Axtarış...

Əbülfəs Qarayevi də Səlim Müslümovun AQİBƏTİ GÖZLƏYİR... - Hər şey BUNA DOĞRU GEDİR...

Əbülfəs Qarayevi də Səlim Müslümovun AQİBƏTİ GÖZLƏYİR... - Hər şey BUNA DOĞRU GEDİR...


Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Ötən il mayın 21-də Prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan götürülən Əbülfəs Qarayev, gözlənildiyi kimi, məsuliyyətə cəlb edilmədi. Halbuki DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavininin, həmçinin idarə rəisinin həbsi sabiq nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onun da istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı. Yada salaq ki, həbs edilən nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Ötən həftə hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramov son söz dedi və məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edildi. Qeyd edək ki, R.Bayramov özünü qismən təsirli bildiyini deyib: “İstintaq müddətində Mədəniyyət Nazirliyinin fəaliyyəti yoxlanılıb və aydın olub ki, mənim imza səlahiyyətim olmayıb. Son nəticədə görünüb ki, adımda heç bir yeyinti yoxdur. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur. Özümü qismən təqsirli sayıram. İşdə müəyyən diqqətsizlik və nöqsanlarım olub. Buna görə cənab Prezidentdən üzr istəyirəm. Xahiş edirəm qərar verərkən, himayəmdə 3 azyaşlı uşaq olduğunu və həyat yoldaşımın xərçəng xəstəsi olduğunu nəzərə alasınız”.

Son iclasda Bayramovun müəyyən eyhamlar vurması diqqət çəkdi. Qeyd edək ki, Rafiq Bayramov həm də uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub.

Publika.az sabiq nazir müavininin ibtidai istintaqa verdiyi ifadələri əldə edib. O, istintaq zamanı regional mədəniyyət idarələrinin rəislərindən, həmçinin tenderlərdə qalib gələn şirkətlərdən aldığı bütün pullardan nazir Əbülfəs Qarayevin xəbərinin olduğunu və ona şəxsən verdiyini qeyd edib. İstintaq materialları bu cür faktlarla zəngindir.

Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladığı haqda müəyyən təəssürat yaradırdı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə həmin ərəfədə keçmiş nazirin və ailəsinin sahib olduğu şirkətlərin siyahısını yayımlamışdı. Yayılan sənədlərdən məlum olurdu ki, sabiq nazirin ailə şirkətləri Rusiya, Litva, Panama, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir. Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb.

Siyahını yenə qısaca yada salaq.

Keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən “SQ-FUTURE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, MÜSLÜM MAQOMAYEV, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır.

Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı KAZIMOVA LALƏ TOFİQ qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən “YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ qeydə alınıb. O, “Jazz Dostları” ictimai birliyinin də təsisçisidir.

Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, otel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib.

Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımının sosial şəbəkələrdəki hesabında Bodrumdakı beşulduzlu “Kuum” hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur.

Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. “TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vülnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.

Əbülfəs Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. QALS MMC (QALS OOO) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Cəfərov Fərid Oqtay oğludur.

Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad. Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir. Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən 100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib.

Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şirkəti isə Azərbaycandadır. “GALS GALLERY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur.

Muzey Mərkəzi “Rus” muzeyi də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir.

Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, YUSİF MƏMMƏDƏLİYEV, ev 14-də hüquqi qeydiyyatdadır.

Həmin ünvanda keçmiş nazirin xanımına məxsus “GALS BEAUTY AND SPA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2013-cü il mayın 3-də Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı Bakının mərkəzindəki “NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.

Məlumatlı mənbə Musavat.com-a deyib ki, Ə.Qarayev Bakıdadır. Onu bir neçə dəfə istintaqa çağırıblar, amma bu barədə rəsmi bilgi yoxdur. Ə.Qarayevin biznes imperiyası ilə bağlı yayılan sənədlərlə bağlı da izahatı alınıb. “Belə görünür ki, Əbülfəs Qarayev bağında oturub məhkəmələrin sonunu gözləyir” - deyə, mənbə bildirib. Belə ehtimal etmək olar ki, sabiq nazir dövlətə vurduğu ziyanı, buradan qaçırdığı paraları ya geri ödəməklə razılaşacaq, ya da həbsə girəcək. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü - səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir. Bu maddədə səhlənkarlıq - işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz