Təəssüf ki, ölkəmizdə hələ də karantin haqda danışılanda ona etiraz edənlər tapılır. Amma hazırkı vəziyyət onu deməyə əsas verir ki, karantin qaydaları sərtləşdirilməlidir.
Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.
Onun sözlərinə görə, sərt karantinin vacibliyinin xalqa izah edilməsi də zəruridir.
F.İslamzadə qeyd edib ki, Azərbaycanda xəstələnmə sayı dünya üzrə orta rəqəmlərdən çoxdur: "Adətən, tibbi statistikada xəstələnmə hallarının sayı haqqında məlumat almaq üçün il ərzində əhalinin hər 100 min nəfərindən neçəsinin xəstələndiyini hesablayırlar. Virus öz doğma vətəni olan Çində indiyə qədər hər 100 min nəfərdən yalnız 7-8 nəfərə yoluxub.
Ötən bir gün ərzində isə əhalisi Azərbaycan əhalisındən 140 dəfə artıq olan Çində cəmi 9, bizim ölkədə isə 4246 yeni xəstələnmə halı qeydə alınıb. 100 min nəfərə görə hesablandıqda Azərbaycanda birillik xəstələnmə göstəricisinin 1060-dan artıq olduğu aydınlaşır.
Dünya əhalisi arasında isə indiyə qədər hər 100 min nəfərə orta hesabla 860 xəstələnmə halı qeydə alınıb".
F.İslamzadənin bildirdiyinə görə, indiki dövrdə COVID-19-un spesifik profilaktikası üçün biz yalnız effektiv təsirə malik vaksinə ümid edə bilərik ki, onun da nə vaxt ortaya çıxacağı və bizim ölkəyə nə vaxt çatacağı hələlik məlum deyil.
Buna görə məlum xəstəliyin yayılmasını ləngitmək üçün hələlik maska, məsafə və əl gigiyenası kimi qeyri-spesifik üsullara ümid edə bilərik:
"Azərbaycanda da profilaktik tədbirlərə - xəstələrin vaxtında aşkar edilib, müalicəyə yönləndirilməsi, insanların kütləvi təmaslarının (o cümlədən ictimai nəqliyyatda, toy və yas yerlərində, ticarət mərkəzlərində və s.) minimuma endirilməsi və bunun mümkün olmadığı sahələrdə ara məsafəsinin saxlanılması, tibbi maskaların köməyi ilə qorunmaya, əl gigiyenası kimi üsullardan istifadə etməyə üstünlük verilməlidir.
Bu üsullar yoluxmanın yayılmasını azalda bilər. Lakin bir şərtlə ki, buna bütün insanlar eyni dərəcədə riayət etsin".
Mütəxəssis insanların maskadan düzgün istifadəsini də vacib sayıb: "İnsan burnunu açıq qoyub, ağzını maska ilə qapayırsa və ya hər yerdə maska ilə gəzıb, evinin liftinə çatanda üzünü açırsa, doğrudan da özünü qoruduğunu iddia edə bilməz".