Axtarış...

Rusiyanın pomidor savaşı: Moskva yeni “5-ci kolon” yaratmaq istəyir? - NƏ BAŞ VERİR?

Rusiyanın pomidor savaşı: Moskva yeni “5-ci kolon” yaratmaq istəyir? - NƏ BAŞ VERİR?
Bu gündən etibarən Azərbaycanın daha 7 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

Ovqat.com xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") dünən bu barədə qərar imzalayıb.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib.

İlk baxışdan bu qərar Azərbaycanın kənd təsərrüfatı sektoruna ciddi töhfələr verəcək, fermerlərimiz Rusiya kimi böyük bazarda fəaliyyətlərini böyütmək imkanı əldə edəcək və ölkəmizə yenə xarici kapital gətirəcəklər. Fəqət “Rosselxoznadzor”-un addımına fərqli aspektlərdən baxan mütəxəssislər də az deyil. İş adamı və kənd təsərrüfatı mütəxəssisi Mürvət Həsənlinin mövzu ilə əlaqədar qələmə aldığı “Rusyanın pomidor savaşı” sərlövhəli məqaləsini təqdim edirik:

“Bu yaxınlarda ABŞ ordusunun NATO və Avropa üzrə keçmiş kuratoru, general-leytenant Cim Tounsend Ukraynanın ən yaxşı silahının ABŞ raketləri yox, beynəlxalq sanksiyalar” olduğunu bildirmiş, Kiyevi düşməni ilə “isti qarşıdurma”lara getməkdənsə, iqtisadi sanksiyalara üstünlük verməyə və bunun yollarını axtarmağa çağırmışdı. Generalın bu sözləri müasir çağımızda iqtisadi münasibətlərdən bir silah kimi istifadə olunmasının ən bariz nümunəsidir. Son zamanlar ABŞ-ın “şeytan üçbucağı” adlandırdığı coğrafiyada yerləşən dövlətlərə, o cümlədən İran, Çin, Şimalı Koreya və s. ölkələrə qarşı da eyni siyasətdən istifadə etdiyini görürük.

Bu günün reallıqlarına nəzər salanda iqtisadi savaş Rusiyanın da rəqiblərə qarşı əsas silahlarından birinə çevrilib. ABŞ ona qarşı necə müəyyən məhdudiyyətlər tətbiq edirsə, Moskva da region ölkələrinə bənzər üsullarla təzyiq göstərir. Yadınızdadırsa, Türkiyə 2015-ci ildə öz hava sərhəddini pozan rus hərbi təyyarəsini vurandan sonra Moskva ondan idxal etdiyi bir çox məhsullara və qardaş ölkəyə turist səfərlərinə qadağalar qoydu. Bənzər hadisə Türkiyə prezidentinin ukraynalı həmkarını təmtəraqla qarşıladığı və ərazi bütövlüyü məsələsində rəsmi Kiyevi dəstəklədiyi son günlərdə də yaşandı. Məlumatlara görə, koronvirus pandemiyasını bəhanə edən Rusiya Türkiyəyə təyyarə uçuşlarını dayandırmağa qərar verib. Bütün bunlar Moskvanın öz istehlak gücündən başqa dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyini göstərir.

44 günlük savaşdan sonra Azərbaycan da Rusiyanın iqtisadi savaşına məruz qalan ölkələrdəndir. Müharibə zamanında Ermənistana silah verən və onu açıq şəkildə dəstəkləyən Kreml Azərbaycan ordusunun Qarabağda qazandığı qələbədən sonra birdən-birə ölkəmizdən aldığı bir sıra kənd təsərrüfatı məhsullarına, o cümlədən pomidor idxalına qadağalar qoydu. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bu qərarını guya pomidorumuzda Amerika güvəsinin tapılması ilə əsaslandırdı. Halbuki, bundan əvvəl də həmin şirkətlər eyni qaydada Rusiyaya pomidor ixrac edir və nədənsə heç bir məhsulda bu xəstəlik ortaya çıxmırdı.

Üstəlik, Azərbaycan fermerlərini bu sahəyə yönəlməyə həvəsləndirən də elə Rusiyanın özü olmuşdu. 2014-cü ildə Ukraynanın bəzi ərazilərini işğal və ilhaq edəndə Avropanın bir sıra dövlətləri Rusiyaya qida məhsulları satmaqdan boyun qaçırmış, Moskva region dövlətlərinə üz tutaraq, onu bu çətin vəziyyətdən çıxarmağı ummuşdu. Azərbaycan fermerləri də bu çətinliyi fürsət bilərək pomidor istehsalını artıraraq həm qazanc əldə etmək, həm də qonşu dövləti qida böhranından qurtarmaq istəmişdilər. Nəticədə isə Qərblilərin ifadə etdiyi kimi, “etibarsız tərəfdaşla” üzləşdilər.

Rəsmi statistikaya inansaq, Rusiyaya pomidor ixracı sayəsində kənd təsərrüfatının bu sahəsi 2017-ci ildən başlayaraq Azərbaycanın qeyri-neft sektorunda birincilik əldə edə bilmişdi. DSK-nın açıqlamalarına görə, 2017-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 9,9 faizini, 2018-ci ildə isə 10,5 faizini, 2019-cu ildə 9,7 faizini, 2020-ci ilin 10 ayında isə 11,98 faizini pomidor təşkil etmişdi. Təkcə 2019-cu ildə Rusiyaya 189 milyon 292 min dollar dəyərində 174 min 548 kq pomidor ixrac edildiyi halda, 2020-ci ilin 10 ayında bu göstərici 173 milyon 19 min dollar dəyərində 160 min 269 kq-a enmişdi. Bununla belə, ötən il qeyri neft məhsulları ixracının 11.98 faizi pomidorun payına düşmüşdü.

Rusiyanın qadağa qoyduğu alma ixracından da Azərbaycan 2020-ci ildə 21 milyon 201 min dollar qazanmışdı. Nəticədə, ötən il qadağa tətbiq olunana qədər 10 ay ərzində fermerlərimiz pomidor və alma ixracından 200 milyon dollara yaxın gəlir əldə etmişdilər. Mütəxəssislərin fikrincə, bu məbləğ Azərbaycanın həmin dövrdə Şahdəniz yatağından qazandığı gəlirlərin- 276 mln. ABŞ dolların – 70 faizini təşkil edirdi. Rusiya isə “Amerika güvəsi” bəhanəsilə ölkəmizi az qala bir neft quyusunun gətirdiyi gəlirlərdən məhrum etmişdi.

Məsələ iqtisadi savaş texnologiyasının tətbiqi ilə də bitmir. Dərd burasındadır ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tədricən pomidor ixracına icazə verməklə də bəzi şübhədoğuran addımlar atır, bu da daha təhlükəli iqtisadi savaş texnologiyasının həyata keçirilməsi ehtimalını yaradır. Belə ki, Federal Xidmətin indiyədək pomidor ixracına icazə verdiyi şirkətlərin böyük əksəriyyəti ölkəmizdə indiyədək tanınmayan tədarükçülərdir. Tanınmış və daha böyük şirkətlər isə nədənsə bu qadağanı aşa bilmirlər. Bir kənd təsərrüfatı mütəxəssisi və aqrar sektorla məşğul olan iş adamı kimi deyə bilərəm ki, hələ də ixrac qadağasından qurtula bilməyən həmin böyük şirkətlər heç də daha keyfiyyətsiz mal istehsal etmirlər. Hətta bəzi göstəricilərinə görə onların məhsulları digərlərindən daha keyfiyyətliliyi ilə seçilir. Buna rəğmən, şirkətlər arasında yaradılan ayrı-seçkiliklər azad rəqabət imkanlarını əngəlləyir və kimlərisə batırmağa, kimlərisə inkişaf etdirməyə xidmət göstərir. Daha açıq desək, sanki Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti hansısa şirkətlərin siyasi hakimiyyətə yaxın təsərrüfat olduğunu düşünür və iqtisadi cəhətdən onlara təzyiq edir (Sözsüz ki, bu fikrin əsaslı olduğunu düşünmürəm, sadəcə Moskvanın bəzi şirkətlərinə imtiyazlı davranmasından belə anlaşıldığını təxmin edirəm).

Sirr deyil ki, Azərbaycanın siyasi hakimiyyəti Rusiyanın 44 günlük savaşda tutduğu mövqeyi faş etdikcə, Moskvanın bəzi iş adamlarına imtiyazlı yanaşması da daha aydın şəkildə nəzərə çarpır. Yeri gəlmişkən, Azərbaycana qarşı pomidor savaşı yalnız 44 günlük müharibədən sonra ortaya çıxmayıb. Ordumuzun 2016-cı ildə qazandığı uğurlardan sonra Rusiyanın bənzər siyasətə əl atdığını, xüsusilə 2017-ci ildə 33 ton pomidorun ölkəyə keçirilməsinə izn vermədiyini də o dövrün media orqanlarında rahatlıqla görə bilərik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti həmin vaxt tətbiq edilən qadağanın səbəbinə bu cür aydınlıq gətirmişdi: “Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycanın Dövlət Fitosanitar Nəzarəti Xidmətinə rəsmi məktub ünvanlayaraq, Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında və bu məhsulun müşayiətedici sənədi olan fitosanitar sertifikatın əlavə deklarasiya bölməsində məhsul istehsalçısının adının və ünvanının qeyd edilməsi tələbini qoyub”.

Bu əsaslandırmadan da göründüyü kimi, ən kiçik səbəblər belə, bəzən Rusiyanın əlində pomidor ixracına qadağa qoyulması üçün əsas ola bilir. Elə bu faktın özü də ixrac qadağasının iqtisadi yox, siyasi səbəbdən qaynaqlandığını təsdiqləyir və təhlükəli tendensiyadan xəbər verir.

Təhlükə isə ondan ibarətdir ki, istənilən ölkənin iş adamlarına xarici dövlətlərin bu cür ayrıseçkiliklə yanaşması bir çox arzulanmayan nəticələr doğura bilər. Azad rəqabət qaydalarına uyğun gəlməyən bu cür imtiyazlar iş adamlarını özlərinə bağlamaq və daha sonra isə həmin ölkəyə qarşı onlardan istifadə etmək imkanı yaradır ki, bu siyasətdən imperialist maraqlar üçün müxtəlif zamanlarda istifadə olunduğu bəllidir. Heç uzağa getməyək, Osmanlı dövlətinin son illərində fransızlar, ingilislər, ruslar və s. kimi imperialist qüvvələr erməni sahibkarları bu cür metodlarla dəstəkləyərək ölkənin ən güclü iş adamlarına çevirmiş və daha sonra onları üsyana, separatizmə həvəsləndirmişdilər. Bu gün dünyanın bir çox ölkələrində fəaliyyət göstərən erməni lobbiləri məhz həmin dövrlərdə xaricilərin iqtisadi güc mərkəzinə çevirdikləri qüvvələrin davamçılarıdır. Odur ki, Azərbaycan hakimiyyəti ölkəmizdə haqsız rəqabət mühiti yaradan Moskvanın bu siyasətinin qarşısını almağa çalışmalı, hər kəsə eyni fürsətdən yararlanma şəraitini bərpa etməlidir. Əks halda bu cür süni imtiyazlar ölkəmizdə yeni "5-ci kolon"ların yaranmasına xidmət edə bilər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz