Artıq əkin-səpin işləri başlayıb və nəticə olaraq hamı, təbii ki, bol məhsul götürməyə çalışır.
Tutaq ki, fermer məhsul götürdü, bəs onu sata biləcəkmi, satana qədər harada, necə saxlayacaq? Bunlar hər yığım mövsümündə aktuallaşan, həllini tapmayan məsələlərdəndir.
Azərbaycanda hər il min tonlarla kənd təsərrüfatı məhsulu zay olur və atılır, səbəb kimi, xüsusən də kiçik fermerlər “saxlamağa yerimiz yoxdur” deyir. Ona görə də fermer yığım dövründə məhsulunu dəyər-dəyməzinə satır, ya da varıdırsa, daş anbarlara yığır. Burada isə xəstəlik yayılır, məhsulu çox saxlamaq olmur və əziyyətlə becərilən məhsul nəticədə zibilə çevrilir.
“Soyuducu anbar qıtlığı var” demək də düzgün deyil. Çünki ötən illərdə bu sahədə müəyyən işlər görülüb.
İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 411.3 milyon manat, tutumu 347.1 min ton olan 55 logistik mərkəz yaradılıb.
Bunun üçün fonddan 176.3 milyon manat güzəştli kredit verilib.
2009-2015-ci ilərdə bütün regionlarda hər bölgə üçün spesifik soyuducu anbarlar tikilib. Ağdam-Füzuli-Beyləqan bölgəsində kartof-soğan, Quba-Qusar-Xaçmazda meyvə-tərəvəz üçün anbarlar var, amma bu anbarlar fərdi sahibkarların və iri təsərrüfatlarındır. Xırda və ailə təsərrüfat sahibləri isə əldə etdiyi məhsulu saxlaya bilmir.
Bir neçə il əvvəl belə qərar verilmişdi ki, regional anbarlar tikilsin və fermerlər məhsulunu orada saxlasın. Amma bu mexanizm özünü doğrultmadı, çünki birincisi, istehsal olunan məhsulun keyfiyyəti onu anbara qoymağa imkan vermirdi, ikincisi, həmin anbarların saxlanma xərcləri vardı.
Ona görə də elə iri təsərrüfatlar həmin anbarlara məhsullarını yerləşdirməyə başladılar və nəticədə, iri təsərrüfatlar daha da böyüdü və genişləndi, xırda təsərrüfatlar isə gəlirlərini yenə artıra bilmədilər.
Bundan sonra “Aqrolizinq” refrejator sistemi ilə işləyən xırda 3, 4 və 5 tonluq səyyar anbarları Azərbaycana gətirdi və bunu lizinqə vermək istədi. Refrejator belə bir sistemdir ki, o, meyvəni bir il deyil, yalnız 3-5 ay saxlayır.
Fikir belə idi ki, onu əkin sahəsinin yanında qoysunlar. Fermer 20 ton məhsul yığsa, onun yarısını satsın, yarısını da orada yerləşdirsin. Bu, pilot layihə kimi şimal bölgəsində tətbiq edildi, amma sistem kimi işləmədi, çünki satış qiymətilə bağlı razılıq olmadı.
Belə ki, fermer refrejator almaq üçün banklardan kredit götürməli idi, banklar isə daşınmaz əmlak girovu tələb edirdilər. Refrejatorların fermerlərə çox uzunmüddətli, sərfəli qiymətlərlə verilməsi lazım idi. Amma qiymətlər tutuma görə 19 min manatdan başlayırdı və 80 min manatadək gedib çıxırdı. Ona görə də pul verib, “Aqrolizinq”dən refrejator alan olmadı.
Sonra soyuducu anbarlar gündəmə gəldi və hələ də bu sahədə Azərbaycanın böyük ehtiyacı var və böyük bazara malikdir.
Çünki artıq elə sahibkarlar formalaşıb ki, heç təsərrüfatı yoxdur, ancaq anbarları icarəyə verməklə və ya mövsümdə məhsulu ucuz alıb, sonra qışda baha satmaqla böyük qazanc götürürlər.
Nümunə olaraq qeyd edək ki, mövsümdə əriyin kiloqramını 60 qəpiyə alan anbar sahibi bəzən 50-60 ton əriyi anbara vurur. Onun saxlanma xərci isə 1.05 manatdan baha olmur. Qış mövsümündə isə həmin əriyi Rusiyada 12 manata satır, beləliklə, 10 dəfə çox gəlir götürür.
Hazırda anbarlarda məhsuldan və kiloqramından asılı olaraq, bir kiloqramın saxlanma xərci aylıq 2-8 qəpik təşkil edir. Bundan başqa, sahibkar anbara qoyduğu məhsulunun 10 faizini icarədara verməklə də məhsulunu soyuducuda saxlaya bilir. Azərbaycanın şimal bölgəsində icarəyə verilən belə soyuducu anbarlar var.
Əsas məsələ Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının keyfiyyətini yüksəltməkdir, çünki yüksək məhsul əldə etmək istəyən sahibkar torpağa verdiyi azot gübrəsindən artıq istifadə edir və bu tərəvəzlərin vaxtından əvvəl xarab olmasına səbəb olur.
Belə məhsullar, ümumiyyətlə, soyuducuda belə qalmır. Meyvələrdə də dozadan artıq dərmanlama və ya vaxtında ziyanvericilərə qarşı tədbirlərin görülməməsi nəticədə məhsulun keyfiyyətini aşağı salır, onları soyuduculara vurmaq olmur.
Məsələn, bu qış Azərbaycan soğan ixracından külli miqdarda vəsait götürə bilərdi, lakin yerli istehsalın çoxunda xəstəlik olduğundan məhsullar satılmadı və fermerin əlində qaldı.
Bununla belə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Hüseynovun Oxu.Az-a verdiyi açıqlamaya görə, Azərbaycanda soyuducu-anbarlara hələ də tələbat var, lakin bu bazar liberallaşıb, yalnız sahibkarlar bu sahədə çalışa bilərlər, yəni dövlətin müdaxiləsi yoxdur.
Kənd Təsərrüfatı Nazirliyi də digər qurumlarla birlikdə yalnız aqrar siyasət vasitəsilə dəstək göstərməklə, soyuducu anbarların tikilməsində maliyyə əlçatanlığının olmasına kömək edə bilər.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, Azərbaycanda kifayət qədər iri tutumlu soyuducu anbarlar yaradılıb. Ölkənin strateji hədəfi kiçik və orta sahibkarlığın inkişafıdırsa, bu fermerlərin problemlərindən biri də məhz məhsulların saxlanılması ilə bağlıdır.
Nəzərə alaq ki, bizdə 10 hektara qədər təsərrüfatı olan fermerlər sayca daha çoxdur. Rəsmi statistikaya əsasən, 1-3 hektar torpaq payı olan fermerlərin sayı isə 1 milyon 300 min nəfərdir.
“Bu insanlara kömək etmək lazımdır. Dünyada bu məsələlər necə həll edilib, soruşsanız, deyə bilərəm ki, dövlət çox böyük güzəştlə saxlanc texnologiyası almağa kömək edir və bunun pulu 15-20 ilə ödənilir. Və ya dövlət özü iqtisadi partnyor kimi bu avadanlığı fermerin istifadəsinə verir və gəlirlərinə şərik olur.
Digər üsullardan biri də budur ki, kredit təşkilatları fermerlərlə tərəfdaş olur və bu texnologiyanın alınmasında maliyyə resursu kimi iştirak edir. Azərbaycan üçün ən münasibi isə düşünürəm ki, refrejator soyuducularıdır”.
N.Nəsirli bildirib ki, fermerlərlə görüş zamanı onlar kiçik həcmli texnikaya ehtiyaclarının daha çox olduğu deyirlər. Əgər 5-10 hektar torpağı varsa, fermerə lazımdır ki, onu mövsümündə yığsın və bir neçə ay saxlasın. Məsələn, məhsul noyabrda yığılırsa, martın sonuna qədər hissə-hissə satmaq üçün saxlama yeri lazımdır.
Yəni azərbaycanlı fermerlərə altı ay saxlama üçün refrejatorlar kifayətdir. Bu avadanlıqlar kiçik ölçülüdür, Azərbaycanda əkin sahələri çox dağınıqdır və bu imkan verəcək ki, avadanlıq səyyar şəkildə bir yerdən başqa yerə daşınsın.
Qeyd edək ki, refrejatorların meyvə, tərəvəz, ət üçün nəzərdə tutulanı da var. Qiymətlərə gəlincə, bu avadanlıqların 15 min manatdan yuxarı olduğu bildirilir.//olke.az