MilliTV.az
Neçə il bundan əvvəl Prezident İlham Əliyev Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə onların arzusunu öyrənmişdi. Sakinlər Xınalığa yol çəkilməsini istəmişdilər. Dövlət başçısı onların arzusunun yerinə yetiriləcəyinə söz vermişdi.
Elə həmin gündən etibarən tapşırıq verilmişdi ki, Xınalığa yol çəkilməlidir. Biz həmin günlərdə yol çəkilişini lentə alırdıq. Dağlar partladılır, ekskavatorlar qayalıqları yarır, dərin dərələrin yuxarısında gecə-gündüz iş gedirdi. Nəhayət, 2006-cı ilin oktyabrın 7-də yol istismara verildi. Prezident və birinci xanım Mehriban Əliyeva açılışda iştirak etdilər. Prezident demişdi: "Sevinirəm ki, mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi". Söz verdi və heç bir çətinliyi gözə almadan bunu etdi.
Azərbaycan Prezidentinin prinsipiallığı təkcə bununla bitmir. Xatırlayırsınızsa, Ermənistan tərəfi Mübariz İbrahimovun nəşini vermək istəmir, müxtəlif bəhanələrlə bundan imtina edirdi. Həmin günlərdə İlham Əliyev hər dəfə bu məsələni qaldırır, onun nəşinin alınması üçün bütün tədbirləri görürdü. Nəhayət, Mübariz İbrahimov və Fərid Əhmədovun nəşi qarşı tərəfdən alındı.
Hakimiyyətdə olduğu 17 illik dövrdə İlham Əliyev prinsipiallıqla yanaşı, həm də klassik siyasi qanuna riayət edən dövlət başçısı kimi tanınıb. Klassik qanuna əsasən siyasətçi gələcək plan barədə anons vermir. Əlbəttə, xalq arasında reytinqin qaldırılması naminə əvvəldən anons vermək, yaxud gərginliyə su səpmək olar. Lakin anons ona görə verilmir ki, maraqlı tərəflər, gizli qüvvələr bu planın qarşısını ala bilər. Nəticədə, xalqın milli maraqlarına söykənən o plan, fəaliyyət proqramı puç olar, yalnız arzu olaraq qalar. Bu məqamdan yanaşsaq, Azərbaycan Prezidenti anons verməyə ona görə üstünlük vermir ki, mürəkkəb coğrafi məkanda yerləşən kiçik ölkənin planı baş tutmaz.
Biz İlham Əliyevin hansı məqamda hansı danışıqları apardığını yalnız müxtəlif mənbələrdən, müxtəlif şəxslərdən eşidirik. Məsələn, 2016-cı ildə Lələtəpə yüksəkliyi uğrunda gedən döyüş zamanı arxa fonda aparılan danışıqlardan yalnız neçə il sonra xəbər tutduq. Ermənistanın istefada olan generalı Xaçaturov həmin günlərdə arxa planda baş verənləri danışdı. Xaçaturov verdiyi müsahibədə deyirdi ki, Azərbaycan ordusunun Lələtəpə yüksəkliyindən geri çəkilməsi barədə dövlət başçısı İlham Əlyevlə telefon danışığı olub. Lakin Prezident dediyindən dönməyib. Biz bunu yalnız 4 ildən sonra bildik.
Yaxud, 2-ci Vətən müharibəsi dövründə yenə də arxa fonda aparılan danışıqların bir qismini Ermənistanın Baş naziri Nikol Paşinyanın facebook səhifəsindəki etirafdan aydın oldu. Məlum oldu ki, oktyabrın 19-da Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edərək müharibənin dayandırılmasının zəruriliyini bildirib. Putin İlham Əliyevlə danışacağını, nəticə barədə yenidən telefon əlaqəsi quracağını deyib. Prezident İlham Əliyev ciddi prinsipiallıq nümayiş etdirib ki, Azərbaycan ordusu azad etdiyi yerlərdən çəkilməyəcək və müharibəni o halda dayandıra bilər ki, azərbaycanlılar Şuşaya köçürülsün. Şərtin unikallığı ondadır ki, Paşinyan və onun rəhbərlik etdiyi fraksiya, üstəlik müxalifət partiyalarının liderləri azərbaycanlıların Şuşaya köçürülməsi ilə razılaşmayacaqdılar. Elə də olub. Atəşkəs pozuldu, Azərbaycan orsusu torpaqları işğaldan azad etdi. Bütün bu sonradan bilinmələr onu göstərir ki, Prezident İlham Əliyev arxa planda da danışıqları Azərbaycanın milli maraqları çərçivəsində aparır. Yəni, nə olursa-olsun xalqın marağı müdafiə edilir. Hələ bəlkə də neçə-neçə danışıqlar olub ki, biz hələ o barədə məlumatsızıq.
Yeri gəlmişkən, Azərbaycan xalqı neçə il bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun bir etifanı da sonra bildi. Məlum oldu ki, Azərbaycan Prezidenti şimal qonşu tərəfindən baş verə biləcək təhdiddən çəkinməyərək Belarusa 200 milyon dollar verib. Deyib və edib. Nəticədə Belarus Azərbaycanın timsalında etibarlı ölkə qazandı, dostluq telləri möhkəmləndi. Yəni, ən çətin vaxtlarda Azərbaycana çiynini söykəyə bilərdi. Məhz həmin jestin nəticəsində Belarusdakı azərbaycanlılar mehriban şəraitdə yaşayır. Məhz o jestin nəticəsində Belarus Azərbaycan üçün "İsgəndər" raket kompleksindən müdafiə üçün "Palonez" kompleksini istehsal etdi.
İndi heç kim bilmir ki, Azərbaycan Prezidentinin Xankəndi, Xocavənd, Xocalı və Ağdərə ilə bağlı hansı planları var. O, heç vaxt bunu əvvəldən anons etməyəcək. Çünki plana müdaxilə edilər. Amma nə olursa-olsun, bu, Azərbaycan xalqının xeyrinə olacaq.