Axtarış...

Kim düz deyir: Şahmar Mövsümov, yoxsa Operativ Qərargah? - Koronavirus müəmması

Kim düz deyir: Şahmar Mövsümov, yoxsa Operativ Qərargah? - Koronavirus müəmması

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərkən Azərbaycanda cəmi 24 % peyvəndləmə həyata keçirildiyini və bu rəqəmi 60 %-ə qaldıra biləcəyimiz halda pandemiyanın bitəcəyini bildirib. Şahmar müəllimin 24 % rəqəmini hardan götürdüyünü və 60 % dedikdə nəyi nəzərdə tutduğunu bilmirəm. Amma onu bilirəm ki, elə Nazirlər Kabineti yanında Operativin qərəgahın peyvəndləmə ilə bağlı gündəlik verdiyi məlumatlar, Dövlər Statistika Komitəsinin əhalinin yaş tərkibi ilə bağlı məlumatları və eləcə də Mərkəzi Seçki Komissiyasının Azərbaycanda seçici sayı ilə bağlı verdiyi rəqəmlər Şahmar müəllimin dedikləri ilə üst-üstə düşmür.

İndi konkret rəqəmlərlə dediklərimi sübut etməyə çalışacam. Əvvəla ondan başlayaq ki, Azərbaycanda Covid-19 əleyhinə vaksin yalnız 18 yaşdan yuxarı əhali qrupuna vurulur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən Azərbaycanda 0-18 yaş qrupunda olan əhalinin sayı təqribən 2 milyon 800 min nəfər civarındadır. Bu isə o deməkdir ki, 10 milyon əhalisi olan Azərbaycanda 18 yaşından yuxarı əhali qrupu 7 milyondan bir qədər artıqdır. Mən bu 7-7.2 milyon əhalinin nə qədərinin hal-hazırda Azərbaycanda yaşaması ilə bağlı müqayisə açıb sizləri yormamaq üçün Mərkəzi Seçki Komissiyasının Azərbaycanda seçici sayı ilə bağlı açıqladığı son rəqəmə diqqətinizi yönəltmək istəyirəm. Bu rəqəm təqribən 5.5 milyona bərabərdir. Qanunvericiliyə görə seçici 18 yaşdan yuxarı əhali hesab olunduğu üçün demək ki, ölkə ərazisində olan və peyvəndləməyə cəlb olunası insanların sayı da 5.5 milyon civarındadır.

İndi isə Nazirlər Kabineti yanında Operativin Qərargahın peyvəndləmə ilə bağlı 19 avqusta, yəni dünənə verdiyi məlumatlara baxaq. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir. Burada vacib olan ikinci mərhələ üzrə vaksin olunanların sayıdır, başqa sözlə, hər iki mərhələ üzrə peyvənd olan və tam olaraq vaksinləşmiş əhali sayı. Nə az-nə çox düz 2 416 859 nəfər. İndi isə birinci mərhə üzrə vaksin olunanların sayından bu rəqəmi çıxaraq vaksinləşmə prosesinə başlamış və artıq birinci dozanı qəbul etmiş əhali sayını tapaq. 3 574 157 – 2 416 859 = 1 157 298. Başqa sözlə bu o anlama gəlir ki, 3 574 157 nəfər artıq peyvəndə cəlb olunub. Belə ki, ilk dozanı qəbul edən 1 157 298 nəfərin də ikinci doza vaksini vurduracağına şübhə yoxdur.

İndi əldə etdiyimiz rəqəmləri ümumiləşdirməyə çalışaq. Təqribən 5.5 milyon ümumi vaksin olunmalı olan əhali sayı və 3.5 milyondan çox artıq peyvənd olunmuş əhali sayı. 3.5 milyonun 5.5 milyonun neçə faizini təşkil etdiyini bilmək üçün riyaziyyatçı olmağa ehtiyac yoxdur. Orta məktəb səviyyəsində bilik kifayət edir ki, bu rəqəmin 63,6% olduğunu müəyyən edək.

Təkcə bu rəqəm ölkədə peyvənd olunmalı olan insanların sayının artıq 63 %-i keçdiyini deməyə kifayət edir. Amma bu son deyil. Məlum olduğu kimi artıq Covidə yoluxmuş insanlar da ən azı 6 ay ərzində vaksin olunmurlar, çünki xəstəlik orqanizmdə artıq anticismlər formalaşdırıb. Rəsmi statistikaya görə, artıq xəstələnmiş və sağalmış 381 min insanımız var ki, onlar da faktiki olaraq ən azı 6 ay müddətinə peyvəndləmə prosesinə cəlb oluna bilməzlər. Bu rəqəmin üzərinə heç bir qeydiyyat olmadan xəstəliyə tutulmuş və sağalmış və ya özü də bilmədən xəstəliyi simptomsuz keçirən və artıq orqanizmində anticismlər formalaşmış insanların sayını da gəlsək o zaman peyvəndə cəlb olunmalı olan əhalimizin artıq 70 %-dən çoxunun bu prosesi başa vurduğunu görərik.

Elə isə sual doğur: bəs pandemiya niyə bitmir? Axı Şahmar müəllimin məntiqi ilə çıxış etsək gərək pandemiya çoxdan bitmiş olsun.
Rəşad Bayramov
AMİP Mərkəzi Şura sədri
//ovqat.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz