Bu günlərdə TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, publik hüquqi şəxs statusunda) rəhbəri postundan öz ərizəsi ilə istefa verən Ramin Bayramlının koronavirusa qarşı mübarizəni necə korrupsiya mexanizminə çevirdiyinə dair bəzi faktlar yerli KİV-lərə sızdırılıb. virtualaz.org xəbər verir ki, bu məlumatlarda Ramin Bayramlının koronavirus testi aparmaq üçün reaktiv və reagentlərin, laboratoriya avadanlıqlarının və digər vasitələrin alınması üçün öz şirkəti üzərindən korrupsiya sxemi qurduğu iddia edilir.
Belə ki, “Bakupost.az” portalı Ramin Bayramlının TƏBİB sədri təyin olunandan sonra “Spektr Med” MMC (VÖEN-i 2001534811) adlı şirkəti satın alıb, ora özünün Hikmət adlı yaxın adamını direktor təyin edib. Çox keçmədən koronavirus pandemiyası tüğyan etməyə başlayıb və digər ölkələr kimi Azərbaycan da virusa qarşı mübarizə aparmaq üçün xüsusi səfərbərlik tədbirləri görməyə başlayıb. Bu isə təcili olaraq koronavirus testlərinin aparılması üçün xüsusi reagentlərin və reaktivlərin, laboratoriya avadanlıqlarının və digər tibbi avadanlıqların alınmasını zəruri edirdi.
Bildirilir ki, R.Bayramlı laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin (Onlardan bəzilərinin adları göstərilir-“Sysmex Sverige Corporation”, “QIAGEN”, “Roche” və s.-dir – red.) xarici nümayəndələri ilə şəxsən görüşərək “Spektr Med”ə eksklüziv tərəfdaş səlahiyyətinin verilməsini istəyib.
İddiaya görə R.Bayramlı həmin şirkətlər qarşısında belə bir şərt qoyub ki, onlar özlərinin Azərbaycan üzrə nümayəndəliyini digər firmalardan alaraq “Spektr Med”ə versinlər. Əvəzində isə vəd olunub ki, bu xarici şirkətlərlə böyük məbləğdə müqavilələr bağlanılacaq, xeyli miqdarda laboratoriya cihazları və reaktiv-reagentlər alınacaq. Şirkətlər bu şərtlə razılaşmayacaqları halda onlardan dövlət heç bir mal almayacaq, ölkəyə alternativ şirkətlər dəvət ediləcək.
“R.Bayramlı şirkətlərin bu sövdələşmədən qaçmaması üçün onları buna da əmin edib ki, dövlət tərəfindən bu işlər TƏBİB-ə həvalə edilib, yəni bütün işlərə o baxır. Sövdələşmə baş tutandan sonra tələbnamə üçün həmin firmaların mallarının siyahısı tutulub. Bunun əsasında TƏBİB sədri müəyyən edib ki, həmin şirkətlərdən nələri ala bilər. Bundan sonra isə R.Bayramlı pandemiya ilə mübarizə üçün Azərbaycanda kifayət qədər laboratoriya avadanlıqlarının olmadığını, bu vəziyyətdə virusla mübarizənin çətin olacağını əsas gətirərək külli miqdarda laboratoriya avadanlıqları və reaktivləri satın alıb. COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib”,-sayt belə yazır.
Bildirilir ki, Ramin Bayramlı bəzi xəstəxanaların satınalma, anbar və laboratoriya əməkdaşlarını da birbaşa özü vəzifəyə təyin edib. O, həmin kadrları özünün inandığı şəxslərin arasından seçib. Əsas yeyinti halları bundan sonra başlayıb. R.Bayramlı “adamları”nın olduğu yerlərdə, əsasən də yeni qurulmuş laboratoriyalarda dövlət vəsaiti hesabına alınmış reaktiv-reagent, sərfiyyat mallarının bir hissəsini özünün təsis etdiyi “İnci” laboratoriyalarına göndərib.
“İnci” laboratoriyalarındakı reaktiv-reagentlərin böyük bir qismi dövlət müəssisələrində kağız üzərində “istifadə edilmiş” reagentlər olub. Pulsuz reagentlər əldə edə bilməkdən ötrü o, analiz üçün istifadə edilən reagentlərin sayını sənəddə şişirdərək yazdırıb. Məsələn, bir şəxsin analizi üçün 2 reagent lazım olduğu halda, sənəddə bu say 5 göstərilib və qalan 3 reaktiv-reagent “İnciLab”a göndərilib.Kağız üzərində sənədləşmə qüsursuz icra olunduğundan bu faktın üstü uzun müddət açılmayıb. Daha çox pul qazanmaq tamahında olan R.Bayramlı dövlətdən mənimsədiyi reaktiv-reagentləri istifadə edə bilmək üçün digər klinikalara “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidmətinin göstərilməsi üçün əməkdaşlıq təklif edib. “İnciLab” klinikalara onların yaradacağı laboratoriyanın xərclərinin digər klinikalardan daha az olacağı, gəlirlərin isə onlardan daha çox olacağı vədini verib. Bu əməkdaşlıq sayəsində “İnci” laboratoriyaları bir neçə özəl tibb müəssisəsində “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidməti göstərir.
Hazırda “İnciLab”ın mərkəzi filialı, HP Güvən Klinik filialı, Yeni Gəncə Tibb Mərkəzi filialı, Tovuz filialı, Sumqayıt filialı, İnci Diaqnostika Mərkəzi kimi 6 filialı var. Bu filiallar barədə “İnci” laboratoriyalarının rəsmi saytında da məlumat verilir.
Habelə iddia edilir ki, R.Bayramlı korrupsiya mexanizmini daha da genişləndirmək üçün Vüsal adlı qaynının adına da şirkət təsis edib. Və nəzarətində olan xəstəxanaların bir qisminə təsərrüfat mallarını bu şirkətdən almağı tapşırıb.
Maraqlıdır ki, Ramin Bayramlıya məxsus olduğu iddia edilən “Spektr Med” MMC şirkəti onun istefasından cəmi bir neçə gün sonra yenə də milyonlarla manatlıq sifariş alıb. Belə ki, dünən sentyabrın 16-da yayılan xəbərdə deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölmələrində istifadə üçün nəzərdə tutulan dərman preparatları, reaktiv və tibbi sərflərin satın alınması ilə bağlı 2 təkliflər sorğusuna yekun vurub. Vahid dövlət satınalmaları portalında göstərilir ki, hər 2 sorğunun qalibi "Spektr Med" MMC-dir. Qalib şirkətə 1 659,2 min manat və 700 min manat, ümumilikdə 2 359,2 min manat ödəniləcək.
2019-cu ilin mayında, pandemiyadan əvvəl isə “Spektr Med” MMC şirkətinin adı Talassemiya Mərkəzinin elan etdiyi 8.5 milyon manatlıq tenderi udan 6 şirkət arasında yer alıb. İnternet mənbələrində bu şirkət barədə digər məlumatlara rast gəlinmir.
virtualaz.org “Spektr Med” MMC şirkətinin Ramin Bayramlıya məxsus olması və bu şirkət üzərindən koronavirusa qarşı mübarizə üçün ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsi iddiaları ilə bağlı həm şirkətin, həm Bayramlının özünün mövqeyini öyrənməyə çalışıb, amma cəhdlər hələlik nəticəsiz qalıb.
Qeyd edək ki, Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar aparıb. Bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edir. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.
Ramin Bayramlının atası onun istefasından sonra jurnalistlərə açıqlamasında oğlunun rüşvət alması və korrupsiyaya bulaşması haqda deyilənləri, yazılanları təkzib edib. Oğlunun öz evi olmadığı üçün onunla bir həyətdə yaşadığını, “neçə il əvvəl aldıqları” 4 sot torpaq sahəsində təzə özünə ayrıca ev tikməyə başladığını demişdi…
virtualaz.org