Gəncədə şəhidlərə qarşı hörmətsizlik edilib.
Oxu.Az-ın məlumatına görə, şəhərdə yerləşən Şəhidlər xiyabanında qəhrəmanlarımızın məzarları başına qoyulan əklillər və Azərbaycan bayraqları toplanaraq zibilliyə atılıb.
Məsələ barədə Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov saytımıza açıqlamasında bildirib ki, şəhidlərin məzarları üstündəki əklillərin yığışdırılmasının səbəbi yenisi ilə əvəzləməkdir:
“Məqsəd məzarların üstünü yeni güllərlə bəzəməkdir. Çünki Novruz Bayramı ilə bağlı Şəhidlər xiyabanına ziyarətə gələnlər olacaq”.
Bələdiyyə sədri qeyd edib ki, zibilliyə bayraqların atılması düzgün deyil:
“Oraya atılan bayraqlar deyil, lentlərdir, gün vurub və rəngləri solub. Hamısı götürülüb ki, yenisi ilə əvəz edilsin. Hazırda məzarların üstü yeni güllərlə bəzədilir”.
İstənilən halda, şəhidlərin məzarlarında əklillərin belə bir formada dəyişdirilməsi hörmətsizlik əlamətidir. Əklillər, lentlər bu formada xiyabanın yanındakı zibilliyə atılmamalıdır. Belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün yeni əklillər əvvəlcədən hazırlanmalı və köhnələri dərhal bir günün ərzində dəyişdirilməlidir.