MilliTV.az
"Uşaqlıq illərimin böyük bir hissəsinin 1-ci Qarabağ müharibəsi şəhidi Taleh Məmmədovun ailəsində keçməsi məndə vətənpərvərlik hissinin daha dərindən aşılanmasına səbəb oldu. Hələ uşaqlıq illərində özümə söz vermişdim ki, bütün şəhidlərimizin qısasını alacağam".
Sonxeber.az xəbər verir ki bu sözləri II Qarabağ müharibəsinin qazisi Toğrul Zeynalov deyib.
Toğrul Zeynalov 1999-cu ildə, Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olub. Vətən müharibəsində Murovdağ yüksəkliklərinin alınmasından başlamış Cəbrayıl, Qubadlı, Hadrut, Xocavəndə qədər döyüş yolu keçib.
O, döyüş zamanından qalan xatirələrini, keçirdiyi hissləri bölüşüb:
"Gecə uzun bir yola çıxdıq. Dedilər "Kəlbəcərə gedirsiz", sanki dünyalar mənim oldu. Çox həyəcanlı idim: bir tərəfdən, 27 il sonra Kəlbəcərə ayaq basan ilk azərbaycanlılar olacağımız üçün, digər tərəfdən isə, uşaqlıqdan özümə verdiyim sözü tutmağın zamanı gəldiyi üçün. Döyüş başlayan ilk saatlardan artıq dayanmadan irəliləyirdik. Düşmənin bir neçə postlarını darmadağın etmişdik. Məhv edilən düşməni görmək çox qürurverici hisslər idi.
Xocavəndin tuğ meşəsində gedən döyüşlər zamanı isə bizə artilleriya hücumu oldu. İlk minomyot minası yanımıza düşdü. Torpaq yerdən qalxdı və mən də qalxaraq yerə çırpıldım. Artıq huşumu itirmişdim. Ancaq bütün həyatım gözümün önündən keçirdi. Yaxınlarım, sevdiyim insanlar, etdiyim ən kiçik yaxşılıqdan ən kiçik pisliyə qədər... Elə bilirdim, artıq ölüyəm. Lakin bir neçə dəqiqə sonra ayıldım. Ayılanda heç nə eşitmirdim, qulaqlarımda gurultu var idi. Gözümü açdım, uzanılı vəziyyətdə üstümə baxdım kı, yanımıza düşən mina kimisə parçalamışdı, daxili orqanları səpələnmişdi. Mənim üzərimdə də onun bədən hissələrindən var idi. Ətraf qan içində idi. Bir müddət mən nə olduğunu dərk edə bilmədim. Özümə gəlməyə başlayanda ayaqlarımda şiddətli ağrılar hiss edirdim. Bircə dua edirdim ki, nə olur olsun, qopmasın. Baxdım ki, hər iki diz qatlanacağımı qəlpələr kəsib. Güclə də olsa, ayağa qalxdım. Silahımla özümə dayaq verərək bir az irəlilədim. Döyüş yoldaşlarımdan kimdənsə kömək istəməyə utanırdım, çünki onlar sağ idilər və düşmənə qan uddururdular. 2-3 km yolu təkbaşına irəliləməyə başladım. Qarşıma çıxan həkimimiz mənə yardım etdi. Şəhid olan dostlarımızı özümüzlə birgə daşıyırdıq. Bu döyüşün insana həm ən böyük sevincləri, həm də ən ağır acıları yaşatdığını gördüm...
Allah bütün şəhidlərimzə rəhmət etsin..."