Goranboy elə günlərini yaşayır ki, mərkəzi hakimiyyət yerli idarəetmə orqanını təğyiri-libas olan məmurları ilə təftiş etməlidir.
Çünki rayon icra hakimiyyətini və başçısı Məhərrəm Quliyevi qoruyan kurator – prezident köməkçisi Zeynal Nağdəliyev ya hər şeyi ört-basdır etməyə çalışır, ya da olanlardan bixəbərdir.
Məlumata görə, Goranboyun icra başçısı Məhərrəm Quliyev rayonda gestapo rejimi yaradıb. Onun fəaliyyəti bütünlüklə dövlətin yeni idarəçilik sisteminə qarşıdır.
Gestapo, narazılıq, saymazlıq…
Bu işdə I müavin Ceyhun Həsənovun Məhərrəm Quliyevə xüsusi dəstəyini qeyd etmək lazımdır.
Amma rayon rəhbərliyi unudur ki, onların fəaliyyəti əyalət adamlarını mərkəzi hökumətdən narazı salmaqdır.
Bu siyasət regionlarda yenidən gərginliyi artırır, məmur özbaşınalığı vətəndaşla hakimiyyəti üz-üzə qoyur.
Nədən ibarətdir bu haqsızlıqlar? – icra başçısı və I müavinin sakinləri saymaması, qəbula gələnləri dinləməməsi, prolemlərin həll olunmaması və s.
Prezident İlham Əliyev dönə-dönə tapşırır ki, təyin etdiyi icra başçılarının vəzifəsi xalqa xidmət olmalıdır, başqa heç nə…
Məhərrəm Quliyev isə Goranboyda narazılıq yaradır. Məsələn, rayon sakini, II qrup Qarabağ əlili Kamil Mustafayev video çıxışında qeyd edir ki, yüksək gərginlikli elektrik xətti evinin üstündədir və heç bir tədbir görülmür.
Onun sözlərinə görə, əraziyə baxış keçirilib, sənədlər əlindədir, amma bu təhlükə aradan qaldırılmır: “İki dirəkdir, dedim gəlin, pul da verim, onları çıxarın.
Bir şimşək çaxanda nə olacaq bilmirik. Yaxınlıqda vəzifəli şəxsin əmri ilə onun evinin yanındakı dirək götürüldü, bizimki qalır.
Onun ailəsi ailədir, bizimki yox? Şəhərin mərkəzində belə bir təhlükənin içində yaşayırıq, amma heç bir tədbir görmürlər”.
Göründüyü kimi, Goranboyda Qarabağ qazisini belə eşitmirlər, adi problemi yoluna qoymurlar. Gözləyirlər ki, həmin elektrik kimisə tələf etsin, faciə yaşansın, sonra yerindən götürülsün…
Qruplaşma, konflikt, qovğa…
Rayondan yenixeber.org-a daxil olan məlumatdan belə məlum olur ki, icra başçısını və I müavini vətəndaşların üzləşdiyi çətinliklər maraqlandırmır. Onlar rayonda qruplaşma yaratmaqla istəklərini həyata keçirirlər.
Mediada yer alan iddialara görə, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov I müavin Ceyhun Həsənovun komandasında yer alır. Bu duet nəticəsində Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov küncə sıxışdırılır.
Yəni, bir baxın, İH-nin məmurları nə işlərlə məşğuldurlar. Prezident tərəfindən onlara tapşırılıb ki, vətəndaşlarla işləyin, onlar isə rayonda konflikt ocaqları yaradırlar.
Başqa xəbərdə deyilir ki, rayonun Dəliməmmədli bələdiyyəsinin sədri işləmiş və adı qanunsuz torpaq satışında hallanan zaman Ukraynaya qaçmış Daşqın Hacıyevin yenidən vəzifəyə gətirilməsi ağılasığmazdır.
Hazırda Goranboyun Mənzil-Kommunal Təsərrüfatının rəhbəri olan D.Hacıyev məmurlar arasındakı intriqalarda iştirak edir.
İddialar səslənir ki, Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov sabiq bələdiyyə sədrinə yanında vəzifə verməklə klan yaratmaqdadır.
Məlumata görə, icra başçısı Məhərrəm Quliyevin klanında “parlayan” digər kadr isə Sərdar Sadıqovdur.
O, İH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.
S.Sadıqov rayon maliyyə idarəsinin rəisi İltifat Sadıqovun oğludur. İH-də şöbə müdiri postunu tutan S.Sadıqovun I müavin C.Həsənovla yüksək əlaqələri var.
Mətbuat yazır ki, bu qruplaşma kiçik məmurları, sahibkarları, idarə müdirlərini gözümçıxdıya salıb. Halbuki, araşdırmalara başlansa, həm İH-də, həm Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində, həm də Maliyyə İdarəsində ciddi maxinasiyalar, yeyintilər aşkarlana bilər.
Sirr deyil ki, M.Quliyev Ağstafanın icra başçısı işlədiyi dövrdə də Hesablama Palatası tərəfindən korrupsiya faktları üzə çıxarılmışdı.
Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.
O zaman müavin Ramiz Tatarovla əlbir olan M.Quliyev bu işlərdən yaxasını qurtarsa da, I müavin indi həbsdədir. İndi oxşar proseslər Goranboyda yaşanır. Bir yanda əhali, sahibkarlar narazı, bir tərəfdə məmurlar qruplaşma yaradıb hegemonluq edirlər. Bakıdan Goranboya təcili komissiya göndərilməlidir…
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq. (yenixeber.org)