Axtarış...

Bu qərarla Bakı dünyaya iki mesaj verir – Türk professor

Bu qərarla Bakı dünyaya iki mesaj verir – Türk professor

Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, professor Kürşad Zorlunun Axar.az-a müsahibəsi:

- Kürşad bəy, bu il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 30 il ötür. Bu yaxınlarda Milli Məclisdə 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may tarixinin Azərbaycan Respublikasında Müstəqillik Günü kimi, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü kimi qəbul edilməsi haqqında qanun layihəsi müzakirə ediləcək. Bunun siyasi və tarixi önəmini necə qiymətləndirirsiniz?

- Əgər sözügedən qanun layihəsi Milli Məclisdə qəbul olunsa, bu, Azərbaycan üçün siyasi və diplomatik baxımdan çox önəmli bir addım kimi tarixə düşəcək. Əlbəttə, məsələni çoxşaxəli formada qiymətləndirmək lazımdır. Qərar özündə Azərbaycan üçün rəmzi və mesaj verən tərəfləri birləşdirir. Belə ki, atılacaq bu addımın hədəfi 1918-ci ildə qurulan müsəlman Şərqinin ilk demokratik dövləti ilə 1991-ci ildə yenidən müstəqilliyini elan edən Azərbaycan Respublikasını tarixi və konseptual baxımdan tam mənası ilə bütövləşdirməkdir.

- Qərarın siyasi əhəmiyyəti haqqında nə demək mümkündür?

- İlk baxışdan qərar insanda kiçik bir texniki dəyişiklik təəssüratı oyadır. Ancaq bununla Azərbaycan dövləti iki önəmli məsələni gündəmə gətirir. Birincisi odur ki, Azərbaycan Respublikası 1991-ci ildə birdən-birə ortaya çıxmayıb. Çünki dövlət qurmaq o qədər asan məsələ deyil. Bunun üçün sənin tarixi, elmi, ideoloji və siyasi bazan, təməlin olmalıdır. Hazırki müstəqil Azərbaycan dövlətinin də təməli onun əsaslandığı zəngin tarix və 103 il əvvəl qurulan Azərbaycan Demokratik Cümhuriyyətdir. Azərbaycan 1920-ci ildə öz müstəqilliyini işğal nəticəsində itirib və 18 oktyabr 1991-ci ildə onu yenidən bərpa edib.

İkinci önəmli məsələ isə qərarın diplomatik önəmidir. Bu tarixi bütövlük və ardıcıllığın yenidən Milli Məclisin qərarı ilə rəsmiləşdirilməsi Azərbaycan dövlətinə Zəngəzura olan tarixi haqqına yeni bir səviyyə qazandırmaqdadır. Cəmi 101 il əvvəl Zəngəzur Azərbaycan torpağı olub. Qəbul ediləcək bu qərarla tarixi hafizə yenilənməsi aparılacaq, həm də “Dağlıq Qarabağ” deyərək bölgədəki vəziyyəti çıxılmaz hala sürükləmək istəyənlərə Azərbaycanın haqqı olan tarixi torpaqlar haqqında xatırlatma ediləcək. Son nəticədə bu Azərbaycan dövlətinin “status” məsələsində qətiyyətini çox güclü formada yenidən ifadə edəcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz