Axtarış...

20 YANVAR – AZADLIĞA APARAN YOL

20 YANVAR – AZADLIĞA APARAN YOL
Cəmilə Abdinova,
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov Rayon
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialın müdiri


Qanlı 20 Yanvar faciəsinin növbəti ildönümü yaxınlaşır. 1990-cı ilin həmin tarixi günündə ölkəmiz təlatümlü vaxtını yaşayırdı. Separatçı-terrorçu ermənilər getdikcə azğınlaşırdılar. Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara divan tutulmasına aşkar və gizli yolla himayədarlıq edirdi. Azərbaycan xalqı artıq dərk edirdi ki, mərkəzi sovet dövləti ona heç bir köməklik göstərməyəcək. Nicat yolu yalnız müstəqillik əldə etməkdədir. İmperiya isə azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı. Respublikanın xalqdan uzaq rəhbərləri Moskvanın göstərişi ilə hərəkət etdiklərindən xalqın etimadını tamamilə itirmişdilər. Azadlıq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi qaniçən sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün sovetlər birliyinin ərazisində azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. Odur ki, Bakı ətrafına ən müasir silahlar və texnika ilə təchiz olunmuş müxtəlif qoşun hissələri gətirilmişdi.1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00:00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” Fərman verdi. Xalqı qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi. “Bakı əməliyyatı”na SSRİ Müdafiə Naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, başqa yerlərdən gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda insanları avtomat silahdan güclü atəşə tuturdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız insanların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbiçilər təsadüfən yoldan keçənləri, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Onlar xəstəxanaları dövrəyə alaraq, yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.
Bakı və respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 130-dan çox insan amansızcasına öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 4 nəfər itkin düşmüşdür. Şəhər təsərrüfatına və əhalinin mülkiyyətinə külli miqdarda ziyan dəymişdir. Lakin bütün bunlara baxmayaraq imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Bu böyük faciə Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı.
20 Yanvar faciəsinə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmişdir. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdir.
Bu qanlı hadisəyə siyasi-hüquqi qiymət də məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra verilmişdir. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərmanda deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda həmçinin, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi - hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edilirdi.
Beləliklə, Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994- cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Həmçinin, Ulu öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmiş, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirilmişdir. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən layihələndirilmiş və tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Maddi dəstəklə yanaşı, mənəvi dəstəyin də əhəmiyyətini yüksək dəyərləndirən cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı 20 Yanvar dairəsində “20 Yanvar şəhidlərinin əziz xatirəsinə abidə-kompleksi” inşa edilmişdir.
Bundan başqa, 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir.
20 Yanvar milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Dövlətimizin başçısı İlham Əliyev demişdir: "20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
Xalqımıza qarşı törədilən bu amansız və qanlı faciənin geniş ictimaiyyətə çatdırılmasında və gənc nəslin bu istiqamətdə maarifləndirilməsində kitabxanaların da üzərinə mühüm vəzifələr düşür. Bunun üçün kitabxanamızda tədbirlər planı hazırlanmış və buna müvafiq işlər həyata keçirilir. 20 Yanvar faciəsi ilə bağlı ənənəvi və virtual kitab sərgiləri, maarifləndirici tədbirlər keçirir, müvafiq məlumatları internet resurslarında yerləşdirir, faktları, sənədləri video görüntülər vasitəsilə nümayiş etdiririk. İlk olaraq 20 Yanvar faciəsi haqqında kitabxananın fondunda olan materiallardan istifadə olunur.
20 Yanvar faciəsi ilə bağlı uşaq və yeniyetmələr arasında təşkil etdiyimiz növbəti tədbirlərdən biri də “Sual-cavab gеcəsi”dir. Bu tarixin bizim xalqımız üçün nə dərəcədə önəmli olduğunu gənc nəslin nümayəndələri arasında təbliğ edilməsində sual-cavab gеcələrinin rоlu əvəzsizdir. Sual-cavab gecəsinin mahiyyətini və əhəmiyyətini açmaqdan ötrü ilk öncə mövzu ilə əlaqədar kitablar seçilir. Tədbirin təşkili zamanı suallar qabaqcadan tərtib olunur. Sual-cavab gecəsində aşağıdakı istiqamətdə suallar tərtib olunmuşdur: Qanlı Yanvar faciəsi neçənci ildə və kimlər tərəfindən törədilmişdir?; 20 Yanvar hadisələrində neçə günahsız insan qətlə yetirilmişdir?; 20 Yanvar tarixi ilə bağlı hansı şeir, poema və əsərlərin adlarını çəkə bilərsiniz?; Faciə zamanı həlak olan şəhidlər harada dəfn olunmuşdur?; “Şəhidlər” şeirinin müəllifi kimdir?; “Qanlı Yanvar” filmi neçənci ildə çəkilmişdir və filmin rejissoru kimdir?; Faciədə həlak olan şəhidlərdən kimlərin adını çəkə bilərsiniz?; 20 Yanvar hadisələrinin şərəfinə ucaldılan abidə nə vaxt və Bakının hansı küçəsində ucaldılıb? və s. Suallara düzgün cavab verən məktəblilərə faciə ilə bağlı yazılmış kitab hədiyyə edirik. Sual-cavab gеcəsini təşkil edərkən həmçinin sərgi və tövsiyə ədəbiyyat siyahıları hazırlayırıq.
Azərbaycanın azadlıq və müstəqilliyinə doğru gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsi məhz bu səbəbdən ümümxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımızın şərəfli qəhrəmanlıq tarixi kimi də xatırlanır və həmişə xatırlanacaqdır. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızn qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar. Bununla da 20 Yanvar şərəf və ləyaqət tarixinə çevrildi.
Text-to-Speech

DİNLƏ






Şərh yaz