Ukrayna münasibətləri ilə bağlı düşüncəsi maraqlıdır. Yəni sözügedən tərəflər müharibə tərəfdarıdır, ya əksinə...
- Ukraynada yaşayan azərbaycanlılar olaraq tarixi vətənimizi sevsək də, bu dövlətin vətəndaşı olduğumuz üçün Ukraynanı da sevirik. Artıq bizim övladlarımız da Ukrayna vətəndaşı kimi böyüyüb formalaşır. Müstəqillik əldə olunduqdan sonra dünyaya gələn uşaqlar indi müharibə olacağı halda döyüşə atıla biləcək şəxslərdir. Biz sülhpərvər insanlar kimi müharibə istəmərik, lakin müharibə olarsa, əlimizdən gələn köməyi edəcəyik. Bu yolda döyüşən, həlak olan azərbaycanlılarımız da olub.
- Ukrayna Rusiya münasibətlərinin gərginləşməsi fonunda vətəndaşlarımız təxliyə üçün müraciət edirmi? Ümumiyyətlə, müharibə ehtimalını nəzərə alaraq Ukraynanı tərk edən və ya bu haqda düşünən soydaşlarımız varmı?
-Dediyim kimi, burada müharibə başlayarsa, hər bir azərbaycanlı Ukraynanın müdafiəsinə qalxmalıdır. Bu dövlət bizi öz vətəndaşı kimi qəbul edibsə, biz də istənilən varisntda bu dövlətin müdafiəsində durmalıyıq. Məlumdur ki, Krımın ilhaqı zamanı bəzi millətlərdən olanlar Rusiya tərəf keçdi. Lakin azərbaycanlılardan kimsə belə addım atmadı. Biz Ukrayna icmasının bir hissəsiyik və bura ikinci vətənimizdir.
- Ukraynada azərbaycanlıların ən çox üzləşdiyi problemlər nələrdir? Sizə daha çox hansı istiqamətlərdə müraciətlər daxil olur?
- Ukraynada azərbaycanlıların əsas problemi sənədlərinin olmaması ilə bağlıdır. Burada elə azərbaycanlılar var ki, 20-22 yaşlarındadır, lakin şəxsiyyətlərini təsdiq edən hansısa sənədləri yoxdur. Bu da valideyn səhlənkarlığından irəli gəlir. Ukrayna çoxsaylı millətlərin yaşadığı bir ölkədir. Burada millət məsələsini əsas götürüb, kimisə sıxışdırmırlar. Təbii olaraq bu istiqamətdə ayrı-ayrı hallar olur, lakin bu kimi hallara qarşı da mübarizə aparmışıq.
- Ukraynada yaşayan azərbaycanlılar təşkilatınıza maddi dəstək olurmu? Bu istiqamətdə müraciətlər var?
- Biz təşkilatlarımızı öz potensialımızla maliyələşdirə bilərik. Belə ki, məsələn, mən iş adamıyam və vaxtında beş bina tikdirmişəm. Digər sahələrdə də həmçinin biznesim var. Konqresin ətrafında olan imkanlı adamlar tədbirlərimizi maliyələşdirir. Biz indiyədək Azərbaycandan bir manat da almamışıq. Üç il əvvəl Fuad Muradov yekun təşkilatın yaradılması ilə bağlı mənə müraciət etdi. O zaman ona bildirdim ki, bizim konqres də daxil olmaqla üç həmsədr, müstəqil ofis olsun və heç bir azərbaycanlıya qarşı "qara piar” aparılmasın. Lakin bu prisnsiplər komitə tərəfindən pozuldu, "qara piar”a göz yumuldu. İki il öncə biz komitənin fırıldaqçı əməkdaşlarına etirazımızı bildirdik və radada fəaliyyətimizi dayandırmışıq.
Konqres kimi böyük və formalaşmış təşkilat yoxdursa, Ukraynada heç bir radadan söhbət belə gedə bilməz. Təəssüflər ki, şəxsi məqsədlər naminə yaradılmış qondarma radaya mənasız yerə pullar ayrılır və bu maliyyə hara və hansı məqsədlərə xərclənir, bunun hesabını soran yoxdur. Yəni mənasız layihələrə böyük maliyyə ayrılır və 15-20 nəfərin əlinə plakat verib, onu böyük aksiya kimi təqdim edirlər.
- Təşkilatınızın Ukraynadakı Azərbaycan səfirliyi ilə əlaqəsi necədir? Səfirliyin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?
-Hansısa problemimiz olan kimi səfirliklə bunu müzakirə edirik. Bəzən sənəd işləri ilə bağlı səfirlik anında cavab verə bilmir, vətəndaşlarımız da etiraz edir. Lakin məsafəni nəzərə alsaq, bu normal prosesdir. Azərbaycanın Ukraynadakı səfiri hamı ilə uyğun münasibəti saxlayır və obyektivdir. Elmira xanımdan Ukraynanın Azərbaycandakı ən böyük təşkilatının adını soruşsanız, o sizə bizim konqresin adını deyəcək. Bunu səfirlikdə hamı bilir.
- Ermənistanın Ukraynadakı diaspor nümayəndələri, səfirliyi ilə əlaqələr hansı vəziyyətdədir? İkinci Qarabağ müharibəsindən sonrakı reallıq ikitərəfli əlaqələrin qurulmasına gətirib çıxara bildimi?
- Hər bir dövlətin səfirliyi ilə onun dövlətinin əlaqəsi var, həmçinin də ermənilərin. Ermənistan prezidentinin, politoloqlarının son çıxışları da onu göstərdi ki, ermənilər başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurulmasa, o dövlətin inkişafa şansı yoxdur. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən də çoxdur. Bu da son 30 ildə gedən islahatların nəticəsidir.
- Ukraynadakı digər diaspor təşkilatları ilə əməkdaşlıq hansı xətt üzrə inkişaf edir? Məsələn, elə Türkiyə ilə...
- Türkiyə diplomatları bizim konqresin bir ay öncə keçirdiyi konfransda bir sıra səlahiyyətli şəxslərlə birgə çıxış edib. Ukrayna ekspertləri bu konfransda digər diaspor nümayəndələrinə Azərbaycanı nümunə gətirdi. Türkiyə diasporu ilə əlaqələrimiz normal səviyyədə inkişaf edir.
- Ukrayna vətəndaşlarının azərbaycanılara və ermənilərə qarşı münasibəti də bizə maraqlıdır...
- Bildirdiyim kimi, ukraynalıların hansısa millətlə problemi yoxdur. Ukraynada ermənilərlə azərbaycanlıların millət söhbəti ilə əlaqədar qarşıdurması olmur. Biz millətimizi seviriksə, Ukraynanı ikinci dövlətimiz olaraq qəbul ediriksə, belə hallara yol verə bilmərik. İctimai həyatımızda öz potensialımızla böyük qələbələrə nail olmuşuq.
- Azərbaycana ən son nə zaman səfər etmisiniz?
- Pandemiya ilə əlaqədar son bir neçə ildə Azərbaycanda ola bilməmişəm və çox darıxıram. Sağlıq olsun, yazda Azərbaycana gəlmək, xüsusilə Şuşanı görmək istəyərəm. Millətimizə əmin-amanlıq, dövlətimizə sabitlik, prezidentimizə cansağlığı və gələcək işlərində uğurlar arzu edirəm. İstərdim ki, dövlət başçımızın yanında dövləti, milləti sevən şəxslər dayansın. Artıq türk dünyasının birliyinə addım Azərbaycandan atılıb. Çünki məhz işğalda olan torpaqların geri qaytarılması türk dünyasını birləşdirir və qardaş Türkiyənin də burada böyük rolu var.
Söhbətləşdi: Ozal Məmmədov