Axtarış...

Dörd hərbi qulluqçu həbs olundu - RƏSMİ

Müharibənin törətdiyi ağır psixoloji durumun təsiri altında bəzi hərbi qulluqçular tərəfindən düşmənə qarşı mübarizənin metod və üsullarının dərk edilməsində yanılmalar Silahlı Qüvvələrin göstərdikləri rəşadət və əzmə, eləcə də, əldə olunmuş qələbəyə kölgə sala biləcək qanunsuz hərəkətlər törədilməsinə gətirib çıxarıb.

Bununla bağlı Baş Prokurorluğun yaydığı açıqlamada deyilir.

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb:


“Əvvəllər bu barədə mətbuata verilmiş məlumata əlavə olaraq bildiririk ki, qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və  245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət)  maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə,  etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.

R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz