Saytların birində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və onun Qazax Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Akif Vəliyev haqqında uzun-uzadı vəsfnaməyə rast gəldik.
Yadımıza məşhur filmdəki “Vəsf zamanı deyil, afət” söhbəti düşdü.
Deməli, başçının və onun nümayəndəsinin tənqidindən qəzəblənən müəllif “tənqidçiyə” 5 mərtəbəli söyüşlər yağdırır.
Gah ağzıgöyçək, deyir, gah dəyyus deyir, gah da “tənqidçi”ni milçəyə bənzədir.
Sonra da deyir ki, kişi olan kəs kişinin evinin sayını deməz.
Birincisi, bu adam başa düşmür ki, hamımız tənqidə dözümlü olmalıyıq. İcra nümayəndəsini tənqid edən kəsi “söyüş atəşinə” tutmaq özü tərbiyəsizlikdir.
İkincisi deyirsən ki, kişi kişinin evinin sayını deməz. Bəlkə sən deyən kişi narkotik satmaqla, yaxud qadın alveri ilə, ya da rüşvətlə bu evləri alıb. İndi bunu cəmiyyət deməsin ?
Bu nə məntiqdir ?
Deyirsən ki, Qazağın icra başçısı Rəcəb Babaşov ölkədə sayılıb-seçilən icra başçılarından biridir. Bu tərif nəyə lazımdır, cənab müəllif ?
Cənab Babaşovun əməlləri barədə, onun keçmiş əlaqələri, kimlərin “qara kassası” olması haqqında mediada kifayət qədər məlumat var. Bu gün belə icra başçılarının çoxu həbsxanadadır.
Başçının nümayəndəsi Akif Vəliyev əvvəl Qazaxda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləyib. Akif Vəliyevin keçmiş naziri Səlim Müslümov hazırda məhkum həyatı yaşayır. Və nazirlikdə, eləcə də rayon şöbələrində olan rüşvət və korrupsiya ərşə dirənib. İndi Akif Vəliyevi bizə süddən çıxan qaşıq kimi təqdim etmək nə dərəcədə doğrudur?
Dövlətdən konkret maaş alan Akif Vəliyev o evləri hansı pulla alıb ?
Akif Vəliyev indi də başçının Qazax Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsidir.
Son illərdə şəhərdə binaların dam örtüyünün dəyişdirilməsinə, səkilərin, bardürlərin yenilənməsinə dövlət tərəfindən kifayət qədər maliyyə ayrılıb. Deyirsən, Akif Vəliyev o boyda vəsaitdən mənimsəməyib ?
Buyursun hesabat versin.
Digər tərəfdən deyirsiniz ki, bütün Qazax cammatı başçıdan və Akif Vəliyevdən çox razıdır.
Sizin 100 minlik Qazax camaatı adından danışmağa nə haqqınız var ?
gundelik baki.com