Azərbaycanda təhsilin inkişafı üçün dövlət mümkün olan hər şeyi edib-islahat proqramları qəbul edilib, dünyanın ən qabaqcıl sistemləri öyrənilərək tətbiq edilib,milyardlarla manat vəsait sərf edilib. Nəticə isə göz önündədir-təhsilimiz dəbdəbəli məktəb binalarının siniflərində, nazirliklərin kabinetlərində can verir. Tənəzzül ildən-ilə dərinləşir. Bəs nədən bu qədər tədbirlərdən sonra nəticə ürəkaçan deyil? Bəlkə bizim səviyyəmiz yeni strategiyaları qəbul etmək gücündə deyil?
Əsla və əsla yox. Səbəb yarıtmaz idarəçilik, şəxsi ambisiyalar və metastaz kimi təhsil sistemini sarmış korrupsiya və rüşvətxorluqdur. Bəzilərinin fikrincə adam xaricdə təhsil alıbsa, müasir tərzdə geyinib kecinirsə, babat danışıq qabiliyyəti və yuxarılarda qohum-əqrabası varsa deməli rəhbərlik üçün yaranıb və mütləq dəbdəbəli kabinetdə oturmalı, xidmətində bir neçə katibəsi və əyan-əşrəfi də olmalıdır. Xarici dildə danışmağı bacarırsa bu onun prestijini bir neçə dəfə də artırır. Vəzifə kürsülərinə belə “müasir düşüncə” sahiblərini seçib batırmaqla həm dövlətin imici zədələnir, həm də milyardlarla vəsait zay olur.
Bakı şəhər Təhsil İdarəsində bu gün faciəvi vəziyyət hökm sürür. Təhsildən heç bir xəbəri olmayan, ömründə bir dəfə də olsun jurnal götürüb şagird qarşısına çıxmayan, bəlkə də dərsin neçə dəqiqə olduğunu belə bilməyən Rəşad Tağıyev və ətrafına topladığı “yenilməz batalyon” paytaxtın təhsil sistemini məhv etmək üzrədir. Bu idarədə intriqalar hökm sürür, bir neçə qruplaşma liderlik uğrunda mübarizə aparır. İdarəçilik bərbad durumda, korrupsiya və rüşvət ən üst səviyyədə. Paytaxt məktəblərində direktor təyinatından tutmuş birinci siniflərə qəbula qədər hər şey əlahəzrət rüşvətin diqtəsi ilə həyata keçirilir. Müəllimlərin əmək müqaviləsi, yerdəyişməsi haqqında danışmağa belə dəyməz. Məktəblərdə rüşvətxorluq, müəllimlərin aylığa oturulması adi hal alıb. Rəşad Tağıyev idarəçiliyinin məntiqi sonluğu budur!
Hörmətli Mikayıl Cabbarov cənabları!
R.Tağıyev də sizin təhsil sisteminə transfer etdiyiniz kadrlardandır. “Özün getdin intizarın qaldı,yar” təbirincə desək cənab Prezidentin etimadını doğruldaraq daha yüksək vəzifələrə getdiyinizdə təhsil sistemində “unutduğunuz” bu kadrlar sizdən sonra aləmi bir-birinə qatıblar. Lütfən, təhsilimizi iqtisadçıların, hüquqşünasların monopoliyasından xilas edin. Bakı şəhəri üzrə Təhsil İdarəsini Rəşad Tağıyevdən xilas edin.
Axı sizi də bu zirvələrə müəllimlər çatdırıb. Niyə onlara imkan vermirsiniz ki, öz başlarının çarəsinə qalsınlar?
Rubrika.Az