Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bundan əlavə saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.
Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.