MilliTV.az
Ötən həftə müvafiq olaraq 8 faiz və 7,4 faiz ucuzlaşdıqdan sonra neftin “Brent” və “WTI” markaları bu gün keçirilən hərraclar zamanı yenidən bahalaşıb.
“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında səhər hərracında “Brent” markalı neft cümə günü 1,66 dollar ucuzlaşaraq 12 iyun tarixindən ən aşağı qiymət olan 39,27 dollardan satıldıqdan sonra bu gün səhər 0,81 dollar bahalaşaraq 40,08 ABŞ dollarından satılıb.
Həmçinin Nyu York Əmtəə Birjasında (NYMEX) elektron hərracı zamanı “WTI” markalı neft cümə günü 1,67 dollar ucuzlaşaraq 37,05 ABŞ dollarından satıldıqdan sonra bu gün səhər 0,89 dollar bahalaşaraq 37,94 dollardan satılıb.
Qeyd edək ki, cümə günü keçirilən hərraclarda neftin ucuzlaşması daha çox ABŞ Prezidenti Donald Tramp və xanımında koronavirus testinin müsbət çıxması barədə xəbərlərlə bağlıdır. Bazar günü ilə dövlət başçısının həkimi Şon Konli Trampın sağalmağa doğru getdiyini bildirib. Başqa həkimi Brayan Qaribaldi isə səhhəti müsbət yöndə dəyişəcəyi halda Donald Trampın bu gün evə buraxıla biləcəyini qeyd edib.
“Avropa və ABŞ-da yoluxmaların artması iqtisadi fəaliyyətin dirçələcəyinə dair şübhələr yaratdığı üçün fyuçerslər bir neçə həftə ərzində təzyiq altında olub. Donald Trampın, həmçinin Ağ Ev dəki bəzi başqa nümayəndələrin virusa yoluxması barədə xəbərlər isə bu narahatlığı artırdı, nəticədə cümə günü hərracların sonunda “Brent” və “WTI” qiymətləri kəskin azaldı”, – “ANZ” (Australia and New Zealand Banking Group) ekspertləri qeyd ediblər.
“ABŞ prezidentinin həkimləri səhhətinə dair nikbin proqnoz verəndən sonra hərracların əvvəlində neft o biri bazarlardan sonra bahalaşıb”, – “AxiCorp” maliyyə xidmətləri şirkətinin eksperti Steven İnns bildirib.
“S & P Global Platts” xəbər verir ki, hazırda OPEC+ formatı çərçivəsində hasilat kvotalarına əməl olunması vasitəsilə neft təklifini azaltmaq üçün səylər göstərilsə də, bütövlükdə yeni karantin məhdudiyyətləri üzündən dünya iqtisadiyyatının dirçəlməsini şübhə altında qoyduğu, neftə olan tələbatı azaldığı üçün neft bazarındakı vəziyyətə dair proqnoz mənfi qalır. Belə ki, bu həftə neft bazarındakı vəziyyət daha çox koronavirusun yayılmasına, habelə ABŞ iqtisadiyyatının dəstəyinə dair yeni tədbirlər zərfinə dair xəbərlərdən asılı olacaq.