Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparıldığı barədə xəbər vermişdik.
BakuPost yoxlama zamanı üzə çıxan qanunsuz əməllərin bir qismi haqqında sensasion məlumatlar əldə edib.
Aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl nazir Vilayət Eyvazovun ləğv etdiyi, kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi məlum olub.
Vilayət Eyvazovdan gözlənilməz qərar - Yol polisinin iş rejimi dəyişdi, 10 nəfər qovuldu
Vilayət Eyvazovdan gözlənilməz qərar - Yol polisinin iş rejimi dəyişdi, 10 nəfər qovuldu
Bundan əlavə idarə rəisi və Alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən firma maşınları ilə bağlı “əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.
Yoxlama aparan şəxslər müəyyən ediblər ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Və bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin “qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub. Bildirilir ki, A.Axundov mülki şəxs olsa da, hər hansı avtomobilin saxlanılması, cərimə meydançasına aparılması üçün polislərə əmr vermək səlahiyyətinə sahib olub. Onun verdiyi göstərişlər qanunsuz olsa belə, yol polisləri tərəfindən qeyd-şərtsiz həyata keçirilirmiş.
O, hətta kameralara nəzarət edən aparaturanı özünün şəxsi avtomobilində ( 90 EE 085 nömrə nişanlı ) gəzdirmək, ödənişləri vaxtında verilməyən firma maşınlarının “ovlanmasında” da iştirak etmək kimi böyük səlahiyyətlərə malik olub.
Qeyd olunan bu faktlar toplanaraq Daxili Təhqiqat İdarəsinə təhvil verilib...
Əlavə məlumatlarımız olacaq.
Qeyd edək ki, dünən Daxili İşlər nazirinin əmri ilə Nuşirəvan Səfərov təqaüdə göndərilib. Onu hələlik rəis müavini, Qarabağ qazisi Rəşad Piriyev əvəz edir.
BakuPost