Axtarış...

Cavid Qurbanovun “POLAT YOL YAPI ŞİRKƏTİ” ilə gizli sövdələşməsi: - dövlət vəsaitini belə mənimsəyiblər



Son 10 ildə Azərbaycanın yol-nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş vermişdir. Paytaxtla bərabər rayon mərkəzlərində də küçə və prospektlərində geniş abadlıq işləri aparılmış,magistral yollar yenidən qurulmuşdur.
Ölkə başçısının sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu proses ölkəmizin bütün regionlarında olduğu kimi, Qaxda da geniş vüsət almışdır. Şəki-Qax-Zaqatala avtomobil yolu da tamamilə yenidən qurulmuşdur.
Sözügedən avtomobil yolunun 2013-cu ilin avqustunda Şəki-Qax hissəsinin açılışında iştirak edən Prezident İlham Əliyevə sabiq Nəqliyyat naziri Ziya Məmmədov avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlandığı barədə məlumat verərək bildirmişdi ki, ikizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.
Açılış zamanı ölkə başçısının diqqətinə həmçinin çatdırılmışdı ki, Şəki-Qax avtomobil yolu respublikanın ən böyük turizm marşrutlarından biridir.Avtomobil yolu Şəki şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki körpüdən başlayaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsini, Qax rayonunun iki mindən artıq əhalisi olan 6 məntəqəsini birləşdirir.
Qeyd edək ki, sözügedən avtomobil yolunun ikinci hissəsinin açılışında, yəni 2015-ci il noyabrın 4-də Prezident İlham Əliyevə görülmüş içlər barədə artıq Ziya Məmmədov deyil, “Azəryolservis” ASC sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin icraçısı kimi Saleh Məmmədov məlumat verdi.İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Saleh Məmmədov artıq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildi. Prezidentin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə, Prezidentin 19 dekabr 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”publik hüquqi şəxsə çevrildi.
RealMedia.az xəbər verir ki, bu xüsusda Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi işləri bilavasitə  dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilmiş, iri miqyaslı bu layihənin tamamlanmasına beynəlxalq maliyyə qurumları tərəfindən ayrılmış vəsaitlər də sərf edilib. Belə  layihələrdən biri də  Şəki-Qax-Zaqtala   avtomobil  yolunun Şəki-Qax hissəsinin əsaslı təmiri  və yenidənqurma işləridir.Qeyd edək ki, sözügedən layihənin icrasına 2011-cü ildə  başlanılıb və 2015-ci ildə başa çatıb.
Sifarişçisi Nəqlliyyat Nazirliyinin “Azəryolservis” ASC olan layihə 2 hissədən ibarət olub. I hissə,  Şəki-Qax hissəsi, yolun uzunluğu- 35,0 km, II hissə isə  Qax-Zaqtala hissəsi, yolun uzunluğu – 28,0 km-dir. Sözügedən layihə  Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, hazırda istifadə olunan 77 km avtomobil yolunun 42 km  qısalmasına imkan vermişdir.  Bundan əlavə, Şəki  rayonu ilə Qax rayonu arasında yerləşən  22 kəndi əhatə  edən bu yol, həmin ərazidə yaşayan 39 min  nəfər əhalinin sosial –iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bu yolun istismara verilməsi Respublikanın paytaxtından və digər rayonlarından Zaqatala, Balakən rayonlarına,həmçinin qonşu Gürcüstan Respublikasına və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan verir.
Yolun Şəki- Qax hissəsinin əsastexniki göstəricilərinə görə uzunluğu  – 35 km,eni  12.00 m,3-cü  texniki dərəcəlı olmaqla, hərəkət hissəsinin eni 7m (2×3,5 m),çiyinlərin eni 2×2,5 m,hərəkət zolaqlarının sayı – 2-dir.Bunlar öz yerində. Yerinə yetirilmiş işlərin həcminə gəldikdə verilən məlumatlara görə görə heç də layihədə nəzərdə tutulan həcmdə aparılmayıb.Layihəyə görə yolda torpaq işləri  – 1005,7 min m3,əsasın alt layının tikintisi üçün materialın daşınması – 790,5 min m3,əsasın alt layının  25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi – 101,6 min m3; asfalt-beton   örtük,   3 laydan ibarət  qalınlığı 21 sm ,asfalt-beton qarışığı sərf edilmişdir -182,1 min ton,beton bordyurların quraşdırılmışdır – 8000 m,yol üzərində,  ümumi uzunluğu 2100 pm olan 21 körpü təmir-bərpa edilmişdir.
Xaricdən alınmış qrantlar və dövlət büdcəsi hesabına həyata keçirilən bu layihə üzrə yerli sakinlərin verdiyi məlumatlar əsasında apardığımız araşdırmalardan sonra bir sıra ciddi korrupsiya hallarının baş verdiyinin şahidi olduq. Belə ki, Nəqliyyat Nazirliyinin sifarişi əsasında həyata keçirilən 35 km uzunluğunda müasir standartlara cavab verən asfalt yolun çəkilişi zamanı smeta-planda qeyd edildiyi kimi, 101,6 min kub.m. əsasın alt layının 25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi nəzərdə tutulsa da, bu tikinti materialı əvəzinə yaxınlıqdakı Şin,Gürmük, Qaşqaçay vadilərindən daş-çınqıl qarışığı daşınaraq istifadə edilmiş və beləliklə çay yataqları qanunsuz olaraq ciddi şəkildə dağıdılmış,ekologiyaya ziyan vurulmuş,ayrılmış vəsaitlər isə mənimsənilmişdir.
Digər əsas faktlardan biri də budur ki, eni 12 m, uzunluğu 35000 m olan asfalt yolun qalınlığı 21 sm olan asfalt-beton örütyünün 3-cü qatı ümumiyyətlə vurulmamış, və qeyd edildiyi kimi 3-cü texniki dərəcəli deyil, 4-cü texniki dərəcəli olmuşdur. Doğrudur, podratçı təşkilat olan “Polat Yol Yapı”Betnəlxalq şirkəti standartlara uyğun olaraq 3-cü asfalt qatını vurmaq istəsə də, icraçı və sifarişçi təşkilat rəhbərliyi və yerli aidiyyatı məmurlar vicdansızcasına buna imkan verməmişlər. Tərəflərin gizli sövdələşmələri müqabilində yəni, işlənməsi nəzərdə tutulan 420000 kv m. asfalt-beton örtüyü əvəzinə ayrılan milyonlarla manat dövlət vəsaitini mənimsəməklə ağır cinayət törətmişlər. Yerində apardığımız araşdırma nəticəsində əldə etdiyimiz məlumatlar bir daha təsdiqini tapmışdır. Podratçı şirkət 3 qat asfalt əvəzinə 2 qat asfalt (astar və üz dən ibarət 15 sm aqlınlıqda) çəkməklə işlərini bitmiş hesab etmişlər. Belə yolun ömrü isə nəzərdə tutulduğundan az olur və tez dağılır. Nəzərə alsaq ki, Şəki-Qax yolu intensiv yağışlara məruz qalan bir zonadır. Qetd edək ki, sözügedən yolun çəkilişi 2013-cü ildə tamamlanıb. Həmin dövrdə sifarişçisi “Azəryolservis”ASC olan layihəni “POLAT YOL YAPI SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycandakı filiali həyata keçirib.Sözügedən şirkətin Azərbaycan nümayəndəliyi 08.02.2007 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı Goranboy rayonun Nadirkənd kəndi olan şirkətin qanuni təmsilçisi Aydın Polatdır. Verilən məlumatlara görə sözügedən dövrdə”Azəryolservis”ASC-nin sədri olmuş Cavid Qurbanov yolun çəkilişi zamanı Aydın Polatla sövdələşərək texniki şərtləri pozmuş və bu üsulla külli miqdarda dövlət vəsaitini kənarlaşdırmışlar.Məlumata görə onlar bu gün də işbirliyini və dost münasibətlərini davam etdirməkdədirlər.
Apardığımız araşdırmalardan sonra belə nəticəyə gəlirik ki, mühüm dövlət və ictimai əhəmiyyət kəsb edən belə bir layihənin həyata keçirilməsi və şəxsən prezidentə təqdim edilməsi zamanı hətta dövlətin başçısına belə riyakarcasına, yalan hesabat verilmişdir. Hesab edirik ki, Şəki-Qax yolunda 2011-2015-ci illərdə asfalt yolun tikintisi zamanı törədilmiş irimiqyaslı korrupsiya hallarının araşdırlması və hüquqi qiymət verilməsi üçün aidiyyatı dövlət qurumları hərkətə keçəcəklər. Mövzuya bir daha qayıdacağıq.
P.S. Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
RealMedia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz