Axtarış...

"Dərman mafiyas" Səhiyyə Nazirliyinin möhkəm çətirləri altında... - İLGİNC FAKTLAR

"Dərman mafiyas" Səhiyyə Nazirliyinin möhkəm çətirləri altında... - İLGİNC FAKTLAR

Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.

Məlumat verildiyi kimi, respublika ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şirkətlərin keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirmələri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.2 (dərman vasitələrinin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlandı.

Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, aparılmış istintaqla “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyevin şirkətin fəaliyyətini vergi ödəyicisi kimi Vergilər Nazirliyində dayandırmasına baxmayaraq, həmin şirkətin faktiki olaraq satış şöbəsinin müdiri Hafiz Orucov və Satış təmsilçilərinin qrup rəhbəri Asim Kərimov ilə qabaqcadan əlbir olaraq birlikdə qanunsuz əczaçılıq fəaliyyəti ilə məşğul olmaqda davam etməsinə, ölkəyə “Epidbiomed”, “Loğman Farm” və “Gömrük Hospitalı” vasitəsilə dövlət qeydiyyatından keçməyən və uyğunluq sertifikatları olmayan dərman vasitələrinin idxal edilməsinə, habelə ölkə ərazisində istehsal olunan müvafiq normativ sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan keyfiyyətsiz dərman preparatlarının satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edildi.

Bu məqsədlə adları qeyd edilən şəxslərin respublika ərazisində fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində işləyən ayrı-ayrı həkimlərə və digər tibb işçilərinə əvvəlcədən müəyyən edilmiş məbləğlərdə pul və qiymətli hədiyyələrin verilməsi müqabilində müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunmasına nail olmalarına, bu yolla dərmanları Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən dərman satışı nöqtələrinə paylayaraq dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edildi.

Baş prokurorluğun məlumatına görə, göstərilən cinayətkar niyyətlərə nail olmaq üçün Müşfiq Nağıyevin, Hafiz Orucov və Asim Kərimov “Epidbiomed” şirkətinin təsisçisi və faktiki rəhbəri Namiq Əliyev, direktoru Surxay Mustafayev, direktor müavini Kamal Məmmədov, həmin şirkətdə həkim işləməklə gömrük sənədləşdirilməsi işlərinin icrası həvalə edilmiş Zaur Mustafayev, habelə “Loğman Farm” şirkətinin direktoru Hamlet Mehdizadə, direktor müavini Elnur İsgəndərov və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin rəis müavini Fərman Məmmədli ilə qabaqcadan əlbir olub aralarında əldə olunmuş razılığa uyğun olaraq mərhələli şəkildə müxtəlif vaxtlarda ölkə ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə külli miqdarda – 340 min manat dəyərində dövlət qeydiyyatından keçməyən dərman vasitələrini idxal etmələrinə, eləcə də həmin dərman vasitələri daxil olmaqla ölkə ərazisində istehsal edilmiş digər dərman preparatları ilə birlikdə ümumilikdə 289 adda 64 min qutu və 50 min flakondan ibarət cəmi 353 min manat dəyərində keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dərman vasitələrini Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 12 saylı ünvanda yerləşən “Sanimed” MMC-nin icarəyə götürdüyü anbarlarda, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 6/8 saylı ünvanında yerləşən apteklərində, “Loğman Farm” MMC-nin Bakı şəhəri Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 15 A, “Epidbiomed” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi, Nəsimi küçəsi 5 saylı ünvanlarda yerləşən anbarlarında saxlayaraq satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edildi.

Hətta Baş Prokurorluq ictimaiyyətə müraciət edərək, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan, məlumatlı şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri barədə xəbərdarlıq da etdi.

Nəticə olaraq, qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və bununla da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edildiyindən Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev, Kamal Məmmədov, Elnur İsgəndərov, Surxay Mustafayev, Zaur Mustafayev və Hamlet Mehdizadəyə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün keçən ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Fərman Məmmədli barəsində isə Dövlət Təhlükəsizlik Xidmətində eyni xarakterli cinayət işinin istintaqı aparıldığına görə, onun Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi üçün həmin dövlət qurumuna göndərildi.

Maraqlıdır ki, respublikanın böyük bir hissəsini əhatə edərək, cəmiyyətə saxta dərman satmaq ittihamı ilə təqsirli bilinib, hakim qarşısına çıxarılan bu şirkətin son aqibəti barədə heç bir məlumat əldə etmək olmur. Hətta ölkə mətbuatı da bu məsələdə nədənsə böyük susqunluq nümayiş etdirib.

Konkret.az-ın Araşdırma Qrupu qanunsuz dərman dövriyyəsi ilə məşğul olan bu şirkətin fəaliyyətini araşdırarkən olduqca maraqlı nəticələr əldə edib.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib.

Buna görə də, barəsində bu məzmunda ittihamın irəli sürüldüyü şirkətin fəaliyyətini, daha doğrusu kimlərin bu şirkətlə dərman alqı-satqısında iştirak etdiyinin maraqlı və vacib olduğunu düşünərək, “Epidbiomed” MMC-nin qalib elan olunduğu dövlət satınalmalarını araşdırmağı özümüzə borc bildik. Məntiqlə düşünsək, əgər bir şirkətin bir çox epizodlarda tamah məqsədilə həkimlərlə razılaşıb, müxtəlif maliyyə və ticarət fırıldaqlarını həyata keçirdiyi məlumdursa, onda bu rəsmi ittiham, onların tender və kotirovkalarda da hansı üsullarla qalib gəldiyi haqqında ciddi suallar doğurur.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Epidbiomed” MMC (VÖEN 1500338941) 2004-cü ilin noyabr ayının 19-da, hüquqi ünvanı, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6 göstərilməklə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində dövlət qeydiyyatına alınıb. Qurumun qeydiyyat sənədlərindən, qanuni təmsilçisinin Əliyev Məmmədəli Sabir oğlunun olduğu məlum olur. Təşkilatın Yasamal rayonu, Zivər bəy Əhmədbəyov, 19-da fəaliyyət göstərdiyi bildirilir.

“Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və polikilinikaları tərəfindən keçirilən dövlət satınalmaları müsabiqələrində (tender və kotirovka) 104 dəfə qalib olub. (?!) Müsabiqələrin ümumi dəyəri 17 382 860, 15 manatdır.

Şirkətin idxal etdiyi dərman vasitələri arasında vaksinlər və zərdablar, insulin və diabetik dərmanlar, eləcə də digər (Albumin 20% 100 ML, Albumin 20% 50 ml, Striasan (pre), Striasan (post), Cathejell-Montavit, Kalsiy glukonat, Ampisilin, Riboksin kimi dərmanlar) dərman preparatları üstünlük təşkil edib.

“Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və poliklinikaları tərəfindən elan olunan dövlət satınalmaları müsabiqələrində qalib gələrək, 29 xəstəxana ilə dərman preparatları satışını həyata keçirib.

Astara rayon Mərkəzi Xəstəxanası – 279 000 (iki yüz yetmiş doqquz min) manat

Qısa ARAYIŞ: Astara rayon mərkəzi xəstəxanası 1 RMX, 4 kənd sahə xəstəxanası, 11 kənd həkim məntəqəsi, 21 tibb məntəqəsi ilə Astara rayon əhalisinə tibbi xidmət göstərir.
Astara rayon mərkəzi xəstəxanası 126 çarpayılıqdır. Cəmi rayon üzrə 186 çarpayılıq stasionar hissə vardır.
Rayon mərkəzi xəstəxanasında Cərrahiyyə şöbəsi 30 çarpayılıq, Terapiya şöbəsi 30 çarpayılıq, Mama ginekoloji şöbə 30 çarpayılıq, Uşaq şöbəsi 20 çarpayılıq, İnfeksion şöbə 10 çarpayılıq, Reanimasiya şöbəsi 6 çarpayılıqdır. Bundan əlavə Pəlikəş kəndində 15 çarpayılıq, Kijəbə qəsəbəsində 15 çarpayılıq, Pensər kəndində 15 çarpayılıq və Asxanakəran kəndində 15 çarpayılıq sahə xəstəxanaları fəaliyyət göstərir.
Astara rayon mərkəzi Xəstəxanasında 108 nəfər həkim çalışır. Onun 68 nəfəri kişi, 40 nəfəri qadındır. 455 nəfər orta tibb işçisinin 17-si laborant, 42 nəfəri mama, 396 nəfəri isə tibb bacısıdır. 366 nəfər kiçik tibb işçisi çalışır.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, “Epidbiomed” MMC 2010-2012-ci illər ərzində Astara Mərkəzi Rayon Xəstəxanasının keçirdiyi dövlət satınalmalarında – dərman və sarğı materiallarının satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub. Beləki, şirkət 2010-cu ildə 89 500 (səksən doqquz min beş yüz) manatlıq, 2011-ci ildə 89 500 (səksən doqquz min beş yüz) manatlıq, 2012-ci ildə isə 100 000 (yüz min ) manatlıq satınalamaların qalibidir.

(ardı var…)
Text-to-Speech

DİNLƏ






Şərh yaz