Xəbər verdiyimiz kimi, Azərbaycanda sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Nəticədə yenə də bir çox müəssisələr fəaliyyət göstərə bilməyəcəklər. Əlbəttə bu, aztəminatlı ailələin maddi durumuna müəyyən təsirlər göstərir. Sərt karantin dövründə kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, yeni növ koronavirus infeksiyasının dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu son dönəm dövlətlər üçün bir sınaq oldu:
“Düşünürəm ki, belə həssas bir məqamda dövlətimiz tərəfindən də geniş tədbirlər həyata keçirilir və keçirilməyə də davam edəcək. İlk növbədə qeyd edim ki, aztəminatlı ailələr, yəni günəmuzd işləyən insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən siyahıya alınıb. Birdəfəlik sosial yardım paketi tətbiq olunan zaman bu siyahıya əlavələr olundu”.
Deputat hazırki iqtisadi durğunluğun gözlənilməz olduğunu deyib:
“Bu səbəbdən belə vəziyyət dövlətlərin bir çox sahəsini hərəkətsiz qoyub. Bu vəziyyətdə ən çox zərər məhz gündəlik qazancla məşğul olan şəxslərə dəyir. Dövlət bunun üçün müəyyən sosial yardım paketləri həyata keçirdi. Təəssüf ki, bundan əsl ehtiyacı olanlarla yanaşı ehtiyacı olmayanlar da yararlandı. Aylardır işsiz olan təbəqə var ki, onlara yardım olunmalıdır. Bunun bir yolu həmin şəxslər dövlət strukturlarına müraciət etməli və bu, araşdırılmalıdır. Çalışmaq lazımdır ki, yardımlardan əsl ehtiyac sahibləri yararlansın. Bunun təmin olunması vacibdir. Hazırda vəziyyətlə əlaqədar müəyyən araşdırma aparılıb, həmin ailələr qeydiyyata alınmalı və kredit borcları yoxlanmalıdır. Dəqiq göstəricilər əldə olunduqdan sonra müəyyən güzəştlərlə bağlı dövlət tərəfindən banklara müraciət olunmalıdır. Düşünürəm ki, bank sistemi daha çox dövlət işçisi, müəyyən gəlir mənbəyi olan şəxslərə kredit verdiyindən bu əməliyyat bankı çətin vəziyyətə salmayacaq. Bankın sistemində günəmüzd çalışan şəxsə kredit verilməsi ümumiyyətlə reallıq deyil. Müəyyən gəlir olmadıqda kredit adətən verilmir.
Müşfiq Cəfərov ən vacib məsələnin kommunal ödənişlər və yardım paketləri ilə bağlı olduğunu vurğulayıb:
“Həmin ailələrin kommunal xərclərinə müəyyən limit tətbiq edilsə, daha məqsədə uyğun olardı”.