Axtarış...

"Azəriqaz"ın Xızı sakini ilə NƏ ƏDAVƏTİ VAR? - GİLEY

"Azəriqaz"ın Xızı sakini ilə NƏ ƏDAVƏTİ VAR? - GİLEY

Xızının Giləzi kəndinin sakini Əfqan Abdullayev evinə qaz çəkdirə bilmir. Səbəb də ata yurdunda ev tikməsidir. DİA.AZ xəbər verir ki, eyni həyətdə atasından qalan başqa bir ev də var və qaz yalnız o evə verilir. “Mənə deyirlər ki, bir həyətdə yalnız bir yerdə qaz ola bilər. Bu, absurddur. Bir həyətdə iki ev ola bilməz? Görünür nəsə hörmət etməyimi istəyirlər, ona da imkanım yoxdur”.

Əfqan Abdullayev deyir ki, ailədə 7 nəfərdilər. Təsərrüfatla dolanırlar və qışda evlərini elektriklə isitməli olurlar. Bu da onlara baha başa gəlir və bəzən borclar üst-üstə yığılır:

“Yayda az-az ödəyib bitiririk ki, yenə qış gəlir. Hətta bəzən ödənməmiş borca görə elektriki kəsdikləri də olur. Onda həm də işıqsız qalırıq. Müraciətlərimizə də baxan yoxdur. Başqa hara, kimə müraciət edəcəyimizi də bilmirik. Adam qazdan ötrü də prezidentə müraciət etməyə utanır”.

Şikayətçi bildirir ki, hər problemdən ötrü müraciət etməkdən, səs-küy salmaqdan yorulub. Heç nəyə sakitliklə nail olmaq mümkün deyil və bu yorucudur:

“Məsələn, lap sayğac bir dənə olsun, ancaq bizim evimizə də qaz çəkilsin, ona da razıyam. Ancaq təsdiqləyən, razılıq verən yoxdur. İnanın, 7 nəfərin tək gəlir yeri əkin-biçindir. Daha çox bostan tərəvəzləri əkir, yayda onları satır və ilboyu dolanırıq. İmkansızlıqdan uşaqlara ali təhsil belə verə bilməmişəm. Təbii o da başqa dərddir. İş də yoxdur ki, gedib işləyəsən, daimi gəlirin olsun. Həyəti də görürsüz, kiçikdir və ancaq 2 ev sığışıb. Burada heyvan saxlamaq da mümkün deyil. Bir də problemlərin üstünə qışda qazın olmaması və od qiymətinə olan elektrik enerjisi gəlir. Qalırsan lap çıxılmaz durumda”.

Əfqan Abdullayev bildirir ki, bir neçə dəfə ünvanlı sosial yardım üçün müraciət etmək istəyib. Ancaq aldığı cavab “sizə yardım düşmür”, – olub:

“Axırıncı müraciət 2014-cü ildə olub. Ondan sonra müraciət də etmədik, heç ümid də yoxdur. Bilirsiniz də, bu yardımı ancaq imkanlılar alır. Belə bir deyim var və heç kimə sirr deyil”.

“Ürəyimi açıb bütün problemlərimi danışıram. Ancaq bilirəm ki, bunlar həll olunmayacaq. Qaz problemini isə istəsələr həll edərlər. Bir sayğac qoyacaqlar, bir də yaxın ərazidən qaz çəkəcəklər. İşlədib, pulunu ödəyəcəm.

Bu, xüsusi bir istək deyil. Ya da demirəm ki, mənə pulsuz qaz verin. İşinizi görün, mən də xidmətdən istifadə edib, pulunu ödəyim”, – şikayətçi deyir.

Xızı Rayon Qaz İstismar Sahəsindən Meydan TV-yə bildirilib ki, vətəndaş düz danışmır: “Bəlkə ev sənədləşdirilməyib, ona görə deyilib ki, burada bir ev var, onun da qazı var. Ancaq sırf iki evin bir həyətdə olması qaz çəkilməsi üçün problem deyil. Bəzən kənd evlərində bir evi ortadan iki yerə bölürlər və deyirlər ki, 2 sayğac quraşdırın, bu, mümkün olmur. Biz yenə də araşdıracağıq, görək problem nədədir”.

Əfqan Abdullayev sonda deyir ki, evi digərindən tamamilə ayrıdır:

“Bəhanə gətirdikləri şeylərdən biri də limitdir. Məni get-gələ salır, işimi həll etmirlər. Əslində isə böyük problem deyil, istəsələr həll edərlər”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz