Bakıda dələduzluq etməkdə və vəzifəli şəxsə rüşvət verməyə təhrik etməkdə ittiham olunan sabiq polis əməkdaşı Vüqar Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar Tağıyev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq edib, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik edib.
İstintaq orqanı tərəfindən Vüqar Tağıyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.
“İşə düzəldə biləcəyimi bildirdim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Tağıyev bildirib ki, Çingiz onun qayınatasının bacısı İlhamənin qızı Şəmsiyyənin əridir: “2018-ci ilin Novruz bayramından sonra, yəni təxminən aprel ayında Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzində Aygül, Çingiz və Şəmsiyyə birlikdə istirahət edən zaman Çingiz daxili işlər orqanlarında işə düzəlmək istədiyini, lakin 25 yaşı tamam olduğundan işə qəbul edilmədiyini bildirdi. Həmin ərəfədə maddi çətinlikləri olduğundan Çingizdən daxili işlər orqanlarına işə düzəltmək üçün vəzifəli tanışlarıma rüşvət vermək adı ilə aldadaraq pul almaq niyyətinə düşdüm. Həmin gün Aygülü və Şəmsiyyəni evə düşürtdükdən sonra Çingizin yaşadığı evin qarşısında avtomobildə oturan zaman sonuncuya Daxili İşlər Nazirliyinin əməkdaşı olan tanışım Rəşad vasitəsilə onu işə düzəldə biləcəyimi bildirdim. Çingiz bu təklifim ilə maraqlandıqda, onun yanında həmin şəxsə zəng etdim. Həmin vaxt telefon selektora qoşulmuş vəziyyətdə olub. Zəng zamanı qohumun 26 yaşı olduğunu və polisə işə düzəlmək istədiyini bildirdim. Sonuncu 25 yaşdan yuxarı daxili işlər orqanlarına qəbul edilmədiyini bildirdi”.
“16000 manat pul istədiyini bildirdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Rəşada Çingizin tanışlarının bu qayda ilə işə düzəldiyini bildirsə də, sonuncu bunun mümkün olmadığını bir daha qeyd edib: “Rəşad ilə telefon danışığını bitirdikdən sonra Çingizə Rəşadın telefon vasitəsilə danışmağa çəkindiyini, əvvəllər Rəşad vasitəsilə başqa şəxsləri də daxili işlər orqanlarına işə düzəltdiyimi, üzbəüz görüşüb söhbət edəcəyimi bildirdim. Ertəsi gün Çingizin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Rəşadla danışdığımı, onu işə düzəltməyə razı olduğunu, bunun müqabilində 16000 manat pul istədiyini bildirdim. Çingiz 16000 manatının olmadığını və bu qədər pulu verə bilməyəcəyini bildirdi. Çingizə bu barədə Rəşadla danışıb, pulun məbləğini bir qədər azaltmasını xahiş edəcəyimi dedim”.
“Qalan pulu da istədiyini bildirdim”
Vüqar Tağıyev qeyd edib ki, bir neçə gün sonra Çingizə zəng edərək Rəşadın 13000 manata razılıq verdiyini bildirsə də, Çingiz 10000 manat verə biləcəyini, 3000 manat pulu isə sonra tapıb əlavə verəcəyini söyləyib: “Mən də Çingizlə razılaşdım. Çingizin qayınatası Sərvana məxsus evinə gedərək İlhamənin yanında Çingizdən 3500 manat pul aldım. Bir neçə gün sonra yenə də həmin ünvanda Çingizə Rəşadın pulun qalan hissəsini istədiyini bildirdim, ondan İlhamənin yanında 6500 manat pulunu və şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, təhsil haqqında attestatının və müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə komandanlıq tərəfindən verilmiş fəxri fərmanların əsillərini götürdüm. Çingizi işə düzəltmək məsələsini həll edəcəyimə inandırmaq üçün 2018-ci ilin may ayının əvvəllərində hər çərşənbə günü Daxili İşlər Nazirliyinin İdman cəmiyyətində olduğunu bildiyim Rəşad ilə görüşdürəcəyimi və onun fiziki hazırlığının yoxlanacağını deyərək onu qeyd edilən idman cəmiyyətinə apardım. Ora çatdıqda Rəşada zəng edərək onunla görüşmək istədiyimi bildirdim”.
“Rəşaddan cavab gözlədiyimi dedim”
Vüqar Tağıyevin sözlərinə görə, bundan sonra Rəşadla Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin birinci mərtəbəsində görüşüb: “Çingizi ona təqdim edərək fiziki hazırlığının yoxlanması üçün nə etmək lazım olduğunu soruşdum. Rəşadda zallardan birini göstərərək orada təlimçilər olduğunu dedi. Çingizlə həmin zala daxil olaraq oradakı tanımadığım təlimçilərdən birindən Çingizin turnik idman alətində dartınmasını yoxlamasını xahiş etdim. Həmin vaxtı Çingiz normativdən az dartındı. İdman Cəmiyyətindən çıxdıqdan sonra Çingiz Rəşadın ona qarşı hansı səbəbə diqqətsiz davranmasını soruşdu. Mən də həmin Daxili İşlər Nazirliyinin strukturunda olduğunu və bu səbəbdən də orada danışmağa qorxduğunu bildirdi. Çingizin turnik idman alətində dartına bilmədiyinə görə əhvalının pozulduğunu gördüm, narahat olmamasını, pulunu verdiyi üçün fiziki hazırlıq yoxlanmasından keçiriləcəyini bildirdim. Sonradan Çingiz dəfələrlə zəng edərək işin nə yerdə olduğunu soruşdu. Mən də ona Rəşaddan cavab gözlədiyimi dedim”.
“Pulu vəzifəli şəxsə verəcəyimi bildirdim”
Vüqar Tağıyev bildirib ki, Çingiz 2018-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər nazirinin xidmətə qəbul ilə əlaqədar sıra baxışı keçirdiyindən xəbər tutaraq ondan işini həll etməsini və ya pulunu qaytarmasını tələb etməyə, həmçinin işi həll etməyəcəyindən şübhələnməyə başlayıb: “Çingiz hansı səbəbə onun çağırılmadığını soruşduqda, onu sıra baxışına çağırmayacaqlarını, sıra baxışında problem yarana biləcəyindən ehtiyat etdiklərini, sıradan kənar işə qəbul ediləcəyini bildirdim. Çingiz sıra baxışına çıxmayacağı təqdirdə pulunu qaytarmasını tələb etdikdə, əvvəlcə sonuncu ilə razılaşsam da, sonra yenə Çingizi aldadaraq işinin alındığını bildirdim. Həmçinin Çingizə yalandan Rəşadın pulu Nadir adlı vəzifəli şəxsə verəcəyimi və işi sonuncunun həll edəcəyini bildirdim”.
“SMS yazdığını bildirdi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2018-ci ilin sentyabr ayında Çingiz Rəşadın nömrəsini haradansa tapıb və ona mesaj yazıb: “Həmin ərəfədə Rəşad mənə zəng etdi, Çingizin “sizə pul vermişik, iş nə yerdədir” məzmunlu SMS yazdığını bildirdi, bunun nə məsələ olduğunu oməndən soruşdu. Mən də Rəşada onun adından istifadə edərək, Çingizi işə düzəltmək adı ilə ondan pul aldığımı etiraf etdim. Rəşada yalandan işi Nadir adlı tanışım vasitəsilə həll edəcəyimi bildirdim”.
“Mənim Rəşada dediyim yalanlar olub”
Vüqar Tağıyevin sözlərinə görə, buna baxmayaraq Çingiz dəfələrlə Rəşada zəng etdiyindən onun yalanının üstü açılmaması üçün sonuncu ilə əlaqə saxlamasının qarşısını almağa çalışıb: “Bu səbəbdən də Rəşada “Çingizin telefonunu götürmüyün”, “Götürün deyin vaxt yoxdur” məzmunlu SMS mətnləri göndərin. Həmçinin Rəşad məsələdən xəbər tutduqdan sonra dəfələrlə iş alınmırsa, pulu Çingizə qaytarmağımı tələb etdi, işin nə yerdə olduğunu soruşdu. Mən isə yalandan Rəşada Nadirin 15-20 gün ərzində işi həll edəcəyini bildirdim. Rəşad əl çəkmədiyindən sonuncunu inandırmaq üçün 8-ci kilometr bazarındakı adını bilmədiyim yük daşıyanlardan birinə bir qədər artıq pul verərək Rəşadı yola verməsini, qısa danışmasını, artıq söz deməməsini, “Qardaş narahat olma 15-20 günə həll edəcəyəm” deyib, telefonu qaytarmasını xahiş etdim. Həmin şəxs Rəşadla Nadir adı ilə danışaraq işi həll edəcəyini dedi, Rəşadda Nadirlə danışdığına inandı. Həmçinin istintaq zamanı Çingizin təqdim etdiyi səs yazılarında Rəşadın sonuncu ilə danışığı zamanı dedikləri sözlərin hamısı mənim Rəşada dediyim yalanlar olub”.
“İşin alınmayacağını Vüqara demişdim”
Vüqar Tağıyev bildirib ki, 2018-ci ilin oktyabr ayında Çingiz Rəşadın nömrəsini taparaq ondan xəbərsiz sonuncuya zəng edib və görüş təyin edib: “Çingizlə birlikdə Nərimanov metrostansiyasının yaxınlığındakı “LİFE CENTER” ticarət mərkəzinin yaxınlığında görüşdük. Görüş əsnasında Çingiz Rəşada banka kredit ödədiyini, maddi vəziyyətinin pis olduğunu bildirdi. Rəşad Çingizə işinin düzəlməyəcəyi təqdirdə mənim tərəfimdən pulu qaytaracağını bildirdi. Sonradan Çingiz dəfələrlə zəng edərək pulunu tələb etsə də, yalan vədlər verərək pulunu qaytarmaqdan boyun qaçırdım. Çingiz Rəşadla yenidən görüşməyi tələb etdiyindən görüş təyin etdim. Həmin gün Rəşad, İlhamə, Çingiz və Sabir Bakı Əyləncə Mərkəzinin qarşısında görüşdük, həmin vaxt işinin hansı səbəbə düzəlmədiyini soruşduqda Rəşad sonuncuya “İşin alınmayacağını Vüqara demişdim” dedi. Bundan sonra Sabir məndən Rəşad işin alınmayacağını dediyi təqdirdə hansı səbəbə pulu aldığımı soruşdu. Başımı aşağı saldım, cavab verə bilmədim”.
Töəqsirləndirilən şəxsin sözlərinə görə, Çingiz 2019-cu il tarixədək pulu qaytarmayacağı təqdirdə şikayət edəcəyini bildirib. O, bildirib ki, 2019-cu ilin yanvar ayında istifadəsində olan telefon nömrələrini söndürdüyündən onu tapa bilməyiblər”.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə Vüqar Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 4 il 2 ay 19 gün müddətinə şərti cəza təyin olunub.