Axtarış...

İlham Əliyev Ermənistanın diplomatik müdafiəsini dağıdır - TƏHLİL

İlham Əliyev Ermənistanın diplomatik müdafiəsini dağıdır - TƏHLİL

Mürəkkəb coğrafiyada yerləşən ölkələrin güclü olmasını təmin edən amillərin başında hərbi güc dayanır. Hərbi qüdrətin dayanıqlığını diplomatik həmlələrin gücü tamamlayır.

Azərbaycan özünün hərbi xərclərini artırması, bir çox ölkə ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində müasir silahlar alması fonunda 2019-cu ilin oktyabr ayından etibarən diplomatik hücumun miqyasını genişləndirir.

Paşinyanın birinci müdafiə xətti yarılır

2019-cu ilin avqustunda Xankəndiyə gedərək “Qarabağ Ermənistandır” şüarını səsləndirən Ermənistanın Baş naziri Nikol Paşinyana ilk tutarlı cavab həmin ilin oktyabrın 3-də Azərbaycan Prezidentin İlham Əliyev tərəfindən verilir. Bununla da Ermənistanın Paşinyanın hakimiyyəti zamanı qurulan diplomatik müdafiə xətlərinin birinci eşalonu böyük məharət və dəmir məntiqlə yarılır.

İlham Əliyev aşkar millətçiliyin və isterikanın girdabında çapalayıb saxta faktlar axtarışına çıxan Nikol Paşinyana və Ermənistanın havadarlarına xatırladır ki, “Qarabağ Azərbaycandır və nida”.

İlham Əliyevin “Valday”dakı çıxışı iki cəhətdən mühüm idi: Birincisi “Qarabağ Azərbaycandır və nida” şüarının bəyan edildiyi auditoriya siyasi elitanın toplaşdığı məkan idi.

İkincisi isə İlham Əliyevin intensivləşən açıq-aydın mesajları diplomatik gedişlərin formasını, ölçüsünü, hətta rəngini də dəyişdirən addımlar idi. Prosesləri uzlaşdırsaq, görürük ki, bu, Vətən müharibəsindəki qələbə üçün hazırlanan diplomatik strategiyada yeni mərhələnin başlanğıcı idi.

Aşqabadda ikinci həmlə

Ardınca, oktyabrın 11-də İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Nikol Paşinyanı növbəti dəfə diplomatik və siyasi zərbə altına salır.

Prezident Ermənistanın diplomatik istehkamında ikinci cəbhəni də dağıdır - faşist, cəllad Qaregin Njde məsələsini qabartmaqla.

Dövlət başçısı Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını və ona İrəvanın mərkəzində heykəl qoyulmasını pisləyir.

Njdenin nasist Almaniyasına xidmət etdiyini faktlarla və sağlam mühakimə ilə diqqətə çatdırır, Azərbaycan xalqının isə İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılmasında müstəsna rolunu vurğulayır.

Qələbəyə aparan yoldakı həlledici debat

Azərbaycanın diplomatik cəbhədə həlledici uğuru isə 2020-ci ilin 15 fevralına təsadüf edir.

Həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələri keçirilir.

Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Münhendə debat formatında üz-üzə gəlir.

Debatda münaqişənin kökünə dair həqiqətin üzə çıxması uğrunda gedən mübarizə praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edirdi. Bu mübarizədə isə Paşinyanın faktları kasad, mühakimələri sönük idi.

Müzakirələrdə Paşinyan erməni tarixini mistikləşdirməyə cəhdlər edir, erməniləri isterikaya salan “kövrək” hisslərə toxunur. Lakin debatın gedişatında aydın olur ki, onun dedikləri faktla məntiqin izdivacından doğan mühakimələr deyil, yalnız əsəbdən doğan instinktiv reaksiyadır.

Debat boyunca Paşinyan İlham Əliyevin arqumentləri qarşısında əriyir, vəziyyətdən çıxmaq üçün gah saxta erməni tarixinin səhifələrində eşələnir, gah da uğursuz çıxışının yaratdığı əsəbdən dili topuq vurur.

Vəziyyət o yerə çatır ki, Paşinyan keçmiş Şaumyan rayonunu (indiki Goranboy rayonun bir hissəsi) Dağlıq Qarabağın tərkibinə qatır, İlham Əliyev isə anında replika ilə onun yalan dediyini söyləyir.

Çıxışında “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun” deyəndən sonra “Üzr istəyirəm, Ermənistan” deməsi baş naziri gülünc vəziyyətə salır. Necə deyərlər, dil çaşar, düzünü deyər, lakin bu çaşqınlıq oxu Ermənistanın özünə yönəldir.

Debatda bütövlükdə İlham Əliyev tarix, siyasət və diplomatiya sahəsində üstün zəkaya malik olduğunu nümayiş etdirir.

Çarəsiz qalan Paşinyan isə debata dəxli olmayan sonuncu yola əl atır.

N.Paşinyan bildirir ki, Tiqranın zamanında regionda iki millətin – ermənilər və gürcülərin olduğunu bildirir. İlham Əliyev isə onu məsxərəyə qoyur.

İlham Əliyev onun bu fikrinə ironiya ilə yanaşır və gülüşlə qarşılayır, bu ironiyanın debatın sonunda səsləndirilməsi isə Paşinyanın “faktlarının” sonuna böyük sual işarəsi qoyur.

Prezidentin ironiya “ermənilər və ermənilər” deyərək Paşinyana lağ etməsi baş nazir üçün biabırçı sonluq olur.

Azərbaycan Prezidentinin tarixi faktlara diqqət çəkməsi moderatorun, Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallanderin marağına səbəb olur. O, “burada tarix dərsi keçilir” deməklə, əslində, İlham Əliyevin arqumentlərinin daha güclü olduğuna işarə edir.

Debatdan sonra Prezident İlham Əliyev Münhendən qalib dövlət başçısı kimi ölkəyə qayıdır.

Nikol Paşinyan isə məyusedici və ermənilər üçün əzabverici duruşla Ermənistana yola düşür. Ermənistan mediasında Paşinyanı bacarıqsızlığına görə ağ yuyub qara sərirlər.

Azərbaycan Münhendə Ermənistanın siyasi arenadakı üçüncü eşalonunu da darmadağın edir. Prezident İlham Əliyevin çıxışı Azərbaycan dövlətinin siyasi və diplomatik dəstək qazanmasında mühüm rol oynayır.

Diplomatiyadakı hər qələbə Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrundakı mübarizəsindəki gücünü artırdı. Bütün bunlar bir zəncirin həlqələridir. Bu həlqələr Vətən müharibəsindəki qələbəni şərtləndirdi və Azərbaycan 44 günlük müharibədə tam zəfər çaldı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz