Axtarış...

Energetika Nazirliyinə sərt ittihamlar - “Onlar ya Aydan gəliblər, ya da…”



Bütün dünyada olduğu kimi Azərbaycanda da istehsalı edilən neft və təbii qaz ehtiyatlarının ömrü azalır.

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurətini yaradır. Məlumdur ki, Azərbaycan enerji idxalçısı deyil. Hazırda ölkəmizdə 5 növ bərpa olunan enerji mənbəyindən istifadə olunur. Qeyd edək ki, dünyada istehlak olunan ilkin enerji mənbələri arasında neft birinci, kömür ikinci, təbii qaz isə üçüncü yerdə dayanır.

Enerji təchizatı təhlükəsizliyini təmin etmək, milli və fərdi əsasda enerji xərclərini azaltmaq, eləcə də enerji istifadəsindən qaynaqlanan ekoloji problemləri həll etmək üçün alternativ enerji mənbələrindən istifadə olduqca çox vacibdir. Məlum olduğu kimi, dünyanın əksər inkişaf etmiş ölkələrində günəş və külək enerjisi, kiçik SES-lər, termal sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən geniş istifadə edilir.

Ötən gün energetika nazirinin müavini Elnur Soltanov açıqlamasında bildirmişdi ki, hazırda ənənəvi elektrik stansiyalarına qoyulan investisiyaları tamamilə alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək, həmin effekti ala bilmərik. O hesab edir ki, üstəlik, bu, ölkədə elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxarar: “Ən mühafizəkar hesablamalara görə, enerji istehsalı potensialımız pik vaxtlarda belə tələbatımızdan azı 10 faiz çoxdur. Bu da çox yaxşı göstəricidir. Yəni, Azərbaycan özünü enerji təhlükəsizliyi baxımından “güvənli sular”da hiss edə bilər. Çox etibarlı bir nöqtədəyik. Artıq liberallaşma üçün əla zəmin yaranıb. Təhlükəsizlik məsələsi həll olunduğuna görə, bu təhlükəsiz mühitdən daha çox səmərə əldə etməyə fokuslanmalıyıq”.

Alternativ və bərpa olunan enerji istehsalına gəlincə, nazir müavini bildirib ki, problem ondan ibarətdir ki, onun qiyməti hələ də ənənəvi enerjidən yüksəkdir: “Azərbaycanda da həmçinin. Məsələn, hazırda Avropa ölkələrində ənənəvi yolla istehsal edilən 1 kVt/saat elektrik enerjisinin maya dəyəri orta hesabla 35 qəpik, Azərbaycanda isə 8 qəpikdir. Ölkəmizdə alternativ enerjinin maya dəyəri isə 10-12 qəpikdir. Bu fərqlə enerjini əhaliyə transfer etsək, sosial çətinliklər ortaya çıxa bilər. Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir”.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

- Energetika nazirinin müavini Elnur Soltanov deyib ki, ənənəvi elektrik stansiyalarına qoyulan investisiyaları tamamilə alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək bu, ölkədə elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxarar. Bu fikirlə razısızmı?

- Nazir müavininin fikirləri düzgün ifadə olunur. Alternativ enerjidən alınan elektrik enerjisinin maya dəyəri bahadır. Bu gün 1000 meqavat ənənəvi elektrik enerjisi hasil etmək üçün tikilən elektrik stansiyasının qiyməti təqribən 800 milyon dollardır. Ancaq alternativ enerjidə 1000 meqavat elektrik enerjisi almaq üçün ən azı bundan iki dəfə çox, bəzən daha artıq kapital xərcləmək lazımdır. Buna görə də alternativ enerji mənbələrindən əldə olunan enerjinin qiyməti yüksək olur.

Məsələ burasındadır ki, alternativ enerjini tam gücdə ala biləcəyikmi? Tutaq ki, insanlar hər il istilik elektrik stansiyalarından 5 milyard kubmetr qaz istifadə edirlər. Əgər istilik elektrik stansiyalarına qoyulan investisiyaları alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək, təbii qaz xaricə satılar. Nəticə etibarilə alternativ energetikadan alınan enerji elə həmin enerjinin qiymətinə və sonrakı illərdə daha ucuz başa gələ bilər.

Azərbaycanın ən çox yararlana biləcəyi alternativ enerji külək enerjisidir. Ancaq məsələ burasındadır ki, külək həmişə olmur. Hamıya elə gəlir ki, güclü külək olanda, daha çox elektrik enerjisi almaq olur. Ancaq güclü külək olanda külək elektrik generatorları dayanır. Yəni onların bir limiti var. Külək elektrik generatorları küləyin sürət həddi 3 metr\saniyədən aşağı və 18 metr\saniyədən yuxarı olanda dayanır. Yəni bu generatorların elektrik enerjisi hasil etməsi üçün küləyin sürət həddi 3 metr\saniyədən yuxarı, 18 metr\saniyədən aşağı olmalıdır. Digər tərəfdən, külək enerjisini almaq üçün bu generatorları yerləşdirmək üçün sahə lazımdır. O da var ki, bu generatorları hara gəldi qoymaq mümkün deyil. Xarici ölkələrdə bu generatorlar dənizdə yerləşdirilir. Külək elektrik generatorlarının pərləri hərəkət edən zaman mikro dalğalar yaranır. Həmin dalğalar bütün həşəratları və digər canlı orqanizmləri məhv edir. Ona görə də həmin generatorların olduğu torpaq üzərində otlaq sahəsi yaranmır. Yəni alternativ enerji məsələsində hər bir şeyin ətraf mühitə təsirləri var. Bu qurğuları ancaq insan olmayan, əkilib-biçilməyən ərazilərdə, o cümlədən dağların başında, dənizin içində tikmək lazımdır ki, onun ətraf mühitə, insanlara, flora və faunaya ziyanı minimal olsun.

- Ölkəmizdə külək enerjisinə investisiyanın yatırılması rentabelli sayılırmı?

- Azərbaycanın ərazisi böyük deyil. Mövcud torpaq sahələrində bu generatorların kütləvi şəkildə quraşdırılması da mümkün deyil. Əgər hidroenergitkanı nəzərə almasaq, hazırda Azərbaycanda alternativ energetikadan hasil olunan günəş və külək enerjisi ölkədə hasil olunan elektrik enerjisinin 0,6-0,7 faizini təşkil edir. Amma Energetika Nazirliyi deyir ki, 2030-cu ildə respublikada istehsal olunan elektrik enerjisinin 30 faizini alternativ enerjidən alacağıq. Bilmirəm, onlar bu rəqəmləri haradan alıb belə proqnoz verirlər? 2030-cu ildə 30 milyard kVt\saat elektrik enerjisi olsa, onun 30 faizi 9 milyard edir. Bilinmir onlar ya Aydan gəliblər, ya da başqa yerdən. Azərbaycanın hidroelektrik stansiyalarında suyun səviyyəsi ildən-ilə azalır. Buna görə də elektrik enerjisinin də hasilatı azalır. Həmin hidroelektrik stansiyalarda təqribən 1 milyard kVt\saatdan bir qədər çox elektrik enerjisi hasil olunur. Ağıllarına necə gəldi qiymət yazırlar. Elə zənn edirlər ki, özlərindən başqa heç kəs analizlə, proqnozla, araşdırma ilə məşğul deyil.

- 2019-cu ilin birinci yarım ili ərzində ölkədə elektrik enerjisinə tələbat artıb. İstehlakın çoxalması istehsalda necə tənzimlənir?

- Hazırda Azərbaycanın enerji sistemində 25 milyard kVt\saat elektrik enerjisi istehsal edilir, təqribən 1 milyarddan da artıq exsport edilir. 1,5 milyard kVt\saat da texniki itkiyə gedir. Bu, o deməkdir ki, Azərbaycanın tələbatı 22 milyarddan bir qədər artıqdır. Hələ Azərbaycanda elektrik enerjisindən qənaətcil texnologiyaların ölkə üzrə kütləvi sürətdə tətbiqi olunmur. Əgər istiliyin saxlanması, binaların Avropa standartlarına uyğun tikilməsi kimi tədbirlər həyata keçirilsə, Azərbaycanda elektrik enerjisinə tələbat 20 milyard kVt\saata düşər.

- Alternativ, yoxsa ənənəvi yolla istehsal edilən elektrik enerjisinin istehsalı daha sərfəlidir?

- Ümumiyyətlə, həm alternativ, həm də ənənəvi yolla istehsal edilən elektrik enerjisinin maya dəyərinin hesablaması metodologiyası gizlədilir. Alternativ enerjinin maya dəyərini hesablamaq üçün həmin qurğuya qoyulan kapital və istismar xərcləri açıqlanmalıdır. Tutaq ki, Yaşma külək elektrik stansiyasına nə qədər kapital xərci çəkilib, yaxud nə qədər elektrik istehsal edib və sair bu kimi bütün bu məlumatlar bilinməlidir. Bu məlumatlar da hazırda ictimaiyyət üçün açıqlanmır. Buna görə də 2019-cu ilin nəticələrinə görə, alternativ enerjinin maya dəyərinin nə qədər olduğunu demək mümkün deyil.

“Cümhuriyət”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz