Nazirlər Kabinetinin qərarı ilə çəkisi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.
Bu qərar birmənalı qarşılanmır və bunun lehinə və əleyhinə olan kifayət qədər fikirlər səslənib. Məlumdur ki, sözügedən maşınlardan adətən tikinti sektorunda istifadə olunur. Bu qadağa da şirkətlərin işinə maneə yaradır.
Tikinti şirkətlərindən biri isə məhz bu qərara görə iflas həddinə çatdığını açıqlayıb. Belə ki, 24 sentyabr 2019-cu il tarixində “Transavto EKS” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə, ağır tonnajlı yük avtomobillərinin Bakı şəhərinə girişinə qoyulan məhdudiyyətlər və bir sıra digər məqamlarla əlaqədar ASC-nin fəaliyyətində yaranan maliyyə problemlərinin müzakirəsi, ASC-nin ləğvi və ya başqa çıxış yolunun tapılması üçün qərarın qəbul edilməsidir.
Əslində bu məsələdə diqqətçəkən bir sıra məqamlar var. Belə ki, ilk növbədə tikintilərin şəhərin mərkəzində aparılmasıdır. Bu da yük avtomobillərinin mütəmadi olaraq mərkəzi küçələrdə hərəkətini zəruri edir. Problemin aradan qaldırılması üçün isə müxtəlif təkliflər verilir. Belə ki, tikintilərə, xüsusilə də yüksəkmərtəbəli binaların tikintisinə müvafiq icazənin şəhərin mərkəzində deyil, ətrafda verilməsi bu problemin aradan qalxmasına müsbət təsir göstərir. Belə olan halda yük avtomobillərinin şəhərə girişinə də ehtiyac qalmaz. Yəni Bakının mərkəzini söküb göydələnlər tikməkdənsə, həmin tikintini ərtaflara çıxarmaq həm Bakının yükünü azaldar, həm bu sahədəki sözügedən problemin öz-özünə aradan qalxmasına şərait yaradar. Bu təcrübə dünyanın əksər ölkəsində tətbiq edilir. Dünyanın ən böyük meqapolislərində bu cür təcrübə var və müsbət effekt verir.
İqtisadçı-ekspert Natiq Cəfərli də “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hökumətin bu istiqamətdə təşviqat aparmasına ehtiyac var:
“Əslində şirkətlər bazar qaydaları ilə işləyir. Çünki şəhərin mərkəzində qazanc, cəlbedicilik, müştəri daha çoxdur. Tikinti şirkətləri də çalışırlar ki, şəhərin mərkəzində və ya yaxınlığında obyekt tiksinlər və daha tez və çox gəlir əldə etsinlər. Şəhərin mərkəzindən uzaqlaşdıqca, qiymətlərin ciddi şəkildə aşağı düşür, bəzən 3-4 dəfə fərq yaranır. Ona görə də şəhər kənarındakı tikintilər şirkətlər üçün cəlbedici deyil. Amma dövlət təşviq siyasəti aparsa, şəhər kənarında yeni tikililərin, böyük məhəllələrin salınmasını təşviq etsə, infrastrukturu öz üzərinə götürsə, torpaq sahələrini ya pulsuz, ya da çox ucuz qiymətə şirkətlərə versə, bu zaman cəlbedicilik, maraq yaranar. Şirkətlər də şəhərdən kənar çıxmağa, tikinti aparmağa maraq göstərər. Bununla bərabər şəhərin mərkəzində olan gərginlik də aradan qalxar. Çünki binalar tikilir, amma infrastruktur əvvəlki kimi qalır. Məsələn, Bakıda kanalizasiya sovet vaxtı 2 milyon əhali üçün hesablanıb. Bu gün isə Bakı şəhərində təxminən 4 milyon əhali yaşayır. Yəni əhalinin artımı bir sıra infrastruktur problemlər də yaradır. Bu problemlərin aradan qaldırılması üçün dövlətin təşviq proqramları aparmasına ehtiyac var”.
N.Cəfərli hesab edir ki, şirkətləri şəhərin mərkəzindən kənara daha cəlbedici təkliflərlə çəkmək mümkündür:
“İnsanlar da mərkəzdəki 50-60 kvadratmetrik mənzildənsə, kənarda 150 kvadratmetrik keyfiyyətli mənzil ala bilsələr, yolu gözə alıb mərkəzdən çıxarlar. İndiki şəraitdə isə bu cəlbedicilik, təşviq proqramları yoxdur deyə, şirkətlər də günlük qazanc dalınca qaçırlar deyə, şəhərin mərkəzi yüklənir. Bunun da əziyyətini bütün hər kəs çəkir”.
Natiq Cəfərli qeyd edib ki, böyük tonnajlı yük maşınlarının şəhərin mərkəzinə buraxılmaması məsələsi isə yenilik deyil, dünyanın bir çox ölkəsində belə qaydalar var:
“Tikinti şirkətləri isə daha çevik olmalıdır. Qadağa axşam saatlarından səhər saatlarına qədər qüvvədən düşmüş hesab olunur. Şirkətlər də işlərini bu qaydalara uyğun qurmalıdır. Hökumətin işi isə ondan ibarət olmalıdır ki, şəhərin kənarında yeni yaşayış masivlərinin tikilməsini təşviq etsin. Bu zaman hesab edirəm ki, şəhərin mərkəzi də kifayət qədər rahatlıq qazana bilər”.