Ermənistanın Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşına qarşı əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi yüksək rütbəli hərbçi tərəfindən dövlətə xəyanət işi ilə bağlı cinayət işinin ilkin istintaqını başa çatdırıb. Saxlanılan erməni hərbçinin 44 günlük müharibə dövründə Azərbaycan kəşfiyyatı ilə əməkdaşlıq etdiyi müəyyən olunub.
Cəsusluqda şübhəli bilinərək saxlanılan şəxsin Azərbaycanın Gürcüstandakı səfirliyinə gedərək orada Azərbaycan xüsusi xidmət orqanları ilə görüşdüyü və ondan tələb olunan məlumatları verdiyi bildirilir.
Qeyd olunur ki, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı Ermənistan ordusunun mövqeləri, əsgərlərin sayı, hücum vasitələri, raketlərin sayı kimi hərbi sirr təşkil edən məlumatları Azərbaycan tərəfinə ötürüb.
Bunlardan başqa həmin şəxsin evində çoxlu sayda qanunsuz silah aşkarlanıb.