Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Bu barədə muzey məlumat yayıb.
Əşyalar P.Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə verilib. Bunlar şəhidin istifadə etdiyi hərbi geyim səhra forması – şalvar, kitel və papaqdan ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub.
Bu dəyərli materiallar muzeydə yeni yaradılan “Anadır arzulara hər zaman, Qarabağ” adlı sərgidə nümayiş olunacaq.
Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.
P.Həşimov iyulun 15-də II Fəxri xiyabanda torpağa tapşırılıb.