Axtarış...

Avropa Məhkəməsində Azərbaycan-Ermənistan çəkişməsi - Nə vaxt başlayıb, nə vaxt bitəcək?

Avropa Məhkəməsində Azərbaycan-Ermənistan çəkişməsi - Nə vaxt başlayıb, nə vaxt bitəcək?
Azərbaycan Ermənistanın təcavüzü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə ilə müraciət edib.

Ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan hökuməti tərəfindən təqdim edilib, dövlətlərarası ərizədir və Ermənistana qarşı ilk işdir.

Bu haqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin, Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülüb.

Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb.

Azərbaycan Respublikasının şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılıb.

Qeyd olunduğu kimi, bu, dövlətlarası ərazi olaraq Ermənistana qarşı ilk işdir.

Bəs bu qəbildən məhkəmələr adətən nə qədər müddətə basa catir?

Vəkil Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, Avropa Məhkəməsində iki cür yanaşma var:

“Əgər ərazi qəbuledilən olubsa, Avropa Məhkməsi özü seçəcək ki, bu işə adi qaydada, yoxsa prioritet iş kimi baxsın. Bəzən görürük ki, Avropa Məhkəməsi işi dərhal götürür və kommunikasiyasına başlayır. Məsələn, Rusiya müxalifətinin lideri Navalninin zəhərlənməsi bir neçə ay əvvəl olub, amma artıq Avropa Məhkəməsi onun kommunikasiyasına başlayıb. Belə dövlətlərarası məsələlərə isə yanaşmanı indidən demək çətindir.

2009-2010-cu illərdə Azərbaycandan Ermənistana, eyni zamanda Ermənistandan Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərilmiş işlərə hələ baxılmayıb. Bütün hallarda bu məsələyə nə zaman baxılacağı Avropa Məhkəməsinin qərarı olacaq. Heç kim bunun müddətini deyə bilməz. Ola bilər ki, bu işdə Avropa Məhkəməsi pilot qərarlar çıxarsın. Çünki şikayətçilər minlərlədir. Pilot qərarlarda isə demək olar ki, kommunikasiya olmur. Sadəcə olaraq, Avropa Məhkəməsi qərarın icraatına başlayır, bir neçə ay ərzində qərar qəbul edir və bu zaman da əvvəlki pilot qərarına istinad edir. Ola bilsin ki, Avropa Məhkəməsi bu işə bu qaydada yanaşsın. Digər tərəfdən Avropa Məhkəməsi bu məsələdə şikayətlərin çox sayda olduğunu nəzərə alaraq, bir neçə il bu işə başlamaya da bilər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz