Axtarış...

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib.

Bu barədə işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən məlumat verilib.

Bildirilib ki, məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib:

"Məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyən edilib.

Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodraçı şirkətin yolun tikintisinə məsul olan və ciddi səhlənkarlığa yol vermiş əməkdaşları barədə cəza tədbirləri görüləcək.

Həmçinin, Əlaqələndirmə Qərargahının rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrə nəzarətin daha da gücləndirilməsi, bərpa və yenidənqurma işləri zamanı ərazidəki tikililərin təyinatının aidiyyəti üzrə dəqiqləşdirilməsi ilə bağlı müvafiq göstəriş verilib".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz