“Xalqımız iki gündür cəbhə bölgəsində yaşanan hadisələrdən haqlı olaraq qəzəblidir və hər bir Azərbaycan vətəndaşı, hər bir həmvətənlimiz mənfur düşmən gülləsindən şəhid olmuş generalımızın, igid əsgər və zabitlərimizin qisasını almaq eşqi ilə alışıb yanır”.
“Yeni Sabah” xəbər verir ki, bunu prezidentin keçmiş köməkçisi Əli Həsənov deyib. O, bildirib ki, soyuqqanlı və təmkinli olmaq, baş verən hadisələri lazımi səviyyədə araşdırıb, ən effektli tədbirləri görmək imkanını xalq olaraq ilk növbədə, dövlətimizə və Prezidentimizə etibar etməliyik.
“Dünən axşam və gecə eynən 1988-1991-ci illərin ab-havasını respublikada təkrarlamaq istəyirdik sanki. O zaman da ermənilər aram-aram, təmkinlə, davamlı formada torpaqlarımızı bir-birinin ardınca, kənd-kənd, rayon-rayon ələ keçirəndə, biz azərbaycanlılar Bakı küçələrində mitinq və yürüşlər keçirərək, özümüz də bilmədən işğallara əlverişli şərait yaradırdıq.
Bakı küçələrindən dünən səhərə qədər həvəslə canlı yayım edən bəzi sosial şəbəkə resurslarının və tramsmilli media aktivistlərinin canfəşanlığından narahat olmamaq mümkün deyildi. Yayımları izlədikcə hiss edirsən ki, onlar öz hərəkətlərində səmimi və vətənpərvər deyillər, qərəzli və məkirlidirlər.
Küçə və meydanlarda Qarabağ deyə hayqıran gənclərimizin vətənpərvərliyi insanı qürurlandırır. Bəli, biz son 30-35 ildə həqiqətən vacib tarixi anlara şahidlik edirik, amma vətənpərvərlik həm də nizam-intizamdır, bü gün üçün vacib olan pandemiya normalarına, qanunlara və asayiş keşikçilərinin tələblərinə riayət etməkdir. Əgər dövlətimiz buna ehtiyac duysa, bir millət olaraq biz hamımız cəbhə xəttinə axışarıq, mövzu Vətən taleyi və Vətən torpağıdırsa, o zaman ellikcə ortaya durulmağı bacarmalıyıq, əlbəttə! Amma bu gün buna ehtiyac varmı?!
Biz kortəbii küçə və meydan hərəkatlarının nəticəsini öz üzərimizdə görmüşük axı!
Bu gün iqtidarlı-müxalifətli hamı bilir ki, Milli Ordumuz güclü, dövlətimiz möhkəmdir! Gün gələcək, əlverişli bir məqam yaranacaq, müzəffər ordumuz öz şanlı vəzifəsini yerinə yetirəcək, işğal altındakı torpaqlarımızı azad edəcək və qələbə paradında hamılıqca iştirak edəcəyik! Sadəcə bizə bir qədər də səbr və təmkin lazımdır.
Hər kəs bilməlidir ki, bu gün kütlənin qapıldığı emosiyaları qızışdıranlar polis maşınını aşırdanlarla eyni dərəcədə məsuliyyət daşıyırlar. Təxribatları xalqın üsyanı kimi qələmə verənlər də elə dünənki yürüşdən canlı yayım edənlər idi. Meydan.tv, Azadlıq radiosu, Azad söz və başda bu kimi şəbəkə resursları başda olmaqla "sapı özümüzdən olan baltalar"ın canfəşanlıqla tirajladıqları hər bir belə səhnə bütövlükdə dövlətimizin əleyhinədir.
Bəs, təxribatçılarla polis arasında qarşıdurma dərinləşsəydi, nə olacaqdı? Günahkar kim olacaqdı? İsteriya içində olan bu qədər insanı, şəhərin mərkəzinə, parlamentə kim yönəltdi? Nizamsız və xaotik hərəkətlər nə zamandan bəri ölkə ictimaiyyəti, aydın şüur daşıyıcıları tərəfindən dəstəklənməyə başlanıb? Maraqlı suallardır, elə deyilmi?
Ehtiyac yaranacağı təqdirdə biz bütöv millət olaraq döyüş xəttinə axın da edərik, ellikcə erməninin qarşısına da çıxarıq, amma döyüşün Bakı küçələrinə transfer olunmasına göz yuma bilmərik!
Belə cəhd ən böyük xəyanət və belə demək mümkünsə ermənilikdir!
Təəssüflə qeyd etməyi özümə mən də borc bilirəm ki, dünənki kortəbii yürüşlərin hansısa formada nizama salınması istiqamətində hər hansı bir içtimai təşəbbüsə rast gəlmədik, hörmətli ziyalılarımızı, millət vəkillərini, tanınmış ictimai xadimləri də narahat şəkildə ortada görən olmadı. Harda idilər, efirdə gecə-gündüz belə situasiyaları təhlil edənlər, "kontent"çilər harda idilər?”.