May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşmışlar.
Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk etmişlər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirmiş, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişlər.
Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq 7 nəfər saxlanılmışdır. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmış, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilmişdir.
Hazırda istintaq araşdırmaları davam etdirilir.