Axtarış...

Təhsilə vurulan ZƏRBƏ - Bu hal iki qurumun ziddiyyətinin təzahürüdür? - Mütəxəssisin ŞƏRHİ

Təhsilə vurulan ZƏRBƏ - Bu hal iki qurumun ziddiyyətinin təzahürüdür? - Mütəxəssisin ŞƏRHİ


“Dövlət İmtahan Mərkəzinin (DİM) məntiqsiz qərarı uzun illər ərzində inkişafa amansız zərbə vurub və vurmaqda davam edir”.

Yenicag.az xəbər verir ki, bunu “İnformasiya texnologiyaları” ixtisası üzrə imtahan verən abituriyentlərin üzləşdikləri problemlərə toxunan Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüzə görə, İT və innovasiya sektorunda inkişafa nail olmaq üçün ilk növbədə, imtahana salınan fənnlərin düzgün təyin olunmasına ehtiyac var. Əks halda İT sahəsinə olan maraq getdikcə azalacaq:

“Kompüter və İT yönümlü ixtisas üzrə ali məktəbə qəbul olunmaq istəyənlər hazırda İnformatikadan deyil, qəribə və absurd görünsə də kimyadan imtahana hazırlaşırlar. Və ya Kompüter və İT istiqamətə maraq göstərən, bu sahədə az-çox bilik və bacarığı olanlar kimya imtahanını nəzərə alaraq, tamamilə ayrı ixtisas seçmək məcburiyyətindədirlər. Uzun illərdir ki, şagirdin, ailənin, müəllimin və məktəbin resursları bilərəkdən absurd istiqamətə yönləndirilir. Hələlik ekosistemə əsas cavabdeh qurumlar olan Təhsil Nazirliyi, NRYTN və ASAN, İT ixtisas verən universitetlər, İKT ictimaiyyəti DİM-in bu qərarının ləğvinə nail ola bilməyiblər.

Hərdən müşahidə edirik ki, adı çəkilən qurumlar sektorda canlanma yaratmaq, regionlarda bu istiqamətdə müəyyən dirçəliş və daha yaxşı mühit üçün hansısa işlər görmək istəyirlər. Amma hamı bilir ki, “İnformatika, yoxsa kimya” problemi həll edilmədən İT və innovasiya sektorunda ciddi keyfiyyət dəyişiklikləri mümkün olmayacaq.

Adi hesablama və monitorinqlə müəyyən etmək olar ki, Dövlət İmtahan Mərkəzinin (DİM) bu məntiqsiz qərarı ilə uzun illər ərzində inkişafa nə qədər amansız zərbə vurulub və vurulmaqda davam edir. Sadəcə bilinmir ki, bütün bu mənasız dirənişlər yalnızca DİM-in bəsit məntiqindənmi ibarətdir, yaxud yalnız iki dövlət qurumu arasında olan ziddiyyətlərinmi təzahürüdür, yoxsa ölkədə bu sahədə inkişafı istəməyən daha dərin mətləblərmi var?! Görünür ki, növbəti mərhələdə bu problemin həlli istiqamətində daha ciddi addımlar atmaq lazım gələcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz