Axtarış...

Bakı ilin ən soyuq gününə necə hazırlaşıb? - Qurumlar problemsiz 24 fevral vəd edir, ancaq…

Bakı ilin ən soyuq gününə necə hazırlaşıb? - Qurumlar problemsiz 24 fevral vəd edir, ancaq…

Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyinə dair proqnoz verilir.

Lakin bu dəfə arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək, Azərbaycanı əhatə edəcək. Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

"Soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq. Mərkəzi Rusiya üzərində olan antisiklonda atmosfer təzyiqi 780 mm civə sütunu təşkil edir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu, çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq", - deyə o bildirib.

Maraqlıdır, kommunal xidmət qurumları ilin ən soyuq gününə necə hazırlaşıb? Əlavə tədbirlər görülübmü?

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda gücləndirilmiş iş rejimində çalışırlar:

"Ərazilərə əlavə maşın mexanizmləri, materiallar cəlb olunub. Qəza xidmətimiz 24 saatlıq fəaliyyət göstərir. Növbəlilik iş prinsipi tətbiq olunub. Yəni qabaqlayıcı bütün tədbirləri görürük".

"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, havaların soyuq keçdiyi günlərdə təlabat artdığından sutkalıq qaz qəbulunda artım müşahidə olunur:

"Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan sonra “Azəriqaz” İstehsalat Birliyi fevral ayının 17-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Növbəti daha kəskin soyuq qış günlərinin fevral ayının 23-dən müşahidə ediləcəyini nəzərə alaraq, Birliyin müvafiq strukturlarına bir daha işlərinə məsuliyyətli yanaşmaları barədə baş direktor Ruslan Əliyev tərəfindən tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun normal rejimlərdə paylanılması, növbəli iş rejimlərinin düzgün təşkili diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq".

"Azəriqaz" İB-dən abonentlərə bildirilib ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər:

"Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər. Əlavə olaraq qeyd etmək istərdik ki, fevral ayının 17-dən bu günə qədər sutkalıq təbii qaz qəbulunda artım müşahidə edilməkdədir. Təqribən qəbul olunan qazın həcmi sutkalıq 32-35 milyon kubmetr arasında dəyişir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta sutkalıq 8 milyon kubmetrədək artımın müşahidə olunduğu günlər var. Bu həcmdə qazın qəbulu artan təlabatdan irəli gəlir. Belə ki, 2 milyon 400 minə yaxın əhali abonentinin istifadəsində olan qaz cihazlarının soyuq vaxtlarda işlək saatlarının müddəti uzanır və bu da, sonda abonentin ümumi sərfiyyatında artım kimi qaz sayğaclarında qeydə alınır".
Text-to-Speech

DİNLƏ






Şərh yaz