Axtarış...

Gömrük Komitəsinin müəmmalı qiymət siyasəti: - 1, yoxsa 5 manat?

Gömrük Komitəsinin müəmmalı qiymət siyasəti: - 1, yoxsa 5 manat?

COVID-19 virusu ilə əlaqədar olaraq dövlət sərhədlərinin bağlanması Gürcüstan dövlət nömrə nişanlı avtomobil idarə edən sürücülər üçün ciddi problem yaradıb.
Müraciət edən şikayətçilər deyir ki, sərhədlərin bağlı olması ilə əlaqədar Gürcüstan dövlət nömrə nişanlı avtomobilləri ölkə daxilində idarə edə bilmirlər.
Bu qrupa Gürcüstan vətəndaşları olan azərbaycanlılar, eyni zamanda Gürcüstan dövlət nömrə nişanı ilə avtomobil idarə edən Azərbaycan vətəndaşları daxildir. Xarici vətəndaşlar ölkədə qalma müddətini dövlət rüsumu ödəyərək artıra bilir. Amma idarə etdikləri avtomobilləri Dövlət Gömrük Komitəsi Bakıda "Meyvəli" adlanan ərazidə, Qusarda, Balakəndə, eləcə də Qırmızı körpü keçid məntəqələrindəki dayanacaqlarda saxlayır.
Ən maraqlı məqam isə bu dayanacaqlarda avtomobillərin saxlanması üçün gündəlik ödənişlərin məbləğinin fərqli olmasıdır. Belə ki, Bakı şəhəri, Lökbatan dairəsi ərazisində yerləşən “Meyvəli” dayanacağında gündəlik olaraq 1 manat 50 qəpik məbləğində dayanacaq pulu tələb olunur. Qusar və Balakəndə bu məbləğ 1 manatdır. Amma Qırmızı körpü keçid məntəqəsində isə məbləğ fantastik həddədir. Vətəndaşlar burada avtomobillərin bir gün dayanması üçün 5 manat ödəməlidirlər.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə rəsmi məktub ünvanlanıb. Vətəndaşlara “Azərterminalkompleks”dən rəsmi şəkildə bildirilib ki, əslində bu məbləğ 12 manat təşkil edir. Amma karantin dövründə məbləğ 7 manat endirilərək 5 manat təşkil edib. Qeyd edək ki, bu, qeyri-rezident (Azərbaycan vətəndaşı olmayan) şəxsin ölkəyə daxil olarkən Gömrük məntəqəsində saxladığı hər hansı bir yük üçün nəzərdə tutulmuş məbləğdir.
Nazirlər Kabineti bu günlərdə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, avtomobillərin müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində 90 gün məhdudiyyət müəyyənləşib.
Qərarı "MediaPost"a şərh edən hüquqşünas Ərşad Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 305 saylı qərarı xarici ölkələrdə fiziki şəxslər tərəfindən müxtəlif əmtəələrin, o cümlədən nəqliyyat vasitələrinin Azərbaycana sadələşdirilmiş qaydada gətirilməsi prosedurlarını tənzimləyir: "Qeyd etdiyimiz qərarda nəqliyyat vasitələrini Azərbaycana şəxsi istifadə üçün həm müvəqqəti gətirmə, həm daimi gətirmə məsələsi öz əksini tapıb. Qaydanın əvvəlki redaksiyasında Azərbaycan vətəndaşı olmayan şəxs xaricdən avtomobil gətirdikdə ilk üç ay müddətində heç bir gömrük ödənişləri lazım deyildi. Həmçinin bu müddəti üç ay olmaqla bir ilə qədər uzada bilərdi. Yəni, şəxs nəqliyyat vasitəsini üç ay müddətində ölkəyə gətirə və üç aydan sonra xarici ölkədə bir gün, hətta bir neçə saat qalıb geriyə qayıdırdısa, müddət sıfırdan başlamış sayılırdı. Belə halda da gömrük təzminatı da lazım deyildi".
Hüquqşünas qeyd edib ki, yeni qüvvəyə minən qərar bu məsələyə aydınlıq gətirir: "Əgər şəxs üç ay sonra xaricə gedib qayıtsa belə 1 il ərzində cəmi 90 gün gömrük ödənişləri təminatı olmadan Azərbaycana xarici dövlət qeydiyyat nömrəli avtomobil gətirə bilər. Bu müddəti keçdikdə isə əlavə gömrük təminatı olmalıdır".
Nəqliyyat eksperti Elməddin Muradlı "MediaPost"a bildirib ki, karantin dövründə insanları incitmək olmaz: “Bu insanların bir çoxu daimi olaraq Azərbaycanda yaşayır. Sadəcə idarə etdikləri avtomobillər xarici dövlət nömrə nişanlıdır ki, buna da qanunvericilik icazə verir. Vətəndaş depozit ödəmədən maşını ümumilikdə 1 il ərzində 90 gün ölkə ərazisində idarə edə bilər. Daha sonra depozit ödəməklə bu müddəti bir ilə qədər artıra bilər. Sərhədlərin bağlı olduğu bir vaxtda, insanların qismən çətinlik çəkdiyi bir zamanda bu cür addım atmaq yersizdir. Avtomobil dayanacaqda qaldı, yaxud həmin şəxsin həyətində saxlandı və ya insan depozit ödəyərək maşını idarə etdi. Axı bunu etməyin nə mənası var?”
Ekspert gündəlik olaraq vətəndaşların dayanacaq pulu verməsi məsələsinə də toxunub: “Minlərlə avtomobili yığıb dayanacaqlara doldurublar. Hər sürücüdən də gündəlik 1-5 manat pul alınır. Ondansa birdəfəlik depozitlər alınsın və insanlar rahat şəkildə avtomobillərini idarə etsinlər. Karantin bitəndən sonra hər sürücü azı 150-300 manat pul ödəməlidir ki, avtomobilini dayanacaqdan çıxarsın. Biz hələ bu pulların hara getdiyi məsələsini sorğulamırıq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz