Axtarış...

AQTA-nın gizlətdiyi yağ siyahısı: 70 faiz insanı xəstə edir - BÖYÜK İDDİA


Azərbaycanın istehlak bazarlarını keyfiyyətsiz, mənşəyi bilinməyən, ucuz qiymətə satılan çeşidli adda yağlar satılır.

Adətən, bu cür yağlar əmtəə bazarına çox yaxşı bir brend kimi təqdim olunur. Bu yağların ucuzluğu istehlakçı simpatiyası qazanmaya bilməz. Hazırda satışda kərə yağı, eləcə də günəbaxan yağları adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində markası ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır.

Əsl yağ təəssüratı yaratsın deyə günəbaxan və kərə dadı qoxusu verilir. Bu cür trans yağlar Dövlət Gömrük Komitəsindən keçirilir, Dövlət Qida Agentliyinin (AQTA) laboratoriyalarında yoxlanılmır, nəticədə asanlıqla bazarlarda ayaq açır. Bu yağların adının açıqlanması ilə bağlı dəfələrlə AQTA-ya sorğu ünvanlasaq da, müraciətimiz cavabsız qalıb. Bu isə onu deməyə əsas verir ki, hazırda ölkəmizdə istehsalçı hüquqları istehlakçı hüquqlarından üstün tutulur.

Təəssüf ki, aztəminatlı ailələr də bu cür yağları alıb istifadə edir. İllərdir ki, müstəqil ekspertlər, eləcə də həkimlər mənşəyi bilinməyən bu yağların onkoloji xəstəliklərə gətirib çıxarması barədə həyəcan təbili çalırlar.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, gömrük keçid məntəqələrindən çeşidli adda yağ növləri keçirilir ki, onların da təyinatı müxtəlif istiqamətdə göstərilir:

“Hansısa bir yağı texniki təyinatla gömrükdən keçirmək mümkündür. Bu məsələdə gömrük keçid məntəqələrinin yoxlamalarından, güzəştlərindən qanuni yollarla da keçirmək mümkündür. Gömrük keçid məntəqələrindən keçmək üçün yoxlama zamanı gömrük əməkdaşlarını aldatmaq da mümkündür. Bunun üsulları var, mal gətirən şəxs seçmə üsulundan nümunə kimi götürülən məhsulların ön sıralara yığırlar və rahatlıqla bu cür yağları keçirə bilirlər. Bu yağların açıq şəkildə Azərbaycanın istehlak bazarına çıxarılması üçün yenidən emal edilməsi və onlara dad, qoxu vurulması istiqamətində mövcud istehsal sexləri kifayət qədər çoxdur. Hətta Azərbaycanda qida sənayesinin nəhənglərindən olan şirkətlər belə, bu işlə məşğuldur. Zellandiyadan Azərbaycana idxal olunan yağları keyfiyyətli təmiz kərə yağı saymaq olmaz. O yağlar ölkəmizdə yenidən emaldan keçir tərkibinə digər ucuz yağlar vurulur nisbətən ucuz qiymətə satışa çıxarılır. Ümumiyyətlə, bu proses Azərbaycanda artıq ənənəvi xarakter alıb. Bu, çox təhlükəli tendensiyadır və ölkədə ciddi fəsadları özünü göstərir. Əhalinin böyük əksəriyyəti xəstəxanalarda, apteklərdə növbədə dayanır. Bütün bunların səbəbi Azərbaycanın ərzaq bazarında qeyri-sağlam məhsulların açıq şəkildə satılmasıdır. Digər tərəfdən, əhalini gəlir səviyyəsi aşağı olduğu üçün ucuz məhsullara daha çox üstünlük verirlər. Çünki ucuz məhsullar aztəminatlı ailələrin büdcəsinə uyğundur. Amma sonda ucuz qidalar onları bir neçə dəfə çox yüksək qiymətə xərcə salır. Yəni sağlamlığını bərpa etmək üçün daha çox vəsait lazım olur, bəzən də tam bərpa etmək mümkün olmur”.

“Azərbaycan vətəndaşlarının 70-80 faizi yataq rejimində müalicə almalıdır”

Analitik hesab edir ki, hazırda Azərbaycan bazarında mövcud acınacaqlı durumu aradan qaldırmaq AQTA-nın imkanları daxilində deyil:

“Doğrusu, qurum heç bu istiqamətdə çalışmır da. AQTA bazarlardan, istehsal müəssisələrindən və digər obyektləri şantaj etməklə məşğuldur. Qida təhlükəsizliyin təmin edilməsinin bir yolu da təhlükəli qidalara istehsal edən firmaların adının açıqlanmasıdır. AQTA bunu da etmir. Bu, bizə ittiham etməyə əsas verir ki, AQTA təhlükəli qidalara istehsal edən sexlərdən, müəssisələrdən haqq yığırlar, sonra da əhaliyə bəyan edirlər ki, təhlükəli qidalar var, özünüzü gözləyin. İstehlakçı özünü hansı üsulla qorumalıdır? Qurum bu yolları da göstərmir.

Bəzi dünya ölkələri kasıb yaşayan ölkələr üçün məhsul istehsal edirlər. Hətta oradakı vətəndaşlar üçün qida məhsullarına kod qoyurlar. Ölkənin daxilində elan edirlər ki, bu kod altında satılan məhsullar sağlamlığınız üçün risklidir. Amma Azərbaycan faktiki olaraq trans yağları qida məhsulu kimi bazara çıxarırlar. Hansı ki, bu məhsullar xərçəngin inkişafı üçün münbit şərait yaradır. Ümumiyyətlə, tək trans yağlar deyil, orqanizm üçün təhlükəli olan digər məhsullar da var ki, onlar ölkəmizdə xəstəliklərin genişlənməsinə səbəb olur. Düzgün müayinələr aparılsa, Azərbaycan vətəndaşlarının 70-80 faizi yataq rejimində müalicə almalıdır. Ölkəmizdə qeyri-sağlam məhsullar sahəsində vəziyyəti düzəltmək üçün ilk növbədə qanunvericilikdə dəyişiklik olunmalıdır”.

“Reputasiya Azərbaycandakı monopolist firmaların marağına uyğun deyil”

Akif Nəsirli onu da əlavə edib ki, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mövcud çətinlikləri aradan qaldırılması üçün inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaqda fayda var:

“Bu üsullardan istifadə edərək ölkədə rəqabət mühitini formalaşdırmaq və monopoliyanı aradan qaldırmaq lazımdır. Hətta biz qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Avropada sınaqdan keçmiş modeli tətbiq etsək, belə, monopoliya varsa, o işləməyəcək. Avropada çalışan bütün modellər rəqabətə, firmanın reputasiyasına əsaslanır. Azərbaycanda isə monopolist firmalar olduğuna görə, reputasiya onların marağına uyğun deyil. Rəqabətdə qələbənin əsaslarından biri keyfiyyətdir. Keyfiyyəti yüksəltməklə digər firmaları sıxışdırıb bazardan çıxarmaq olar. Ölkədə qida sənayesində elmə əsaslanan istehsal yoxdur. Bu gün Azərbaycanda istehsal olunan qidaların 70-80 faizi ənənəvi üsullarla hazırlanır. Amma bir fərq var ki, 40 il bundan əvvəlki keyfiyyətdə olan sağlam qida ilə yox, qeyri-sağlam ərzaq məhsulları ilə. Azad rəqabət yaransa, istehsalçı sahibkarlar bazarda bir-biri ilə rəqabətdə girib bulanmış suları durulda bilər. Düşünməyək ki, Avropada, Amerikada, Yaponiyada, Britaniyada və digər ölkələrdə qida təhlükəsizliyi göydən düşüb. Onlar bu sistemə əməl etməklə, qaydaları tətbiq etməklə sağlam mühitə nail olublar. Yeni nəyisə ixtira etməyə gərək yoxdur. Artıq dünyada bu üsulların hamısı ixtira olunub, bizə bu təcrübədən yararlanmaq qalır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz