Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.
Belə ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, "...yanvarın 2-də, saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub. Məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb. Hazırda E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək".
Azərbaycan xarici ölkələrdən psixoloq çağırır, Dərnəgüldə isə Psixologiya Elmi Tədqiqat İnstitutu mürgü vurur...
Bəli, Qubadlı ərazisində xidmət etmək, özü də müddətdən artıq dağlarda keşik çəkmək çətindir, gənc hərbçilərdən psixoloji dözüm tələb edir... Xatırlayaq, 1941-45-ci illər müharibəsində Sovet hökumətinin tapşırıqları ilə hərbçilərdə ruh yüksəkliyi yaratmaq, əsgərlərin psixoloji durumunu möhkəmlətmək üçün mədəniyyət xadimləri, şair və yazıçılar... ön cəbhəyə yollanır, konsert proqramları ilə müntəzəm çıxış edirdilər. Yəni döyüşə getmək, orduda xidmət toy-bayrama çevrilərdi... Bundan başqa, faşistlərə qarşı döyüşdə 6 il xidmət etmiş əmim danışırdı ki, psixoloq həkimlər hər gün döyüş öncəsi bizimlə görüşür, məsləhətlər verirdilərr. Sonra isə kim içirdisə ona 100 qram spirt verilərdi, içməyənlərə isə xüsusi həb verərdilər...
***
Bəli, əsgər-hərbçi çətin dağ şəraitində xidmət edir, bizim mədəniyyət işçiləri isə Bakıda oturub fəxri ad uğrunda baş yarır, sinə cırır, Prezident Administrasiyasına, mədəniyyət nazirinin qəbuluna yollar axtarırlar... Hansı ki, indi bütün yollar Qarabağdan-Vətəni qoruyan hərbçilərimizin yanından keçir... Bir çoxunun isə başı əttökən teleseriallara qarışıb. Hansı ki, onların çəkiliş meydanı düşmənlə üz-üzə dayanmış əsgərlərimizin yanı olmalıdır... Və onların yuxuda belə gördükləri orden-medalı hərbi hissələrdəki çıxışlarından asılıdır. Müharibə vaxtı ordeni-medalı olmayan qiraət ustası Ağalar Bayramovu və Azad Şükürovu... şəxsən dəfələrlə döyüş bölgəsində görmüşəm... Görünməlilər isə gözə dəymirdi... Niyə hərbi hissələrdə mədəniyyət xadimlərimizi, vətənpərvərlikdən dəm vuran alimləri, yazıçıları, şairləri, müğənniləri.... görmürük? Prezident gedəndə Şuşada bir ağız oxumaq vətənpərvərlik deyil, növbəti orden və fəxri ad almağa avansdır! Hanı Xalq şairliyi, "Şöhrət" ordeni uğrunda yarışa girən şair və yazıçılar??? Hanı psixoloq həkimlərimiz?
Yeri gəlmişkən, Bakının Ziya Bünyadov prospektində-DOST Mərkəzinin burnunun ucunda, əzəmətli bir bina var: üzərinə yaraşıqlı hərflərlə Psixologiya Elmi Tədqiqat İnstitutu yazılıb. "Təzadlar"ın elektron poçtuna daxil olan giley dolu məktubdan aydın olur ki, həmin institut 25-ci ildir Ağdamdan deputat olan, Prezident Yanında AAK-da Ekspert Şurasının sədri, Milli Məclisdə Komitə sədri, uzun sözün qısası, akademik Ramiz Mehdiyevin sayəsində 50 -dək vəzifəsi olan Bəxtiyar Əliyevə məxsusdur. Gileyli məktubdan sətirlər: "...Mənim qardaşım 44 günlük müharibədə iki ağır yaralanmışdı, şok vəziyyətində idi. Psixoloq həkim axtarıb tapa bilmirdik. Təsadüfən Ziya Bünyadov prospektindən keçəndə Psixologiya Elmi Tədqiqat İnstitutunu gördüm, dərhal instituta gəldim. Qapıda bir nəfər qapıçını gördüm, dedim bizə təcili psixoloq lazımdır, dedi, burda belələrini görməmişəm, içəridə də kimsə yoxdur...". Bunları yazan şikayətçi haqlı deyilmi? Niyə o boyda institutun MMC-lərə icarəyə verilmiş kabinetlərində psixoloqlar əyləşmir??? Hətta oxucunun yazdığından məlum oldu ki, deputatın Dərnəgüldəki köçkünlər yataqxanalarının yanında restoranı, institutun altında avtoservisi və s. vardır. Üstəlik, yüksək gərginlikli yarımstansiyanı hasara aldırıb, servisə və instituta elektrik enerjisindən istifadə edir.
***
Bəli, kimsə bu sətirləri qərəzli də hesab edə bilər. Amma bunu deməmişdən qabaq ortaya fakt qoysun ki, elə deyil, o Xalq artisti, o Xalq şairi olmaq istəyən, o professor... bu günlərdə əsgərlərimizin yanında olub! Qubadlıda baş verən son hadisədə isə cəmiyyətin hərbçilərə laqeyd mnasibətinin xüsusi çəkisi az deyil. Yeni İl bayramında TV-lərin, mətbuatımızın heç birində rast gəlmədik ki, hansısa mədəniyyət, şairlər, yazıçılar, psixoloqlar... qrupu hərbçilərimizin yanında olub, konsert verib, kimsə şeir oxuyub, hansısa psixoloq həkim Bəxtiyar Əliyevdən əsgərlərə salam çatdırıb və s. Bəlkə kimsə şəhid məzarına baş çəkib???
Gəlin laqeydliyin girovu olmayaq və Azərbaycana, türk dünyasına baş ucalığı gətirmiş, Şuşaya bayrağımızı sancmış... əsgərlərimizi unutmayaq...
Asif MƏRZİLİ //tezadlar.az//